Əsas Səhifə > Gündəm, Manşet > ƏBÜLFƏZ QARAYEVİN PULQAZANMA SEZONU BAŞLAYIR

ƏBÜLFƏZ QARAYEVİN PULQAZANMA SEZONU BAŞLAYIR


6-04-2013, 09:41
ƏBÜLFƏZ QARAYEVİN PULQAZANMA SEZONU BAŞLAYIR
BU BAHAÇILIĞIN ALTINDA TURİZM NAZİRLİYİNİN İŞTİRAKI KİFAYƏT QƏDƏRDİR

DİA.AZ: - İrəlidə yay mövsümü yaxınlaşdıqca Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayevin də “sezonu” başlamaqdadır. Hər dəfə olduğu kimi dincəlmək istəyən azərbaycanlıları turizm sahəsindəki qiymətlər heç də onlara "cənnət həzzi" hissi etdirmir. Təbii ki, Əbülfəz Qarayevin manopoliyasında inildəyən turizm sektoru Azərbaycanda istirahətin qiymətini digər ölkələrlə müqayisədə çox yüksəklərə qaldırıb.

Sözsüz ki, turizm naziri yüksək gəlirli ailələr və oliqarxlar üçün seçim imkanlarını əla yaradıb. Bundan külli miqdarda gəlir əldə edən Əbülfəz Qarayev “qaz vurub qazan doldurur”. Ancaq ölkə əhalisinin böyük əksəriyyətinin maddi durumu Azərbaycanın gözəl güşələrinin birində istirahət etməsi turuzim nazirliyinin rəhbər şəxslərini maraqlandırmır.

Ölkədəki istirahət mərkəzlərinin, otellərin getdikcə artan qiyməti əhalinin bu imkanlarını məhdudlaşdırıb. Geridə qoyduğumuz 2011-ci ili Azərbaycan hökuməti "turizm ili" elan etmişdi. Həmin il qiymətlər ucuz olmalı idi ki, "turizm ili" layihəsi gerçəkləşsin. Lakin bu baş vermədi.

DİA.AZ-ın araşdrımalarından aydın olur ki, indi ölkənin regionlarından asılı olaraq bir nəfərin bir günlük dincəlməsi minimum 60-70 manata başa gəlir. Adətən bu qiymətə səhər yeməyi daxil olsa da, nahar və şam yeməyi daxil olmur. Əksər hallarda isə insanlar istirahətə tək deyil, ən azı 2 nəfərlə, yaxud ailəvi getməyə üstünlük verir. Araşdırmalar göstərir ki, bir nəfərin 7 gün ərzində Azərbaycanda dincəlməsi üçün minimum 350-400 manat lazım olur. 2 nəfərdən ibarət ailə isə 1 həftəlik istirahət üçün 700-800 manatdan keçməli olur.

Şübhəsiz ki, qiymətlərin bu dərəcədə yüksək olması Azərbaycana gələn, yaxud gəlmək istəyən turistlərin istiqamətini başqa ölkələrə yönəldir. Yəni, insanlar eyni qiymətə Azərbaycanda dincəlməkdənsə, digər xarici ölkədə istirahətə üstünlük verir. Bu isə son nəticədə ölkəyə gələn turistlərin sayının və müvafiq olaraq turizm sahəsindən daxil olan vəsaitlərin azalmasına səbəb olur. Amma hər il 27 milyondan artıq turist qəbul edən Türkiyədə 1 nəfərin 1 həftəlik dincəlməsi üçün cəmi 400 dollar tələb olunur. Şimali Kipr Türk Cümhuriyyətində isə bu rəqəm 300 avronu keçmir. Təsəvvür edin, Nabranda ötən yay mövsümü istifadəyə verilən "Kaspian Sea" istirahət mərkəzində adi nömrədə bir nəfər üçün bir günlük istirahət 280 manat müəyyənləşdirilib. Lüks şəraitli VİP nömrələrdə isə bu qiymət 1000 manatdan 2 min manata qədər dəyişir. Halbuki Amerikada 1 həftəlik səyahət bizim vətəndaşa gediş-gəliş xərcləri də daxil olmaqla 4-5 min dollardan artıq etmir. Birləşmiş Ərəb Əmirliklərində I həftəlik istirahətin qiyməti 1000 dollardır. Şimali Kiprdə isə belə istirahət təxminən 800 dollara başa gəlir. Türkiyənin Antalya, Bodrum, Quşadası kimi tanınmış turizm bölgələrində istirahət 600-700 dollar civarındadır.

