Əsas Səhifə > Ölkə, Manşet > ŞAMAXIDA İLGİNC XADİMƏ QALMAQALI DAVAM EDİR
ŞAMAXIDA İLGİNC XADİMƏ QALMAQALI DAVAM EDİR29-03-2013, 12:51 |
İCRA BAŞÇISININ MÜAVİNİNİN HİMAYƏ ETDİYİ ÖZBAŞINALIQLAR DİA.AZ: - Bu günlərdə yerli mətbuatda yer alan məlumatlarda qeyd olunurdu ki, Şamaxı rayonunda yerləşən Heydər Əliyev Mərkəzinin direktoru Dilşad Əhmədli mərkəzin yeganə xadimə ştatının maaş kartını cibində gəzdirir və bu səbəbdən də indiyədək hesablanan həmin əmək haqqı 5000 manatdan yuxarıdır ki, bu da dövlət pulunu mənimsəmək kimi qəbul olunur. DİA.AZ-a bu barədə rayondakı qaynaqlardan daxil olan son məlumatlardan aydın olur ki, həmin məlumatdan sonra mərkəzin direktoru, rayon İHB-nın humanitar məsələlər üzrə müavini - yaxın qohumu və himayədarı Əşrəf Şükürovun məsləhəti ilə mərkəzə yeni xadimə təyin edib. Bununla da o, “səhvini” düzəltməyə çalışır. Amma Heydər Əliyev Mərkəzində olan digər özbaşınalıqların yanında xadimə məsələsi çox kiçik bir məsələdir. Sual oluna bilər ki, nəyə görə 2007-ci ildən fəaliyyət göstərən mərkəzin xadiməsi indi işə çıxır? Bu məsələdən həmişə xəbəri olan cənab Şükürov bu “ağıllı” məsləhətini əvvəllər verə bilməzdimi? Bəs görəsən o, mərkəzin kadr potensialındakı bərbad vəziyyət üçün niyə məsləhət vermir? Yeni İcra Başçısının bu məsələ ilə bağlı mərkəzə göndərdiyi komissiyanın araşdırması da sübut etdi ki, burada iş intizamsızlığı, diplomsuz şəxsin vəzifə tutması halı və bunlardan əlavə, mərkəzə aidiyyatı olmayan şəxslərin mərkəzdə sərbəst şəkildə qazancla məşğul olmaları faktları realdır. Həmin kənar şəxslər də Əşrəf Şükürov və Dilşad Əhmədlinin yaxın qohumlarıdırlar və cənab Şükürovun himayədarlığı sayəsində təşkilatlara mərhum prezident Heydər Əliyevin stend şəkillərini satır və məzunlar üçün od qiymətinə venetkalar düzəldirlər. Bundan əlavə, cənab Şükürov çox gözəl bilir ki, mərkəzin direktoru həkim rəyi ilə heç bir iş qabiliyyətinə malik deyil və bunu bilə-bilə neçə ildir ki, onu qeyri-qanuni olaraq öz vəzifəsində saxlayır. Daha doğrusu, ona bu vəzifədə qalması üçün himayədarlıq edir və hətta cənab Şükürovun digər bərbad günə qoyduğu səhiyyə sahəsinin baş həkimi Dilşad Əhmədliyə sağlamlığı barədə arayış belə verir. Yenə də sual oluna bilər, əvvəllər xəstəliyinə görə guya xadimə ştatının ona bağışlandığını deyən D.Əhmədli necə oldu ki, birdən-birə sağlam oldu? Deyəsən bütün bu sualların cavablarını və Heydər Əliyev Mərkəzindəki digər özbaşınalıqları yeni xadimənin süpürgəsi süpürüb atıb. Yaxud da cənab Şükürov hamının başının altına yastıq qoyub, heç kimin başa düşmədiyi ivrit dilində lay-lay deyir. Çünki onun doğma dilimizdə dediyi “laylalara” indi uşaq da inanmır. Qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |