Əsas Səhifə > Cəmiyyət, Manşet > KREML RAMİZ MEHDİYEVİ TƏK QOYUB

KREML RAMİZ MEHDİYEVİ TƏK QOYUB


8-12-2011, 16:45
KREML RAMİZ MEHDİYEVİ TƏK QOYUB

AZƏRBAYCANDA PA RƏHBƏRİ POSTUNDA DƏYİŞİKLİK OLACAQ

DİA.AZ: - 70-dən artıq yaşının olmasına baxmayaraq, hələ də Prezident Administrasiyasına rəhbərlik edən Ramiz Mehdiyevin fövqəlqüdrəti barədə hətta məşhur «Vikiliks» təşkilatının açıqladığı sənədlərdə də ciddi fikirlər yer almışdı. Həmin sənədlərdən aydın olurdu ki, ABŞ-ın Azərbaycandakı səfirliyindən amerika Dövlət Departamentinə ünvanlanan məxfi qrifli sənədlərdə Ramiz Mehdiyev hakimiyyətin əsas fiquru kimi xarakterizə olunur və eyni zamanda o, Rusiyanın bir nömrəli adamı kimi təqdim edilirdi.

Təbii ki, Ramiz Mehdiyevin Rusiyaya bağlılığı kimsədə şübhə doğurmur. Onun yetərncə səlahiyyət sahibi olması da şübhəsizdir. Lakin şübhəli olanı onun əbədi olaraq görəv başında qalması ilə bağlıdır. Hər halda Ramiz Mehdiyev də günlərin birində istefaya getməlidir.

«Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia.az) daxil olan məlumatlardan aydın olur ki, həmin bir gün artıq yetişmək üzərədir. Bu barədə məlumatı verən mötəbər qaynaq idida edir ki, artıq dünənə qədər Mehdiyevin azərbaycanda görəv başında qalmasını təmin edən Rusiya da bu məsələdə rəsmi Bakıya tam sərbəstlik verib və bu dəyişikliyin münasibətlərə hansısa formada təsir etməyəcəyini çatdırıb.

Ekspertlərin fikrinə görə, rəsmi Moskvanın Mehdiyevin arxasından qaçması daha çox onunla əlaqədardır ki, artıq Mehdiyev Rusiya üçün bitmiş bir fikirdir: «Əslində Mehdiyev olmadan da Azərbaycanla Rusiyanın münasibətləri əvvəlki qaydada yürüyə bilər. Artıq həmin mərhələyə yetişilib».

Məlumatlı mənbələr isə bildirir ki, təbii, Ramiz Mehdiyev birdəfəlik olaraq dövlət idarəçilyindən uzaqlaşdırılmayacaq. Xatırladaq ki, bu barədə əvvəlcədən də müəyyən məlumatlar mətbuatda yer almışdı. Məsələn, bildirilirdi ki, Ramiz Mehdiyev binasının inşası hələ başa çatmayan Heydər Əiyev Mərkəzinə rəhbər təyin ediləcək və bu mərkəzə kifayət qədər imkanlar tanınacaq.

Mənbəmiz də bu məlumatı təsdiqləyərək bildirdi ki, həmin mərkəzin binası gələn ilin may ayının 10-da, yəni mərhum prezident Heydər Əliyevin doğumunun 89-cu ildönümündə təhvil veriləcək: «Elə Ramiz Mehdiyev də həmin ərəfədə PA rəhbərliyindən ayrılıb, yeni vəzifəsinin icrasına başlayacaq».

Mehdiyevin yerinə kimin təyin olunacağı barədə sualımızın cavabında isə mənbəmiz bunları söylədi: «Hələ bu barədə danışmaq çox tezdir».


Geri qayıt