Əsas Səhifə > Siyasət, Manşet > HİKMƏT MƏMMƏDOV İŞ ADAMLARINA QƏNİM KƏSİLİB

HİKMƏT MƏMMƏDOV İŞ ADAMLARINA QƏNİM KƏSİLİB


17-04-2013, 09:20
HİKMƏT MƏMMƏDOV İŞ ADAMLARINA QƏNİM KƏSİLİB
ASTARA GÖMRÜYÜNDƏ MALI İLİŞİB QALAN SAHİBKAR PREZİDENTƏ ÜZ TUTDU

DİA.AZ: - İş adamı Nisbət Fərhadovanın İrandan gətirmək istədiyi 20 maşın tikinti materialları gömrükçülərin qanunsuz pul tələb etməsi səbəbindən Azərbaycana buraxılmır. Xanım sahibkar materialların ölkəyə buraxılması üçün üzləşdiyi problemlərlə bağlı isə ölkə prezidentinə müraciət edərək, ondan kömək istəyir.

Bu barədə DİA.AZ-a “Akşin” MMC-nin rəhbəri Nisbət Fərhadova tərəfindən daxil olan şikayət məktubunda bildirilir ki, uzun müddətdir xaricdən ölkəyə tikinti materialları – keramik, qranit və mərmər idxalı ilə məşğuldur: “İranda fəaliyyət göstərən “Vecdi Treving” şirkəti ilə müqavilə bağlayaraq, onlardan yuxarıda adlarını qeyd etdiyim məhsulları sifariş edib ölkəyə gətiririk. Ancaq yenə də Astara gömrüyündə ciddi qanunsuzluqla üzləşmişəm. Astara mənim İrandan Azərbaycana gətirdiyim tikinti materiallarını Azərbaycana buraxmır. Səbəb isə gömrüktdə tələb olunan rüşvəti verə bilməməyimdir».

Xanım sahibkar əvvəllər 16 yük maşınında, hərəsində 28 ton yük olmaqla ölkəyə qranit, mərmər, keramika gətirdiyini xatırladıb və əlavə edib ki, bu zaman hər bir maşın yük üçün rəsmi dövlət rüsumu 2400 manat olmasına rəğmən, ondan 6-7 min manat da artıq “haqq” alınıb: «Birtəhər tələb olunan bu qanunsuz məbləği düzəldib verirdik. Sonuncu dəfə 25 fevral 2013-cü ildə ölkəyə tikinti malları gətirmək üçün “Vecdi Treving” şirkəti ilə müqavilə bağladıq və ölkəyə onları gətirmək üçün sifariş verdik. Amma bu dəfə gömrükdə hər maşın üçün bizdən 12 min manat pul tələb etdilər. Dedilər ki, qiymət artırılıb, istəyirsiniz, bu qədər verin keçirək, istəmirsiniz malınız qalsın burda, ya da qaytarın geri. Biz artıq İrandakı şirkətə sifariş vermişdik deyə, onlar yükü göndərməkdə davam etdilər. Hazırda Astara gömrüyündə bizim 20 maşın yükümüz yığılıb qalıb. Ümumilikdə məndən həmin malları buraxmaq üçün 250 min manat pul tələb edirlər. Mən həmin malları ölkəyə gətirib satsam, heç tələb olunan məbləğin yarısı qədər qazanc əldə edə bilmirəm. Üst-üstə 6500 kvadratmetr keramik-qrant, 6500 kvadratmetr mərmər, 7000 kvadrat metr isə travertin adlı tikinti materialımız gömrükdə qalmaqdadır».

Ölkə prezidenti İlham Əliyevə üz tutan Nisbət Fərhadova qeyd edir ki, gömrükçülərin qanunsuzluğu səbəbindən böyük zərərlə qarşılaşıb: «Maşını buraxmadıqları üçün hər günə bir maşın üçün 100 manat zərərə düşdüyümü hesablasaq, nələrlə üzləşdiyimi görmək çətin deyildir. Ancaq bunun gömrükçülər üçün heç bir əhəmiyyəti yoxdur. Cənab Prezident! Bu ölkədə qadınların da kişilərlə bərabər hüququ vardır. Amma heç vaxt düşünməzdim ki, Azərbaycan qadınına, öz də ölkəmizə xeyir vermək istəyən bir sahibkara qarşı belə amansız davranarlar. Siz sahibkarların problemin həll olunması məqsədiylə 12 fevralda müşavirə keçirərək məmurlara bir daha tapşırdınız ki, sahibkarları incitməsinlər, onlara kömək etsinlər. Lakin yerlərdə bir çox məmurlar və onların əl-altıları sizin tapşırığınıza məhəl qoymur. Üzləşdiyim problemin həlli məqsədiylə nümayəndələrim Sizin sərəncamınızla fəaliyyətə başlamış «ASAN xidmət» mərkəzində də olublar. Orada 3-cü mərtəbədə oturan gömrük əməkdaşı açıq şəkildə, özü də gülə-güdə deyib ki, bu məsələlər onlarlıq deyil. Üstəlik, orada dəqiqləşib ki, bizdən hələ dövlət rüsumu da artıq tələb olunurmuş. Ona görə də, Sizdən savayı kimsəyə güvənimiz qalmadı. Sizə müraciət edərək, bizə köməklik etməyinizi xahiş edirəm. Xahiş edirəm, mənə köməklik göstərəsiniz».

DİA.AZ bildirir ki, sahibkarın problem yaşadığı Astara gömrüyünün rəisi Hikmət Məmmədovdur. Bu barədə danışan mənbənin sözləri: «Hikmət Məmmədov gömrük-keçid məntəqələri arasında ən nüfuzlu rəislərdən sayılır. “Rokfeller” ləqəbli Hikmət Məmmədov bir zamanlar Yevlax, Xaçmaz gömrüyündə də rəis işləyib. Və bu gün DGK rəhbəri postuna tamahlanan Hikmət Məmmədov Astara gömrüyündə əməlli-başlı “bespredel” yaradıb».

Geri qayıt