Əsas Səhifə > Güney Press, Üçüncü sektor > “AÇIQ HÖKUMƏT”LƏ BAĞLI MONİTORİNQ APARILIR
“AÇIQ HÖKUMƏT”LƏ BAĞLI MONİTORİNQ APARILIR18-04-2013, 11:04 |
DİA.AZ: - İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Yerli icra hakimiyyətlərində Açıq Hökumətin təşviqi ilə bağlı İctimai Müzakirələrin təşkili” layihəsinin icrasına başlayıb. Bu barədə DİA.AZ-a İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin Mətbuat Xidmətindən məlumat verilib. Layihənin icrası ilə bağlı təşkilatın sədri Rəfail Becanov bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə “Açıq Hökumətin təşviqi”nə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planının təsdiq edilməsindən 8 ay vaxt keçir. Milli Fəaliyyət Planının təsdiqi göstərir ki, dövlət bu məsələdə maraqlıdır və bütün qurumlar da bu sərəncamdan irəli gələn vəzifələri yerinə yetirməlidir. Milli Fəaliyyət Planında çox ciddi məsələlər nəzərdə tutulub. Onlardan bir çoxunu vaxt itirmədən həyata keçirmək mümkündür. Məsələn, əhaliyə xidmət göstərən dövlət orqanları tərəfindən Vətəndaş Cəmiyyəti İnstitutları (VCİ) ilə əməkdaşlığın təkmilləşdirilməsi üçün müvafiq şuraların və ya əməkdaşlıq şəbəkələrinin yaradılması, ictimai iştirakçılığı genişləndirmək üçün internet səhifələrindən istifadə edilməsi (vətəndaşların təklif və rəylərinin daha tez qəbul edilməsi, müzakirələr, interaktiv sual-cavab və s., “açıq qapı” vətəndaş forumlarının təşkili) kimi mühüm vəzifələrin icrasında yerli icra halkimiyyətlərinin də vəzifələri vardır: “Bizim də məqsədimiz bu planın təbliği, ötən dövrdə Milli Fəaliyyət Planı ilə bağlı icra hakimiyyətlərində görülən işlərin monitorinqidir. Təbliğat aparılması üçün sosial şəbəkələrin də imkanlarından istifadə ediləcəkdir. Bunun üçün layihə çərçivəsində “Facebook” sosial şəbəkəsində “Açıq Hökumət” qrupu yaradılıb və orada açıq hökumətlə bağlı sənədlər yerləşdirilib. Açıq Hökumətin fəlsəfəsi, onu imzalayan ölkələrin öhdəlikləri haqqında məlumatlar verilib. Eləcə də Prezidentin “Açıq Hökumətin təşviqi”nə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı haqqında imzaladığı sərəncamın tam mətni yerləşdirilib ki, hər kəs bu sərəncamla tanış ola bilsin. Növbəti addım monitorinq olacaq və araşıdırlacaq ki, yerlərdə bu ayrı-ayrı idarə və müəsissələr Milli Fəaliyyət Planından irəli gələn vəzifələri necə yerinə yetirir”. Layihə Bakının Yasamal, Nərimanov, habelə Abşeron rayon və Sumqayıt şəhərlərində həyata keçiriləcək. Layihədə yerli icra hakimiyyətlərində “açıq hökumət”lə bağlı görülən işlər, şəffaflıq, vətəndaşlarla işləmək imkanları araşdırılacaq. Geri qayıt |