Əsas Səhifə > Gündəm, Manşet > BAYILDA UŞAQLARIN HƏYATI ALVERÇİLƏRƏ TAPŞIRILIB

BAYILDA UŞAQLARIN HƏYATI ALVERÇİLƏRƏ TAPŞIRILIB


19-04-2013, 10:20
BAYILDA UŞAQLARIN HƏYATI ALVERÇİLƏRƏ TAPŞIRILIB
15 SAYLI POLİKLİNİKADA XƏSTƏLƏRDƏN AÇIQ-AŞKAR RÜŞVƏT TƏLƏB OLUNUR

DİA.AZ: - Redaksiyamıza səhiyyə sistemində hökm sürən özbaşınalıqlarla bağlı ilginc bir şikayət məktubu daxil olub. DİA.AZ-ın elektron ünvanına göndərilən müraciətin müəllifi bir qrup Bayıl sakinidir və onlar Bakının mərkəzi rayonu hesab olunan Səbail rayonunun Bayıl qəsəbəsində yerləşən 15 saylı uşaq poliklinikasında açılan bazardan şikayətçidirlər.

Redaksiyamıza daxil olan müraciətdə deyilir: «Hörmətli redaksiya. Biz dəfələrlə ayrı-ayrı dövlət qurumlarına, həmçinin səhiyyə nazirliyinin «qaynar xətti»nə şikayət ünvanlamışıq. Amma səsimizi eşidən olmayıb. Hətta şikayətçi olduğumuz uşaq poliklinikasının həkimləri «nazirliyə şikayət edirsiniz, gedin edin, onlar kimdir? Pul tələb edəndə yaxşı olur?» deyə narazılıqlarımızın səmərəsiz olacağını rəsmən üzümüzə deyirlər».

Bayıl sakinlərinin bildirdiyinə görə, uşaq poliklinikası olmasına baxmayaraq, 15 saylı bu müəssisədə böyükləri rəsmən talayırlar: «Burada hər şeyin rəsmi qiyməti var. Elə bil bazar açıblar. Ya da restorandır. Restoran menyusunda olduğu kimi, hər bir xidmətin qarşılığında tələb olunan qiyməti yazıb onların gözündə müştəri olan xəstəyə təqdim edirlər. Halbuki bu tibb müəssisəsi dövlətindir və burada xidmət pulsuz olmalıdır».

Onu da bildirək ki, şikayətçilər 15 saylı uşaq poliklinikasında «müştərilərə» təqdim edilən «menyunun» surətini də redaksiyamıza təqdim ediblər. Biz də həmin qiymətləri diqqətinizə çatdırırıq:

Rentgen - 6 manat;
Qan analizi - 4 manat;
Sidik analizi - 4 manat;
Digər analizlərin hər biri -4 manat;
Fizioterapiya minimum 10 günlük kurs - 40 manat;
Həkimə müraciət - 5 manat;
Peyvənd - 2 manat;
Diaqnoz oxuma - 3 manat…

Onu da bildirək ki, digər qiymətlər də bu şəkildə davam edir. DİA.AZ-a yazan sakinlərin sözlərinə görə, onlar dəfələrlə şikayət ediblər və hətta həkimlərin özlərinə də narazılıqlarını bildiriblər: «Amma xeyri yoxdur. Hətta şikayətçi düşən valideyn öz körpə uşağını onların yanına gətirəndə, bir-birilərinə həmin valideyn haqqında aşağılayıcı ifadələr də işlədirlər. Yəni pul verməyənlərə öz aləmlərində «ictimai qınaq» təşkil edirlər ki, hər kəs məcbur olub, abırına qısılıb pul versin».

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq…

Geri qayıt