Əsas Səhifə > Güney Press / Manşet > ƏLİ İNSANOVUN KADRI İLƏ KİMSƏ BACARMIR
ƏLİ İNSANOVUN KADRI İLƏ KİMSƏ BACARMIR15-04-2013, 15:42 |
|
DİA.AZ: - Azərbaycanda sayı onlarla olan cüzamlı xəstələrə lazımi qayğının göstərilməməsi barədə ölkə mətbuatında dəfələrlə müxtəlif yazılar dərc olunub. Respublika Cüzəm Xəstəxanasında xəstələrə göstərilən laqeyd münasibətdən, onların az qala insan yerinə qoyulmamasından bəhs edən bu yazıların müəllifləri müxtəlif olsa da, bütün materiallarda diqqət mərkəzinə çəkilən əsas məqam baş həkim Vidadi Əliyevin qeyri-peşəkarlığı və xəstələrə qarşı nümayiş etdirdiyi aqressiv münasibəti olub. Bununla belə nə Səhiyyə Nazirliyi, nə də xəstəxananın rəhbərliyi bu yazılarda irəli sürülən ittihamların heç birinə reaksiya verməyiblər. Bir neçə il bundan əvvəl Respublika Cüzəm Xəstəxanasının baş həkimi Vidadi Əliyevin nəhayət ki, vəzifədən kənarlaşdırılacağı barədə xəbərlər yayılmışdı. Dərc olunan məlumatlara görə, artıq xəstəxanada gərginlik elə bir həddə çatmışdı ki, Vidadi Əliyevə himayədarlıq edən nazir müavinlərindən biri onu bu posta saxlaya bilmirdi. Hətta belə bir xəbər də yayılmışdı ki, aylarla xəstəxanadan və xəstələrdən xəbərsiz olan, başı öz biznesinə qarışan baş həkim gözlənilmədən xəstəxanaya gələrək təhvil-təslim üçün sənədləri qaydaya salmağa başlayıb. Məlumata görə, xəstələr hadisədən bir müddət əvvəl onun əməlləri, xəstəxanadakı vəziyyətlə bağlı ölkə rəhbərliyinə müraciət etmişdilər. Qeyd edək ki, bu xəstəxana ilə bağlı DİA.AZ-a bir qrup şəxs adından müraciət də daxil olub. Müraciət müəlliflərinin redaksiyamıza bildirdiyinə görə, sözügedən xəstəxanada ciddi maliyyə yeyintisi həyata keçirilir: “Bu yeyintilər zamanında səhiyyə nazirliyinin də diqqətini çəkib. Amma nədənsə heç bir tədbir görülmədi. Vidadi Əliyev yenə də öz vəzifəsində qaldı. Respublika Cüzəm Xəstəxanasında baş verən hadisələr də öz əvvəlki axarına düşdü. Cüzəmli xəstələrin yeganə pənah yeri olan bu tibb müəssisəsində isə vəziyyət olduqca pisdir və hər ötən gün xəstələrin halı daha da pisləşir”. Bu barədə DİA.AZ-a məlumat ötürən xəstələr durumu belə təsvir edirlər: “Vəziyyətimiz çox pisdir, bu vəziyyət bir az da davam etsə, hamımızı ölüm gözləyir. Son vaxtlar isə ümumiyyətlə nə bir iynə vururlar, nə də bir dərman verilir. Xəstəxanadatəxminən 20-25 nəfər xəstə var. Çoxu ölümcül vəziyyətdə və ya şikəstdir. Baş həkimin diqqətsizliyi, biganəliyi bizi bu günə salıb. Həkimlərin əksəriyyəti bizi adam yerinə qoymurlar, bizə baxmırlar. Əlbəttə, biz mübtəla olduğumuz bu dəhşətli mərəz səbəbindən cəmiyyətdən təcrid olunduğumuzu başa düşürük və bu reallığı qəbul etmək zorundayıq. Amma, axı biz də bu dövlətin vətəndaşlarıyıq. Bizim də ölkə qanunları ilə təmin edilməli olan hüquqlarımız var. Hansı əsasla Vidadi Əliyev bizi qeyri-insani rəftara, baxımsızlığa və çarəsizliyə məhkum edib?” Onu da bildirək ki, Cüzəm Xəstəxanasının baş həkimi Vidadi Əliyev əslində sabiq Səhiyyə naziri Əli İnsanovun kadrlarındandır. Lakin keçmiş nazirin həbsindən sonra baş həkim Səhiyyə nazirinin müavini Elsevər Ağayevin timsalında özünə yeni himayədar tapa bilib. Qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |