Əsas Səhifə > Siyasət, Manşet > MƏMURLAR ARASINDA YENİ RƏQABƏT MÜHİTİ YARANIB

MƏMURLAR ARASINDA YENİ RƏQABƏT MÜHİTİ YARANIB


3-05-2013, 11:46
MƏMURLAR ARASINDA YENİ RƏQABƏT MÜHİTİ YARANIB
VƏZİFƏDƏ QALMAQ İSTƏYƏNLƏR VACİB OLDUQLARINI SÜBUT ETMƏLİDİRLƏR

DİA.AZ: - Hakimiyyət içində bir-birilə rəqabətdə olan qruplaşmalar prezident seçkiləri ərəfəsində yenidən üz-üzə gəliblər. Bu barədə DİA.AZ-a Nazirlər Kabinetindəki mötəbər mənbələrdən ötürülən informasiyada bildirilir ki, qarşıdan gələn prezident seçkilərindən sonraya uduşla çıxa bilmələri üçün bu gün onlar prezidentə daha yaxın olduqlarını sübut etmə yolunda mübarizədədirlər.

Mənbəmiz konkret adlar da çəkib: «Məsələn, bu gün vəzifəsindən alınacağı haqda söhbətlər yayılan Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi general Vaqif Axundovun ciddi cəhdlə özünü sübut etməyə çalışdığı məlumdur. Hətta öz adamlarına da qəti surətdə tapşırıq verib ki, hansısa məmurla bağlı əks fəaliyyətləri olarsa, sərt formada cəzalandırılacaq.

Çünki Vaqif Axundov məhz Milli Təhlükəsizlik və Müdafiə nazirliklərinin rəhbərlərinə qarşı açıq fəaliyyəti ilə mətbuatda diqqətə gəlmişdi. Belə ki, onun konkret olaraq öz əməkdaşlarından birini məhz MTN şefi Eldar Mahmudova işləməkdə suçlayaraq işdən çıxarması faktdır. Bu barədə hazırda qondarma ittihamlarla həbsdə saxlanılan XDMX-nin keçmiş zabiti Asif Lətifovun özü də dəfələrlə KİV-lərə açıqlama verib.

Lakin faktdır ki, prezident iç savaşa meyilli olan məmurlara sərt xəbərdarlığını edib və hansı məmurun bu işdə iştirakının şahidi olacaqsa, onunla bağlı da sərt tədbirlər görəcəyini bildirib. Zamanında prezident belə bir xəbərdarlığını açıq - mətbuat qarşısında da bəyan etmişdi və o dönəmdə təhsil naziri Misir Mərdanovla çəkişmədə olan əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev vəzifəsindən alındı.

İndi də eyni aqibəti yaşamaq istəmədiyindən hər bir məmurun tədbirli olması lazımdır. Və buna paralel olaraq hər bir məmur prezidentə daha yaxın və daha faydalı olduğunu sübuta yetirə bilməsi üçün əməlli-başlı rəqabətə girib».

Mənbəmiz əlavə etdi ki, yaxın günlərdə çox nüfuzlu iqtidar adamlarından birinin prezidentə yaxın olma yönündə çabası - özfəaliyyəti ilə bağlı ilginc faktları diqqətimizə çatdıracağını da bildirdi.

Bizi izləməkdə davam edin…

Geri qayıt