Əsas Səhifə > Hadisə > SİYASİ PARTİYALARIN MALİYYƏLƏŞMƏSİ YAZA QALDI

SİYASİ PARTİYALARIN MALİYYƏLƏŞMƏSİ YAZA QALDI


1-12-2011, 15:10
SİYASİ PARTİYALARIN MALİYYƏLƏŞMƏSİ YAZA QALDI

GÜNDƏMDƏ DƏYİŞİKLİKLƏRLƏ BAĞLI HEÇ NƏ YOXDUR

“Milli Məclisin payız sessiyasının gündəliyində “Siyasi partiyalar haqqında” qanuna əlavə və dəyişikliklər edilməsi məsələsi yoxdur”. Parlament sədrinin müavini Bahar Muradova dekabrın 1-də “Media forum” saytına açıqlamasında belə deyib.

Vitse-spikerin sözlərinə görə, layihənin parlamentin yaz sessiyasında müzakirəyə çıxarılıb-çıxarılmayacağı da dəqiqləşməyib: “Yaz sessiyasının gündəliyi gələn ilin fevralında müəyyənləşdiriləcək. Dövlət büdcəsindən hansı partiyaların, nə formada, hansı mexanizmlə maliyyələşdiriləcəyi haqda da dəqiq bir söz deyə bilmərəm. Cəmiyyətdə partiyaların maliyyələşməsi ilə bağlı fikirlər, ehtimallar müzakirə olunur. Qanun layihəsi Milli Məclisə daxil olandan sonra konkret fikir söyləmək olar. Partiyaların maliyyələşməsinin necə həll olunacağı isə parlamentdə aparılan müzakirələrdən sonra aydınlaşacaq. Ona görə də indi hansısa rəqəmlər səsləndirmək doğru deyil”.

Vitse-spiker hesab edir ki, qanuna ediləcək əlavə və dəyişikliklər partiyaların sıradan çıxarılmasına deyil, inkişafına imkan verəcək: “Əlavə və dəyişikliklərin ölkədə təkpartiyalı sistemə səbəb olacağı haqda deyilənlər heç bir əsası olmayan fikirlərdir. Azərbaycanda çoxpartiyalı sistem mövcuddur, hər kəs özünün potensialına, sosial dayağına uyğun fəaliyyət göstərir. Ölkədə məqsədli formada təkpartiyalı sistemin yaradılması üçün indiyədək heç bir addım atılmayıb, bundan sonra da atılmayacaq. Sadəcə olaraq rəqabətə davamlı, dözümlü olmağa çalışmaq lazımdır. Siyasi partiyalar fəaliyyətlərində bir-birinə rəqibdirlər. Elə fəaliyyət göstərsinlər ki, gücləri azalmasın, getdikcə artsın”.

Partiyaların dövlət qeydiyyatına alınması üçün hazırda tələb olunan 1000 imzanın artırılıb-artırılmayacağına gəlincə, Bahar Muradova deyib ki, bu da qanun layihəsi parlamentə daxil olandan sonra bilinəcək: “Hansısa ehtimal səsləndirsəm, kimlərsə bunu reallıq kimi qiymətləndirib ətrafında müzakirələr açacaqlar”.

“Siyasi partiyalar haqqında” qanun 1992-ci ildə qəbul olunub. Qanuna əlavə və dəyişikliklər layihəsi hazırlanaraq rəy üçün Avropa Şurasının Venesiya Komissiyasına göndərilib.


Geri qayıt