Əsas Səhifə > Hadisə > TÖVLƏDƏ YAŞAYAN DAHA BİR “KÜR QAÇQINI”
TÖVLƏDƏ YAŞAYAN DAHA BİR “KÜR QAÇQINI”3-12-2011, 14:19 |
TELİŞLİ QƏSƏBƏSİNDƏ APARILAN BƏRPA-TƏMİR İŞLƏRİ YARIMÇIQ QALIB DİA.AZ: - 2010- cu ilin yazında baş verən Kür daşqınlarının vurduğu ziyanın aradan qaldırılması istiqamətində görülən işlər və mövcud vəziyyəti araşdırmaq məqsədilə “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı monitorinqlərini davam etdirir. DİA.AZ-a verilən məlumatda bildirilir ki, daşqın bölgəsində monitorinq aparan Qərargah üzvləri “Kür qaçqınları” üçün salınmış İmişli rayonunun Telişli qəsəbəsinə yenidən səfər ediblər. Xatırladaq ki, bir müddət öncə Qərargah üzvləri sözü gedən qəsəbədə monitorinq aparan zaman yeni tikilmiş evlərlə bağlı xeyli problem aşkar etmişlər. Problemlərin aradan qaldırılması üçün “Kür” Qərargahı Fövqəladə Hallar Nazirliyinə müraciət etmişdir. Müraciətdən sonra FHN mütəxəssəsiləri Telişli qəsəbəsinə səfər edərək qəsəbədə problemlərin aradan qaldırılması istiqamətində işlərə başlamışdılar. Qərargah üzvləri qəsəbəyə səfər müddətində problemlərin aradan qaldırılması istiqamətində görülən işlərlə tanış olublar. Yerli sakinlər bildiriblər ki, həqiqətən yerli icra hakimiyyəti və FHN mütəxəssisləri qəsəbəyə gələrək müəyyən işlər görüblər. Amma sakinlər bildiriblər ki, görülən işlər yetərli deyil və yarımçıq qalıb; “Hələ də bəzi evlərdə damır, divarlarda çatlar qalır. Divara vurulmuş, qopub tökülmüş üzlüklər, eləcə də tavandan düşmüş alçıbanlar hələ də bərpa olunmayıb. Novalçalar olmadığından yağan yağışlar evlərə daxil olur. Pilləkənlərə vurulan üzlük daşlar, metlaxlar sürüşkən olduğundan yağış və ya qar yağan zaman uşaq və qocalar yıxılıb zədələniblər. Müraciətimizə baxmayaraq bu günə qədər pilləkənlərə məhcər, qoltuq qoyulmayıb. Bu da qocaların evə düşüb qalxmasına problem yaradır”. Sakinlər bildirdilər ki, böyük vəsaitlər hesabına, cəmi bir il öncə tikilmiş evlərdə belə problemlər olmamalı idi; “Bütün bunlar onu göstərir ki, görülən işlər keyfiyyətsiz və başdansovdu aparılıb. Qəsəbənin adı qəsəbədir, heç bir şəraiti yoxdur. Bəzi insanlar işsizlikdən və soyuqdan köhnə kənddə qəzalı evlərində yaşayırlar, qəsəbəyə köçmürlər. Halbu ki, bu qəsəbə tikilən zaman dövlət başçısı İlham Əliyev deyirdi ki, Kür Araz daşqınlarından ziyan çəkənlər üçün ən yüksək tələblərə cavab verən, müasir evlər tikiləcək. Təəssüf ki, bu belə olmadı...” “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı Telişli qəsəbəsində olarkən qəsəbədə tövlədə yaşayan daha bir “Kür qaşqını”- nın evinə baş çəkiblər. Ev sahibi Əlixan Mehdiyevin müraciəti ilə onun evinə baxış keçirən Qərargah üzvlərinə “tövlə sahibi” bildirib ki, onun üçün tikilən yeni “müasir” evdə istilik sistemi olmadığından və evi qızdıra bilmədiyindən məcbur olub mal- qara saxlamaq üçün qəsəbədə tikilmiş tövlədə yaşayır; “Havalar soyuyandan bəri donmamaq üçün ailəmlə birlikdə tövləyə köçmüşük. Başqa əlacımız yoxdur, evi qızdıra bimirik, imkanımız- gücümüz çatmır. Heç yerdə işləmirik. Xahiş edirik bizə kömək edin. Səsimizi, sözümüzü aidiyyatı təşkilatlara çatdırın”. Xatırladaq ki, bir müddət öncə Saatlı rayon Nərimankənd kənd sakini İlham Məmmədov da “Kür” Qərargahına və 1 saylı Bakı İnzibatı İqtisad Məhkəməsinə müraciət edərək evi qəzalı vəziyyətdə olduğundan tövlədə yaşadığını bildirib. Qərargah üzvləri İ. Məmmədovun evinə baxış keçirərək evin foto şəkillərini və digər sənədləri məhkəməyə təqdim edib. Məhkəmə də öz növbəsində tövlədə yaşayan zərərçəkənin qəzalı evinə baxış keçirilməsi barədə Saatlı rayon məhkəməsinə tapşırıq göndərib. Xatırladaq ki, İlham Məmmədov Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib, müharibə veteranı, 2- ci qrup əlildir. “Kür” Vətəndaş Cəmiyyəti Qərargahl daşqın bölgəsində monitorinqləri davam etdirir. Yaxın günlərdə monitorinqin gedişi, ilkin nəticələri və Kür Araz daşqınlarının insanların mülkiyyət hüquqlarına təsiri ilə bağlı Hesabat ictimaiyyətə təqdim olunacaq. Geri qayıt |