Əsas Səhifə > Siyasət, Manşet > «AĞRIDAĞ» YENİDƏN QAYIDIR
«AĞRIDAĞ» YENİDƏN QAYIDIR5-12-2011, 12:29 |
ƏLİ İNSANOVUN TƏRƏFDARLARI TOPARLANMA QƏRARI VERDİ DİA.AZ: - Son zamanlar siyasi müstəvidə bir yenilənmə ab-havası yaşanır. Əslində, buraya daha çox köhnələrin dönüşü ilə bağlı prosesləri şamil etmək olar. Yəni köhnələrin qayıdış qərarı siyasi mənzərədə bir yeni atmosfer formalaşdırmış olur. İlk dönüş qərarlarından birini verən keçmiş baş nazir Surət Hüseynovun olduğu bildirilir və onun artıq Gəncədə Böyük Dönüş Toplantısı düzənlədiyi də söylənilir. Surət Hüseynovla yanaşı, keçmiş prezident Ayaz Mütəllibovun da Bakıya qayıdışına az qalıb. Bildirək ki, artıq bu barədə Milli Məclis tərəfindən müvafiq hüquqi baza yaradılıb. Bu günlərdə hakim komandaya aid bəzi sabiqlərin də dönmə qərarı verdiyi məlum oldu. Məsələn aydın oldu ki, Tacikistanda diplomatik missiyasını başa vurmuş keçmiş polis rəisi Məhərrəm Əliyev yenidən YAP-ın sıralarına qayıtma qərarı verib. Əslində bununla Bakı şəhər Baş Polis İdarəsinin sabiq rəisi hansı siyasi mövqe tutacağını da diqqətlərə çatdırmış oldu. Yəni dünənə qədər bəzi media orqanlarında «Məhərrəm Əliyev müxalifətə keçir» şəklində yer alan məlumatlar bununla təkzib edilməklə yanaşı, həm də Məhərrəm Əliyev bu gedişi ilə siyasi fəallaşmada maraqlı olduğunu nəzərlərə çarpdırdı. Eyni zamanda keçmiş polis rəisi Bakıda qalmaq niyyətinin olduğunu da lazımi ünvanlara siqnal şəklində yollamış oldu. Məhərrəm Əliyevlə yanaşı, hazırda həbsxana həyatı yaşayan və bu günlərdə sağlıq durumunda problemlərin yaranması ilə bağlı məlumatı yayılan keçmiş səhiyyə naziri Əli İnsanovun da aktivləşmə qərarı verildiyi haqda redaksiyamıza məlumatlar daxil olub. Bu barədə «Dünya» İnformasiya Agentliyinə (dia-az.site) ötürülən məlumatlarda qeyd olunur ki, Əli İnsanov azadlıqda olan yaxın çevrəsinə fəallaşma əmri verib: «Həmin qüvvələrin kimliyi cəmiyyət üçün aydındır. Bir müddət əvvəl onlar toplandılar. Aralarında çox samballı iş adamları da var. Və müəyyən aradan sonra Əi İnsanovun təlimatları ilə yenidən bir araya gəliblər». Mənbəmiz bildirir ki, keçən həftənin bazar günü bir qrup Qərbi Azərbaycan bölgəsi mənsubu hazırda Daşkəsən rayonuna rəhbərlik edən keçmiş millət vəkili Əhəd Abıyevə məxsus olduğu söylənilən «Görüş» restoranında məclis təşkil ediblər. Həmin məclisdə 2 iş adamının və 4 ziyalının iştirak etdiyini bildirən mənbəmizə görə, məclisdə Əli İnsanovun tapşırıqları müzakairə olunub: «Qərara alınıb ki, hələlik onların marağını xəfif formada müdafiə edən bir həftəlik qəzet təsis edilsin. Eyni zamanda elektron KİV-lə bağlı da müəyyən addımların atılması qərara alınıb». Mənbə bildirir ki, konkret siyasi təşkilatın yaradılmsı yönündə də müzakirələr aparılıb: «Ola bilsin, «Ağrıdağ» yenidən fəaliyyətini bərpa etsin. Və yaxud da bir başqa təşkilat yaradılsın. Hələlik qəti qərar verilməyib. Amma fəallaşma qərarı qətidir». Mövzu diqqətimizdədir. Bizi izləyin… Geri qayıt |