Əsas Səhifə > Siyasət, Manşet > SIRA OLİQARX-MƏMURLARA ÇATDI

SIRA OLİQARX-MƏMURLARA ÇATDI


3-12-2011, 13:39
SIRA OLİQARX-MƏMURLARA ÇATDI

«BÜLLUR SARAY»IN İNŞASINA HƏR BİRİ 300 MİN MANAT VERMƏLİ OLDU

DİA.AZ: - Məlum olduğu kimi, dünəndən etibarən «Avroviziya-2012» yarışmasının keçirilməsi nəzərdə tutulan «Büllur Saray»ın təməli atılıb. Bu barədə yayılan məlumatlarda bildirilir ki, artıq ayrı-ayrı dövlət rəsmiləri həqiqətən də beynəlxalq mahnı yarışmasının məhz sözügedən sarayda keçiriləcəyinə, sarayın inşasının vaxtında bitiriləcəyinə tam əmindirlər.

Amma deyəsən, bu əminlik oliqarx-məmurlarımız üçün qanqaraçılığına səbəb olub. Bu barədə «Dünya» İnformasiya Agentliyi redaksiyasını məlumatlandıran mötəbər mənbələrin sözlərindən belə aydın olur ki, xüsusi tapşırığa əsasən, hər bir oliqarx-məmur «Büllur Saray»ın inşasına 300 min maat ayırmalıdır.

Onu da qeyd edək ki, dünənə qədər əsas ağırlıq iş adamlarının və daha çox xırda məmurların çiyinlərinə düşsə də, bu dəfə sıranın oliqarx-məmurlara çatdığı bildirilir. Mənbəmiz onu da vurğuladı ki, artıq hakimiyyətin üst düzəyindən gələn bu tapşırığa tam olaraq əməl olunub.

Onu da xatırladaq ki, Bakıda “Eurovision 2012” Mahnı Müsabiqəsinin keçirilməsi üçün nəzərdə tutulan əsas məkanın - Bakı Büllur Sarayının (Cristal Palace) tikintisi başlanılıb. Artıq tikinti meydançasında torpaq-bərkitmə, betonlama və özül-təməlqoyma mərhələsi başa çatdırılıb. Hazırda Dövlət Bayrağı Meydanı yaxınlığındakı tikinti yerində sarayın üst-görünən hissəsinin inşası həyata keçirilir. Bu mərhələdəki iş isə binanın metal-konstruksiyalarının quraşdırılmasıdır.

Qeyd edək ki, bir neçə gün əvvəl gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında Bakı Büllur Sarayının tikintisinin “Eurovision 2012”-dək uğurla başa çatdırılacağını deyib. Bakıda keçiriləcək və dünyanın böyük musiqi yarışması hesab olunan tədbir gələn ilin may ayının son günlərinə nəzərdə tutulub.

Hazırda həm də ətraf ərazilərin abadlaşdırılması, yol çəkilişi və bəzi binaların sökülməsi işləri də davam etdirilir.


Geri qayıt