Əsas Səhifə > Hadisə, Manşet > TEHRAN-BAKI YOLUNDA TƏHLÜKƏLİ ÇAS PİK

TEHRAN-BAKI YOLUNDA TƏHLÜKƏLİ ÇAS PİK


1-12-2011, 16:07
TEHRAN-BAKI YOLUNDA TƏHLÜKƏLİ ÇAS PİK

ƏLİ HƏSƏNOV İRANDAN RAFİQ TAĞINI SORUŞMAYACAQ

DİA.AZ: - Məlum olduğu kimi, Azərbaycan Prezidenti Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun başçılıq etdiyi nümayəndə heyəti sabah İrana səfər edəcək. Onu da bildirək ki, artıq Əli Həsənovun özü şəxsən bu barədə mətbuata açıqlama verib.

Onun sözlərinə görə, səfər İran hökumətinin təşəbbüsü ilə gerçəkləşir. Səfər dəvəti çoxdan edilsə də, vaxtın təyini ilə bağlı problemlərə görə dekabra salınıb.

Görüşlərdə iki dövlət arasında mövcud informasiya, təbliğat, televiziya yayımları, ictimai institutların ölkədaxili proseslərə münasibətləri, açıqlamalar, ayrı-ayrı bəyanatlar və bu məsələlərdən irəli gələn məsələlər müzakirə olunacaq:

«Azərbaycan həmişə İranla dost və qonşu münasibəti saxlamağa cəhd göstərib, həmin siyasəti bu gün də saxlamağa çalışır. İran da həmişə münasibətləri yaxşı müstəvidə saxlayıb. Təəssüflər olsun ki, son vaxtlar həm İran, həm də Azərbaycanda bəzi dairələr bilərəkdən, yaxud bilməyərəkdən iki qonşu ölkə arasında münasibətlərə ictimai-siyasi, mətbuat, teleradio, təbliğat müstəvisində xələl gətirə bilən müəyyən tədbirlər həyata keçirirlər. Müəyyən məlumatlar, hərəkətlər müşahidə olunur. Səfərin əsas məqsədi bütün bunlara son qoymaqdır».

Ə. Həsənov səfər çərçivəsində İran telekanallarının Azərbaycan efir məkanına müdaxiləsi, həmçinin bəzi İran telekanalları tərəfindən Azərbaycanın daxili işlərinə qarışma cəhdlərinin qarşısının alınması, antiazərbaycan, İrandakı ayrı-ayrı dairələrin Azərbaycanla bağlı təhrikedici, Azərbaycandakı dini vəziyyətlə bağlı çıxışlarına son qoyulması məsələlərinin xüsusi yer tutacağını qeyd edib.

Onu da bildirək ki, İrana səfərə hazırlaşan yeganə azərbaycanlı məmur Əli Həsənov deyil. Gələn ilin əvvəllərində isə Səfər Əbiyevin Tehrana səfər edəcəyi gözlənilir. Bu səfər barədə isə mətbuata açıqlama verən Azərbaycanın İrandakı səfirliyinin hərbi attaşesi Mehman Süleymanov bildirib ki, İran və Azərbaycan müdafiə nazirləri hər il görüşlər keçirir və bu görüşlər iki ölkə arasında, xüsusilə müdafiə sahəsində əlaqələrin daha da genişləndirilməsinə yönəlmiş addımlardan biridir.

O əlavə edib ki, Azərbaycan hökuməti İranla bütün sahələrdə, xüsusən müdafiə sahəsində əməkdaşlığın inkişafında maraqlıdır. Hərbi attaşe bildirib ki, Azərbaycan və İran arasında əlaqələrin inkişaf etdirilməsi üçün geniş potensial var və hər iki ölkə bu potensialdan düzgün istifadə etməlidir.

Bildirək ki, buna qədər də Azərbaycanın xarici siyasət idarəsinin nümayəndəsi Xəlfə Xələfov İranda oldu. Hər halda bu sıx gedişlərdə təsadüfi və ənənəvi heç bir şeyin olmaması daha çox diqqətçəkicidir. Əslində bunu Əli Həsənov açıq şəkildə ifadə edib və səfərinin əsas məqsədinin məhz «razborka» mahiyyəti daşıdığını da bəyan edib. Yəni münasibətlər aydınlaşmalıdır.

Aydınlaşacaqmı? Hər halda, bu hazırki durumda imkansız görünsə də, rəsmi Bakı bu gün Tehranın qarşısından geri çəkilmək zorundadır. Bəli, bu gün Qərb ölkələrinin İrandan öz elçilərini geri çağırdığı bir məqamda Azərbaycan iqtidarı elçilərini bir-birinin ardından İrana yollayırsa, deməli, vəziyyət heç də ürəkaçan səviyyədə deyil.

Vəziyyətin ürəkaçan səviyyədə olmaması eyni zamanda İranın bu çağacan və indinin özündə də əlindəki təbliğat vasitələri ilə, həmçinin ayrı-ayrı şəcslərinin dili ilə ünvanımıza söylədiyi təhqirlərdən də sezmək mümkündür. Təbii ki, bütün bunlar aysberqin görünən tərəfidir. Görünməyən qismdə isə real fəaliyyət var. Və bu fəaliyyət bu gün Azərbaycanın milli təhlükəsizlik maraqlarını belə qılınclayır. Söhbət İran kəşfiyyatının azərbaycan əleyhinə ermən xüsusi xidmət orqanları ilə əməkdaşlığından tutmuş, İranın Azərbaycandakı agenturalarının təxribatlarından və eləcə də İranın artıq Azərbaycanda siyasi qətllərə qədər inkişaf edən fəaliyyətindən gedir.

Əgər bu gün İran aətullahlarının sifarişi ilə Bakının göbəyində bir ziyalı qətlə yetirilirsə, ertəsi gün fars-molla rejiminin hansı əməllərə gedə biləcəyini təxmin etmək çox asandır. Xüsusən də «Azərbaycan İsraillə əməkdaşlığına son qoymazsa, hərbi əməliyyatların ilk günündə Bakını bombalayacağıq» şəklində olan açıqlamaların fonunda rəsmi Tehranın ölkəmizə hansı məsafədə dayandığını təxmin etmək çətin deyil.

Bəs nələr baş verəcək? Bu sualın cavabı da aydındır. Azərbaycan İrana təslim olmaq zorundadır. Bu şər imperiyası ilə dimdikdimiyə verilməsi ölkəmizə əlavə problemlər yaşada bilər. Burada dini və etnik separatizm kartlarının İranın əlində ölkəmiz əleyhinə ən böyük silahlardan biri olduğunu da unutmalı deyilik. Və bu gün açıq şəkildə deyə bilərik ki, hətta Azərbaycanın bütövləşməsi ideyasına sədaqətimiz belə imkan vermir ki, ölkəmiz hələ kifayət qədər güclü olan molla hakimiyyəti ilə hansısa döyüş meydanında üz-üzə gəlsin. Odur ki, Əli Həsənovun İran səfəri zamanı müzakirələrin gedişatını bəri başdan təxmin etmək olar: «Niyə belə edirsiniz? Bizim uşaqlar səhv edib. Bir daha olmayacaq və s.»

«Dünya» Strateji Araşdırma Qrupu


Geri qayıt