Əsas Səhifə > Partiya > AXCP FUNKSİONERİ İZAH EDİR
AXCP FUNKSİONERİ İZAH EDİR8-12-2011, 15:18 |
“AZƏRBAYCAN GƏLƏN İLDƏN DAHA EFFEKTİV ŞƏKİLDƏ İŞ QURA BİLƏR” Artıq 5-ci ildir ki, Azərbaycanın təkidi ilə BMT Baş Assambleyasının gündəliyinə salınmış "İşğal olunmuş Azərbaycan ərazilərində vəziyyət" adlı qətnamə layihəsinin səsverməsi elə Azərbaycanın öz təşəbbüsü ilə qeyri-müəyyən müddətə təxirə salınıb. Səsvermə dekabrın 12-də keçirilməli idi. AXCP sədrinin xarici əlaqələr üzrə müavini Razi Nurullayev bu məsələyə münasibət bildirib: BMT Baş Assambleyasının gündəliyinə salınmış "İşğal olunmuş Azərbaycan ərazilərində vəziyyət" adlı qətnamə layihəsinin səsverməsi Azərbaycanın öz təşəbbüsü ilə qeyri-müəyyən müddətə təxirə salınmasını bir neçə faktorla izah edə bilərəm. 1-cisi Azərbaycanın siyasi və humanitar həyatında gələn ilin yanvarın birindən yeni dövr başlayır. Bu dövr BMT-nin Təhlükəsizlik Şurasına Qeyri-daimi üzv seçilməsi ilə bağlıdır. Azərbaycan 5-ci ildir ki, bu qətnaməni keçirə bilmir. İndi də heç bir əsas yoxdur ki, Azərbaycan üzvlük üçün onu dəstəkləmiş 150 ölkənin səsini ala bilsin. Ola bilər ki, bu il üçün Azərbaycan ona etimad göstərmiş dövlətlərdən ikinci dəfə xahiş etmək iqtidarında deyil. 2-cisi Azərbaycan gələn ildən TŞ-nın bütün toplantılarında iştirak edəcək və üzv dövlətlərlə lobbiçilik fəaliyyəti aparmağa çalışacaq. Aparılan işin nəticəsindən və reallıqlardan asılı olaraq gələn ildən daha effektiv şəkildə iş qura bilər. 3-cüsü isə Azərbaycanın BMT-nin Baş Assambleyasının gündəliyinə bu məsələni salması, həmişə həmsədr dövlətlər olan ABŞ, Rusiya və Fransanın ciddi narazılığı ilə qarşılaşıb. Artıq gələn ildən ölkəmiz onlarla birlikdə işləməli olacaq. Bu baxımdan birgə işdən iki-üç həftə öncə onları qıcıqlandırmaq istəmir. 4-cüsü, ola bilər ki, həmsədr dövlətlər və Türkiyə də Azərbaycandan sənədini geri götürməyi xahiş edib. Əlavə olaraq, ola bilsin ki, BMT-nin TŞ-na qeyri-daimi üzv olması üçün səsvermədə iştirak edən bir sıra dövlətlər Azərbaycana şərtlə səs verib. Bu şərt də 5 ildir ki, gündəliyə salınan qətnamə layihəsini təzədən gündəliyə salmamaq olub. Türkiyənin Azərbaycandan bu xahişi etməsi isə onunla izah oluna bilər ki, o da bir sıra dövlətlərdən Azərabycanın namizədliyini dəstəkləmək üçün fərdi olaraq xahişlər edib. Ola bilsin ki, bəzi dövlətlər müəyyən şərtlər çərçivəsində Azərbaycanı dəstəkləyiblər. Geri qayıt |