Əsas Səhifə > Siyasət, Manşet > «ROYAL-BANK» ƏMANƏTÇİLƏRİ ŞOK FAKTLARI AÇIQLADI

«ROYAL-BANK» ƏMANƏTÇİLƏRİ ŞOK FAKTLARI AÇIQLADI


2-04-2013, 11:34
«ROYAL-BANK» ƏMANƏTÇİLƏRİ ŞOK FAKTLARI AÇIQLADI
ONLARA UĞRADIQLARI ZƏRƏRİN MÜQABİLİNDƏ QƏPİK-QURUŞ ÖDƏNİLİR

DİA.AZ: - Məlum olduğu kimi, keçən il bank sektorunda cərəyan edən tarama prosesləri zamanı «Royal Bank» müflis elan edilərək, fəaliyyəti dayandırıldı. Amma bu hadisə özü ilə bərabər bir çox şübhələrə nədən oldu ki, bu gün redaksiyamıza müraciət edən «RoyalBank»ın sabiq əmanətçiləri də həmin şübhələri dilə gətirirlər.

DİA.AZ-a göndərdikləri müraciətlərində əmanətçilər yazır: «Necə ola bilər ki, bir il əvvəl Mərkəzi Bankın açıqlamalarında ən perspektivli bir bank kimi tanıdılan və hətta bir illik yekun nəticələrə görə aktivlərini 10 faiz artırması elan edilən «RoyalBank» müflis elan edilir. Hər halda, bu müəmmalı şəraitin izahatı detalına qədər verilməli idi».

Daha sonra əmanətçilər yazır: «Tammam, bu bankın iflası qanuna uyğun bir hadisədir. O zaman Mərkəzi Bank hara baxırdı? Axı bu bankın bütün maliyyə əməliyyatlarına MB tərəfindən nəzarət olunurdu. O zaman necə olur ki, bu bank qəfil şəkildə müflis elan olunur. Əgər belədirsə, Mərkəzi Bank «RoyalBank» əmanətçilərinin itkilərini qarşılamaq zorundadır. Çünki bu bankın maliyyə məsuliyyəti məhz Mərkəzi Bankın üzərindədir».

Daha sonra əmanətçilər bildirir ki, «RoyalBank»da pulları batanlara bu gün Mərkəzi Bank tərəfindən qəpik-quruş verilir: «Belə bir şeyin baş verməsinin özü cinayətdir və dünyanın heç bir ölkəsində görünməyib. O zaman kim Azərbaycanın bank sektoruna etibar edə bilər ki? Elədirsə, istənilən bir bankı müflis elan etsinlər və həmin bankın əmanətçilərinə qəpik-quruş verərək, yaxalarını kənara çəkərək, böyük gəlir əldə etsinlər».

«RoyalBank»ın əmanətçilərinin sualları bununla da bitmir: «Sual edirik, bu kimi hallar üçün nəzərdə tutulmuş Dövlət Sığorta Fondu nə üçündür? Yəni əgər bu gün «RoyalBank» əmanətçilərinin üzləşdikləri zərərin müqabilində qəpik-quruş ödənilirsə, bu fond nəyə lazımdır?»

Onu da bildirək ki, DİA.AZ-a «RoyalBank»ın müflis elan edilməsi ilə külli miqdarda zərərə uğramış bir qrupp vətəndaş adından çox ciddi faktlar təqdim olunub ki, həmin faktlar da əmanətçilərin hüquqlarının kobud şəkildə pozulduğunu təsdiqləyir. Artıq redaksiyamızın əməkdaşları faktlar üzrə araşdırma aparır. Yaxın vaxtlarda daha geniş materialı diqqətinizə təqdim edəcəyik. Bizi izləməkdə davam edin… Qarşı tərəfin də cavab haqqına yerimiz var…

Geri qayıt