Əsas Səhifə > Siyasət, Manşet > RUSİYA KİMİ AZƏRBAYCANDA PREZİDENT GÖRÜR?

RUSİYA KİMİ AZƏRBAYCANDA PREZİDENT GÖRÜR?


3-04-2013, 11:49
RUSİYA KİMİ AZƏRBAYCANDA PREZİDENT GÖRÜR?
KREMLİN ÖLKƏMİZƏ QARŞI PLANINDA HEYDƏR BABAYEVİN ADI KEÇİR

DİA.AZ: - Bir müddət əvvəl Bakıda səfərdə olan Gürcüstanın dövlət başçısı Mixail Saakaşvili Azərbaycandan gedəndən bir-iki gün sonra gürcü mətbuatına şok bir məlumatı açıqladı. Saakaşvilinin sözlərindən belə aydın oldu ki, Rusiya Azərbaycanda dövlət çevrilişi hazırlayır və bu məsələdə Kremlin əsas istinadgahı azərbaycanlı iş adamı, milyarder Vahid Ələkbərov və onun LukOyl şirkətidir.

Doğrudur, rəsmi Bakı gözlənilən kimi gürcü dövlət başçısının məlum xəbərdarlığını qulaqardına vururmuş kimi davrandı ki, bu da anlaşılan idi. Çünki başqa cür davranılması imkansız olduğundan, Rusiya ilə açıq-aşkar döyüşə girilməsinin mümkünsüzlüyü səbəbindən Azərbaycan tərəfi gürcü prezidentin xəbərdarlığını «qeyri-ciddi bəyanat» kimi təqdim etdi. Halbuki Qərbin çox ciddi projelərində təmsil olunan Saakaşvilinin hətta içkili halda belə bu cür qeyri-ciddilik nümayiş etdirməsi ağlasığan deyil.

DİA.AZ-ın əldə etdiyi informasiyalardan belə aydın olur ki, həqiqətən də Azərbaycana qarşı Kreml tərəfindən çox ciddi planlar işlənilməkdədir və bu barədə redaksiyamız yeni faktlar əldə edib. Mənbəmizə ötürülən xəbərlərdən belə aydın olur ki, artıq Vahid Ələkbərovla bağlı planlarından imtina edən Kreml Bakı üçün yeni «İvanaşvilinin» təqdimatına girişib, mənbəmizin sözlərinə görə bu adam bir zamanlar Azərbaycanda Qiymətli Kağızra üzrə Dövlət Komitəsinə, ardından da iqtisadi inkişaf nazirliyinə rəhbərlik etmiş Heydər Babayevdir.

Xatırladaq ki, mərhum prezident Heydər Əliyevin zamanlarında Azərbaycanda vəzifəyə gətirilən Heydər Babayev hər zaman Rusiyanın açıqda olan adamlarından biri kimi qəbul edilib. Belə ki, Rusiyanın maliyyə çevrələrində tanınan və böyük əlaqələrə malik olan Heydər Babayev günü bu gün də şimal qonşumuzun bank sektorunda ciddi şəkildə təmsil olunur və eyni zamanda Rusiya ərazisində sabiq nazirimizin böyük biznesi var.

Gələn məlumatlara görə, rəsmi Bakıya qarşı rus planında Heydər Babayevin adı bir nömrəli fiqur kimi hallandırılır və yaxın günlərdə onun geniş şəkildə təbliğatına da start veriləcək: «Hətta Heydər Babayevin prezidentliyə namizəd olması da gözlənilir və bununla da Rusiya öz adamını aşkar surətdə hakimiyyətə gətirə bilməsi üçün bütün arsenalını işə salacaq. Yaxın günlərdə «Milyarderlər ittifaqı»nın da Heydər Babayevlə bağlı mövqeyi ortaya qoyula bilər. Eyni zamanda Bakıdakı rusiyapərəst qüvvələrə də keçmiş nazirin təqdimatı nəzərdə tutulub».

Hələlik bütün bunlara Heydər Babayevin qəti razılıq vermədiyini də bildirən mənbəmiz onu da əlavə etdi ki, xarakter baxımından heç də qətiyyətli biriisi olmayan Heydər Babayev rus planında iştirakdan başqa şansa malik deyil.

Onu da xatırladaq ki, buna qədər Rusiya Vahid Ələkbərovla yanaşı, «Putinin dostu» kimi tanınan, iş adamı İlham Rəhimlinin də namizədliyi üzərində düşünürdü…

Geri qayıt