Azərbaycanın rayonlarında - Qax, Zaqatala, Quba, Şəki, İsmayıllı və digər rayonlarında da istirahət ucuz deyil. Bu rayonların əksəriyyətində koteclərin qiyməti 50 manatdan başlayır. Yemək üçün isə əlavə ödəniş etmək lazımdır. Bu turizm rayonlarında kafelərin də qiyməti bahadır. Məsələn, bir şiş kabab Bakıda 3 manatdırsa, turistik zonalarda azı 5 manatdır. Bir çox istirahət mərkəzinin restoranındakı qiymətlər də kəllə-çarxda olur. Məsələn, Bakıdakı mağazalarda 6-7 manata satılan "7 Gö­zəl" adlı Azərbaycan şərabı həmin mərkəzin restoranında müştərilərə 15 manata təklif olunur. Mineral sular, şirələr və digər sərinləşdirici içkilərin də qiyməti şəhərdəki məzənnə ilə müqayisədə çox yüksəkdir.

Qonşu Gürcüstan da azərbaycanlıların son zamanlar ən çox səyahət etdiyi yerdir. Gürcüstanın Türkiyə qədər inkişaf etmiş turizm infrastrukturu olmasa da, bir çox səbəblərdən cəlbedicidir. Gürcüstan demokratik ab-hava, qiymətlərin ucuzluğu ilə Azərbaycanı geridə qoyur. Tiflisin özündə 30-40 dollara normal şəraiti olan hotellər tapmaq mümkündür. Qara dəniz sahilində yerləşən Batumi şəhərində 1 həftəlik istirahət də 250-300 manat arasında dəyişir. Turist səfəri təşkil edən şirkətlər Batumidə üç ulduzlu hoteldə, nəqliyyat xərcləri və yemək də daxil olmaq 330 manata bir həftə dincəlmək təklif edir. Əgər Batumiyə yolunuzu qatar və ya avtobusla salsanız daha ucuz qiymətə yüksək səviyyədə istirahət edə bilərsiniz.

Maraqlıdır ki, Azərbaycanda turzm infrastrukturu niyə bahadır? Nədən ən adi istirahət mərkəzlərində belə qiymətlər Avropa ölkələrindəki qiymətləri də arxada qoymaq üzrədir? Axı niyə istirahət mərkəzlərində qidalanmanın qiyməti paytaxt restoranlarındakı qiymətlərdən də yüksək olmalıdır? Ekspertlər bu sualların cavabını turizm sektorundakı korrupsiya və rüşvətxorluqda axtarmağın gərək olduğunu bildirirlər. Ekspertlər hesab edirlər ki, otellərin fəaliyyətinə icazə verən xüsusi lisenziyalara görə iş adamlarından tələb olunan yüksək məbləğli rüşvət, istirahət mərkəzləri üçün öhdəlik kimi müəyyənləşdirilmiş qeyri-rəsmi aylıq ödənişlər son nəticədə Azərbaycanda istirahərin qiymətinin qonşu ölkələrlə müqayisəolunmaz dərəcə baha olmasına gətirib çıxarır. Bura vergi müfəttişlərinin, polis rəislərinin, "sanepideomoloji" stansiyaların əməkdaşlarının və xüsusi ilə də Mədəniyyət və Turizm Nazirliyinin rəhbər şəxslərinin "yola salınması" üçün xərcələnən pullar “istirahətin qiyməti niyə bahadır" sualına cavab tapmaq üçün "dağa-daşa" düşməyə ehtiyac qalmır.

Geri qayıt