Əsas Səhifə > Ölkə > MÜXALİFƏT SİYASİ MƏHBUSA VƏZİFƏ VERDİ
MÜXALİFƏT SİYASİ MƏHBUSA VƏZİFƏ VERDİ3-12-2011, 15:05 |
ƏLİ KƏRİMLİ İSƏ DİNDARLARIN MÜDAFİƏSİNƏ QALXDI İctimai Palatanın (İP) növbəti sessiyası keçirilib. APA-nın məlumatına görə, sessiyanın aparıcısı İP Koordinasiya Şurasının üzvü Hacı İlqar İbrahimoğlu toplantının gündəliyini elan edib. İ. İbrahimoğlu deyib ki, gündəlikdə ictimai-siyasi vəziyyət, palatanın vəzifələri, qurumun Gənclər Komitəsinin yaradılması və cari məsələlər var. İ. İbrahimoğlu bildirib ki, İP Koordinasiya Şurası qurumun Gənclər Komitəsinin 9 nəfərdən ibarət formalaşması və sədr vəzifəsinin 6 aylıq növbəlilik qaydasında icra olunmasını təklif edib. Şura sədr vəzifəsinə hazırda həbsdə olan Müsavat Partiyası Gənclər Komitəsinin sədri Tural Abbaslının namizədliyini irəli sürüb. Sonra AXCP sədri Əli Kərimli çıxış edib. O, ölkədə kommunal xərclərin və nəqliyyatda qiymət artımının əleyhinə olduqlarını söyləyib. Ə. Kərimli “Siyasi partiyalar haqqında” qanuna təklif olunan dəyişikliklərə də etirazını bildirib. AXCP sədri Azərbaycanda dindar şəxslərə qarşı qanunsuz addımlar atıldığını vurğulayıb. İP Koordinasiya Şurasının üzvü, Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı isə qurumun yeni üzvləri və həbsdə olan təşkilat üzvləri üçün yığılan vəsait haqda məlumatı açıqlayıb. İP-nin vəzifələri ilə bağlı qurum üzvü, Milli Məclisin sabiq deputatı Pənah Hüseyn, Müsavat Partiyasının üzvləri Mirfeyzullah Seyidov, Səxavət Əlisoy və AXCP üzvü Xalid Bahadır çıxış edib. Sessiyada 9 partiyanın üzvlərinin təmsilçiliyi ilə İP Gənclər Komitəsinin yaradılmasına dair qərar qəbul edilib və Tural Abbaslı 6 ay müddətinə qurumun sədri seçilib. Müsavat Partiyası Gənclər Təşkilatının üzvü, Tural Abbaslının qardaşı Toğrul Abbaslı isə buna etiraz edib. O bildirib ki, Tural Abbaslının minnət olaraq bu vəzifəyə təyin olunması qəbuledilməzdir və sədr vəzifəsinin icrasının 6 ay müəyyən edilməsi də düzgün deyil. İ. İbrahimoğlu isə bu məsələdə qarşıdurmaya lüzum görmədiyini açıqlayıb. Tərəflər arasında mübahisə yaranıb. Müsavat Partiyasının başqanı İsa Qəmbər mübahisəyə müdaxilə edərək qarşıdurmaya ehtiyac olmadığını söyləyib. Toğrul Abbaslı sessiyanı tərk edib. Sessiyada çıxış edən Müsavat Partiyasının başqanı İsa Qəmbər diqqəti ölkədəki ictimai-siyasi və iqtisadi vəziyyətə yönəldib: “Vəziyyət onu diqtə edir ki, İctimai Palata sərt addımlara başlamalıdır”. Sonda ictimai-siyasi vəziyyətlə bağlı bəyanat qəbul olunub. Geri qayıt |