Əsas Səhifə > Cəmiyyət, Manşet > AĞDAM MUSİQİ KOLLECİNİN BAŞQA BİR “İSTEDADI”...

AĞDAM MUSİQİ KOLLECİNİN BAŞQA BİR “İSTEDADI”...


15-04-2013, 13:58
AĞDAM MUSİQİ KOLLECİNİN BAŞQA BİR “İSTEDADI”...
DİA.AZ: - Redaksiyamıza Ağdam Musiqi Kollecilə bağlı ilginc məlumatlar daxil olub. Rayondakı qaynağın DİA.AZ-a verdiyi informasiyaya görə, kollecdə əsasən 10 və 11-ci sinif şagirdləri təhsil almalıdırlar: “Amma kənar rayonlarda yaşayan ağdamlılar və digər rayonların sakinləri isə bu qədər yolu qət eləmək əvəzinə, direktorla anlaşmaya getməli olublar”.

Məlumatda deyilir ki, Musiqi Kollecinin direktoru Laura Ağayeva valideynlərlə anlaşaraq, uşaqlarının dərsə gəlməməsi müqabilində ayda 130 manat pul alır. Bu pulun müqabilində isə həmin uşaqlar dərsə gəlməsələr belə, yenə də onlara yekunda diplom verilir.

Apardığımız dəqiqləşdirmə nəticəsində məlum olub ki, hal hazırda Ağdam Musiqi Kollecində siyahı üzrə 400 tələbə təhsil alır. Amma onlardan cəmi 100 nəfəri davamlı olaraq dərsə qatılırlar. Kənar rayonlarda yaşayanların dərsə qatılmamasının əsas səbəbi isə Quzanlı qəsəbəsində kirayə haqqı vermək istəməməsidir. Bunun qarşılığında isə direktora pul verməklə vəziyyətdən çıxırlar.

Müəllimlərlə də bağlı vəziyyət yaxşı deyil. DİA.AZ-a daxil olan məlumatlarda deyilir ki, kollecdə 103 müəllimin dərs dediyi ştatda göstərilsə də, onlardan cəmi 20-si dərsə qatılırlar. Dərsə gəlməyən müəllimlərin bəziləri isə ümumiyyətlə, Bakıda yaşayır. Onların əmək haqlarına gəldikdə isə aqibəti Laura Ağayevanın cibinə girməklə bəlli olur.

Məlumatlarda o da vurğulanır ki, Ağdam Musiqi Kollecində pul yığmağın başqa yolları da var. Belə ki, tələbələrin təqaüdləri birbaşa direktora çatır. Bundan başqa, imtahan sessiyası da əsas gəlir mənbəyidir. Çünki Laura Ağayevanın göstərişinə əsasən hər bir tələbə imtahanlardan keçmək üçün 400 manat pul verməlidirlər. Sonuncu kurslarda isə bu rəqəm bir qədər də artıqdır. Diplom almağa gəldikdə isə həmin rəqəm 2000 manata qədər yüksəlir.

Məlumatlarda iddia olunur ki, bütün proses kollecin direktoru Laura Ağayevanın nəzarətində olsa da, pul yığımı kampaniyasına birbaşa onun müavini Rəfael Musayev rəhbərlik edir.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt