Əsas Səhifə > Partiya > HƏBSXANA RƏHBƏRLİYİNİN GƏNC FƏALA JESTİ

HƏBSXANA RƏHBƏRLİYİNİN GƏNC FƏALA JESTİ


3-12-2011, 13:42
HƏBSXANA RƏHBƏRLİYİNİN GƏNC FƏALA JESTİ

BƏXTİYAR HACIYEV GÖRÜŞƏ TƏMTƏRAQLA HAZIRLANIR

Gənc siyasi fəal, deputatlığa keçmiş namizəd Bəxtiyar Hacıyev saxlandığı 14 saylı cəzaçəkmə müəssisəsindən Ədliyyə Nazirliyi Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürüləcək. Bu köçürülmə B.Hacıyevin səhhəti ilə əlaqədar deyil və müvəqqəti xarakter daşıyır. Köçürülmə B.Hacıyevin yox, həbsxana rəhbərliyinin təşəbbüsü ilə edilir.

Buna səbəb bu günlərdə Avropa Şurasının İşgəncələr Əleyhinə Komitəsindən Azərbaycana gələcək nümayəndə heyətinin B. Hacıyevlə görüş tələbinin təmin edilməsidir. Həbsxanada təmir işlərilə bağlı belə görüş üçün şəraitin olmadığından həbsxana rəhbərliyi B.Hacıyevin bir müddət müalicə mərkəzində qalmasını nəzərdə tutur. Dekabrın 6-da Ali Məhkəmədə gənc fəalın işi üzrə iclas keçiriləcək. Amma B.Hacıyevin bu iclasda iştirakının təmin olunması hələ sual altındadır.

ABŞ-ın Harvard Universitetinin məzunu olan B.Hacıiev 2010-cu ilin parlament seçkilərində namizədliyini irəli sürüb. 2011-ci il martın 4-də Gəncədə həbs edilib. May ayında Gəncə şəhər Nizami Rayon Məhkəməsi B.Hacıyevi Cinayət Məcəlləsinin 321.1 (qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma) maddəsi ilə təqsirli bilərək 2 il azadlıqdan məhrum edib. Rayon məhkəməsinin qərarının qüvvədə saxlanması haqda Gəncə şəhər Apellyasiya Məhkəməsinin qərarından sonra Qaradağ rayon Qızıldaş qəsəbəsində yerləşən 14 saylı həbsxanaya köçürülüb, 9 aydır ki, orada saxlanır. Bir çox yerli və beynəlxalq hüquq müdafiəçiləri B.Hacıyevin siyasi fəaliyyətinə görə həbs olunduğunu bildiriblər. Amnesty International isə B.Hacıyevi vicdan məhbusu sayıb.


Geri qayıt