Əsas Səhifə > Partiya > “SİZİN TƏLƏB İRƏLİ SÜRMƏK HAQQINIZ VARMI?”
“SİZİN TƏLƏB İRƏLİ SÜRMƏK HAQQINIZ VARMI?”5-12-2011, 18:33 |
MÜBARİZ QURBANLIDAN MÜXALİFƏTƏ QƏRİBƏ İSMARIC Hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Mübariz Qurbanlı müxalif İctimai Palatanın 3 dekabr sessiyasında qəbul olunan bəyanata münasibət bildirib. Dekabrın 5-də “Media forum” saytına açıqlamasında Mübariz Qurbanlı deyib: “İctimai Palata adlanan qurumun hansısa “Yol xəritəsi” rəsmi şəkildə hakim partiyaya daxil olmayıb. Rəsmi formada almadığımıza görə rəsmi formada da cavab verməmişik. İctimai Palata adlanan qurumun yaydığı və mətbuatdan tanış olduğum “Yol xəritəsi” adlı tezislər Azərbaycanın mövcud reallıqlarını özündə əks etdirməyən və başdan-ayağa söz yığnağından ibarət olan yazıdır. İctimai Palata adlanan qurumun iddia etdiyi və son iclasda səsləndirilən, mətbuat vasitəsilə yayılan fikirlərlə razı deyiləm”. Mübariz Qurbanlı hesab edir ki, Azərbaycanda vətəndaş həmrəyliyi, vətəndaş sülhü mövcuddur və siyasi motivlərlə həbs olunan yoxdur: “Müxtəlif cinayət əməllərinə görə həbs olunanlar var. Onların barəsində məhkəmə qərarları mövcuddur. Əgər kimsə məhkəmə qərarından narazıdırsa, yuxarı məhkəmə instansiyalarına müraciət edə bilər. İctimai Palata adlanan qurum iddia edir ki, guya vətəndaşların əmlakının qanunsuz formada əllərindən alınması halları var. Bu da əsassız və yersizdir. Hazırda ölkədə böyük quruculuq və abadlıq işləri həyata keçirilir, Bakının siması dəyişir, aparılan quruculuq və abadlıq işlərinə müvafiq olaraq vətəndaşların razılığı ilə müxtəlif yerlərdə söküntü işləri aparılır. Bunlar tam olaraq qanun əsasında reallaşdırılır”. YAP icra katibinin müavini bildirib ki, İctimai Palata ölkədə həyata keçirilən abadlıq, quruculuq işlərindən, müsbət proseslərdən, hakimiyyətin gördüyü yaxşı işlərdən danışmaq əvəzinə xırda məsələləri şişirdir. Onun fikrincə, İctimai Palata heç bir qüvvəni təmsil etmir, bu qurumun arxasında xalqın dəstəyi yoxdur: “Ora yığılan insanlar müxtəlif siyasi partiyaların uğursuz nümayəndələridir. Siyasətin uğursuz nümayəndələrinin yığnağı adından hakimiyyətə, hökumətə tələb irəli sürmək özü cəfəngiyyatdan başqa bir şey deyil. Nə tələb edirlər? Kimdir bu tələb edənlər? Onların tələb etməyə haqqı, siyasi haqqı varmı? Seçkilərdə uğursuzluğa düçar olan, heç bir siyasi prosesdə bu və ya digər formada uğur əldə etməyən, xalq tərəfindən dəstəklənməyən, siyasi iqtidarda olduqları dövrlərdə buraxdıqları səhvlərə görə xalqın hakimiyyətdən qovduğu, dünyadakı siyasi prosesləri də kifayət qədər təhlil etmək qabiliyyətində olmayan bu insanların təşkil etdiyi bir qrup hansısa böyük iddialarla çıxış edir, hakimiyyətə tələblər irəli sürür və sair. Sizin tələb irəli sürmək haqqınız varmı? Tələb irəli sürməyiniz imkanlarınıza uyğun gəlirmi? Gəlmir. Ona görə də onların bu iddialarının arxasında nə xalqın marağı dayanır, nə dövlətin marağı durur. Onların bu iddialarının arxasında yalnız və yalnız özlərinin konyunktura maraqları və Azərbaycanı istəməyən dairələrin mövqeləri ilə çulğaşan maraqlar dayanır. Ona görə də bunlara cavab vermək, vaxt itirmək, enerji sərv etmək lazım deyil. Toplaşırlar, danışırlar, hansısa fikirlər ortaya qoyurlar. Həmin fikirləri təhlil edəndə məlum olur ki, içində heç nə yoxdur, qərəzdir, böhtandır. Nə vaxt bir ideya ortaya qoymaq istəyirlərsə, hakimiyyət həmin ideyaları ya həyata keçirib qurtarmış olur, ya da həyata keçirir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət milli maraqlara cavab verdiyinə görə xalq tərəfindən dəstəklənir. Ona görə də İctimai Palatanın “Yol xəritəsi”, tələbləri, ultimativ tələbləri mənasızdır”. İctimai Palatanın 3 dekabr sessiyasında qəbul olunan bəyanatda Azərbaycan hakimiyyətindən ölkədə ciddi siyasi və iqtisadi islahatlar aparılması üçün konkret əməli fəaliyyətə keçməsi, İctimai Palatanın “Yol xəritəsi”ndə irəli sürdüyü islahatlar və dialoq təkliflərinə münasibət bildirməsi, İctimai Palatanın siyasi motivlərlə və saxta ittihamlarla mühakimə edilərək həbs edilmiş və “Amnesty İnternational” tərəfindən vicdan məhbusu elan edilmiş üzvləri və digər fəalların qeyd-şərtsiz azad olunması, hakimiyyət tərəfindən həyata keçirilən təqib və təzyiqlərə, vətəndaşların mülkiyyətinin talanmasına son qoyulması, azad fikirli ziyalılara qarşı son zamanlar hakimiyyətin yüksək dairələrində planlaşdırılaraq həyata keçirilən, ölkədə milli birliyə böyük zərbə olan təzyiqlərə və anti-təbliğata son qoyulması, vətəndaşların təhlükəsizliyinin təmin olunması üçün bütün zəruri tədbirlərin görülməsi tələb olunur. İctimai Palata habelə bəyan edir ki, ölkədə real siyasi-iqtisadi islahatlar başlanmasa, gün-gündən ağırlaşan ictimai-siyasi və sosial-iqtisadi durum səbəbindən istənilən anda cəmiyyətdə baş verə biləcək sosial kataklizmlər və vətəndaş qarşıdurmalarına görə bütün məsuliyyət prezident İlham Əliyevin və onun siyasi komandasının üzərinə düşəcək. Geri qayıt |