Əsas Səhifə > Güney Press > MTN-Ə İŞƏ DÜZƏLMƏK İSTƏYİRDİ, YOXA ÇIXDI...
MTN-Ə İŞƏ DÜZƏLMƏK İSTƏYİRDİ, YOXA ÇIXDI...1-04-2013, 11:15 |
![]() Qəbələ sakini qardaşının oğurlanmasında MTN-in Ismayıllı rayon şöbəsinin keçmiş rəisini günahkar bilir. “Azadlıq”a müraciət edən Qurban Əliyev deyir ki, qardaşı 1971-ci il təvəllüdlü Əliyev Nəzər Cəfər oğlu 14 fevral 2004-cü ildə itkin düşüb: “Mən həmin vaxt rayon polisinə məlumat verdim və polisdə əməliyyat tədbirləri həyata keçirmək üçün qrup yaradıldı. Uzun müddət bu məsələ ilə bağlı əməliyyat tədbirləri həyata keçirilsə də ancaq məlum olmayan səbəblərdən cinayət işi açılmadı. Həmin vaxtlar mən dəfələrlə Qəbələ polis şöbəsinin rəisi olan daxili işlər nazirinin müavini Oruc Zalovun qohumu Məhərrəm Əliyevin qəbulunda oldum, ancaq hər dəfə məni azdırmaq niyyətinin güdüldüyünün şahidi oldum. Izah edilmədi ki, olayla bağlı nə üçün cinayət işi açılmayıb. Onlardan əlimi üzərək daxili işlər naziri Ramil Usubov və baş prakror Zakir Qaralovun qəbulunda oldum. Onların hər ikisi məni dinlədilər və söz verdilər ki, bu məsələ ilə əlaqədar cinayət işi açılacaq və günahkarlar tapılacaq. Doğurdan da nazir və baş prakrorun dediyi kimi oldu. Baş Prokurorluq yanında Ağır Cinayətlərə dair Istintaq Idarəsində 120.1-ci maddəsi ilə cinayət işi açıldı və 2009-cu ilin oktyabr ayına kimi istintaq aparıldı. Yekunda burada cinayət tərkibi yoxdu deyə işi Milli Təhlükəsizlik Nazirliyinə ötürdülər. Elə ki, iş Milli Təhlükəsizlik Nazirliyinə ötürüldü, həmin vaxtdan istintaqda axsamalar başladı və az sonra cinayət işi tam hərəkətsiz vəziyyətə gətirildi. Dəfələrlə MTN-ə bu məsələ ilə bağlı ərizə və şikayətlər yazdım. Hər dəfə də onlar tərəfindən hədə-qorxuya məruz qaldım. Məndən bu işdən vaz keçməyimi tələb edirdilər. Mən yenidən işin Baş Prokurorluğa qaytarılmasını tələb etmişəm”. Qurban Əliyev deyir ki, qardaşı itkin düşməzdən öncə MTN-ə işə düzəlmək üçün Bakıda xüsusi komissiyadan keçib: “Qardaşım Ismayıllı rayonunun sabiq MTN rəisi Rövşən Məmmədovla dost olub və qardaşımın itkin düşməsində Rövşən Məmmədovun əli və iştirakı var. Əlaqədar təşkilatlara şikayətimdə qeyd etmişəm ki, qardaşıma məxsus mobil nömrəyə Nəzər Əliyev itkin düşdükdən sonra Rövşən Məmmədovdan ayrı-ayrı vaxtlarda iki dəfə qısa siqnal xarakterli zənglər gəlib. Rövşən Məmmədov qardaşımın itkin düşdüyünü hələ ilk vaxtdan bilirdi. Bunu mən ona demişdim. Əgər onun bu məsələdə heç bir əli yoxdursa, niyə sonradan ”mən zəng etməmişəm" deyir. Məhkəmənin qərarı ilə bu zəngi Azercell-dən çıxartdırıb onun qarşısına qoydum. O, həmin an çox pis oldu". Qurban Əliyevin sözlərinə görə, qardaşı itkin düşdükdən bir ay sonra - 19 mart 2004-cü ildə Balakən rayonunun poçt şöbəsindən Nəzər Əliyevə zəng gəlib: “Zəng saat 11:26-da edilib. Ora Qəbələ polis şöbəsinin əməliyyatçısı ilə getmişəm. Balakən rayonundan polis zabitləri ilə birlikdə poçt şöbəsində olmuşuq, ancaq ədalətli araşdırma əvəzinə orada mənə maneçilik törədilib. Həmin məsələlərdən sonra Rövşən Məmmədov Ismayıllı rayon MTN bölməsinin rəisi vəzifəsindən uzaqlaşdırılaraq Bakı şəhəri Nərimanov rayon MTN idarəsinə aşağı vəzifəyə göndərilib. Dəfələrlə nazir Eldar Mahmudova, Zakir Qaralova, Ramil Usubova, Ilham Əliyevə məktubla müraciət etmişəm. Çox təəssüf ki, bu günə kimi heç bir tədbir görülməyib. Atam bu dərdə dözməyib dünyasını dəyişdi, anam da dərddən ölüm ayağındadır. Qardaşımın iki uşağı və ailəsi başsız qalıb. Tam əminliklə deyirəm ki, qardaşımı sabiq rəis Rövşən Məmmədovun əliylə MTN oğurlatdırıb və bu gün də nazir səviyyəsində himayə olunur”. Işi günü olmadığı üçün məsələylə bağlı Baş Prokurorluğun və Daxili Işlər Nazirliyinin mətbuat xidmətlərinin mövqeyini öyrənmək mümkün olmadı. Milli Təhlükəsizlik Nazirliyi ilə əlaqə saxlamaq cəhdlərimiz isə səmərə vermədi. Mövzu diqqətimizdədir... Geri qayıt |