Əsas Səhifə > Hadisə, Manşet > ABUTALIBOVUN «AĞAC BIZNESİ»

ABUTALIBOVUN «AĞAC BIZNESİ»


1-12-2011, 15:06
ABUTALIBOVUN «AĞAC BIZNESİ»

YAĞIŞDA KÜÇƏLƏRİNDƏ YERİMƏYİN MÜMKÜN OLMADIĞI ŞƏHƏRDƏ SOVRULAN MİLYONLAR

DİA.AZ: - Son illərdə Bakının müxtəlif yerlərində, xüsusilə də bulvar ərazisində xaricdən bitkilər gətirilərək əkilir. Rəsmi məlumata görə «paytaxtda floranın zənginləşdirilməsi üçün» 4 qitənin (Avropa, Cənubi Amerika, Şimali Amerika, Avstraliya) müxtəlif ölkələrindən 30 növdən çox yeni bitki növü gətirilərək əkilib. Bitkilər əsasən bu ölkələrdən gətirilir: İtaliya, İspaniya, Hollandiya, Avstraliya, Argentina, Braziliya, Türkiyə, Belçika, Almaniya, Kanar adaları, Meksika...

Məlumatda bildirilir ki, bitkilərin bir çoxu uzaq ölkələrdən İtaliya və İspaniyaya gətirilir. Bu ölkələrin bəzi ərazilərində iqlim (hava şəraiti, rütubət, torpağın turşuluğu və s.) Abşeron yarımadasına uyğun olduğundan bitkilər orada 1 il adaptasiya-uyğunlaşma dövrü keçirlər. Daha sonra isə gül, kol və ya ağaclar xüsusi (kondisionerli) TIR-lar vasitəsilə Azərbaycana gətirilir. Həmin bitkilər arasında ən böyüyü isə çəkisi 7,5 ton olan baobablardır. Bundan başqa 6,5 tonluq daş palıdlar, 5 tonluq palmalar da iri yeşiklərlə yük maşınları vasitəsilə ölkəmizə gətirilir. Həmçinin uzaq Avstraliya qitəsindən gətirilən qara gövdəli Avstraliya xantarreyalarını da qeyd etmək olar.

Hazırda Belçika və Almaniyadan bəzi növ bitkilərin gətirilməsi istiqamətində iş aparılır.

Amma Milli Parkda xaricdən gətirilən ağacların əksəriyyəti saralıb və «tros»la bağlanıb. Az öncə Argentinadan gətirilən və 215 yaşı olan baobab ağacı tarazlığını itirərək əyilib. Ağacın yıxılmasının qarşısını almaq üçün onu bulvardakı başqa bir ağaca bağladılar. Bu ağacların kökü torpağa yaxşı oturmayıb. Digər ağaclar isə iqlimə uyğunlaşa bilmir. Bir neçəsi isə çürüyüb. Ancaq onları gizlədiblər.

Mətbuatda yazılır ki, xaricdən gətirilən bu ağacların qiyməti bir neçə min manata başa gəlib. Dənizkənarı Bulvar İdarəsinin əməkdaşları da deyir ki, ağacların gətirilmə xərci olduqca bahadır: «Elə ağac var ki, qiyməti 2 min manatdır, amma gətirilmə xərci və mütəxəssisi ilə birlikdə 5-6 min manata başa gəlir». İdarənin işçiləri söyləyir ki, buradakı ağacların qiyməti çox bahadır: «Hətta 20-30 min manata ağaclar var». Batan pullar yalnız ağaclarla yekunlaşmır. «Əcnəbi» ağaclara xarici mütəxəssislər də qulluq edir. Bu ağaclar həmin ölkələrdən müqavilə əsasında alınır.

Mütəxəssislər isə deyirlər ki, qiymətlərin açıqlanmaması o deməkdir ki, mövcud qiymətlərlə müqayisədə onlara daha yüksək qiymət tətbiq olunub. Bu da hansısa maraqların olmasından xəbər verir. Bu bitkilərin gətirilməsi həm baha başa gəlir, həm də kənardan gətirildiyi üçün iqlimə uyğunlaşması çətin olur. Hacıbala müəllim bir neçə il əvvəl Bakıya 2500-dən çox evkalipt gətizdirmişdi. İndi bu ağacların heç biri yoxdur. Bu, israfçılıqdan başqa bir şey deyil. Keçmişdə Bədii Şuranın icazəsi olmadan heç bir ağac gətirilmirdi. Amma indi hansı ölkədən gəldi ağac gətirirlər. Bizim Nəbatat bağından, başqa xüsusi ərazilərdən həmin ağacları götürüb əkə bilərdilər. Bu da ucuz başa gələrdi.


Geri qayıt