Əsas Səhifə > Hadisə > DAHA BİR SAHƏDƏ QİYMƏTLƏR QALXDI

DAHA BİR SAHƏDƏ QİYMƏTLƏR QALXDI


1-12-2011, 12:43
DAHA BİR SAHƏDƏ QİYMƏTLƏR QALXDI

BƏRBƏRXANA XİDMƏTLƏRİ 20% BAHALAŞIB

2011-ci ilin noyabrında Azərbaycanda bərbərxana xidmətlərinin qiymətləri keçən ilin həmin dövründə olduğu ilə müqayisədə orta hesabla 20% artıb.

Bakı bərbərxanalarından birinin sahibəsi Xalidə Hüseynovanın Turan-a bildirdiyi kimi, paytaxtın gözəllik salonlarında bərbərxana xidmətlərinin bahalaşmasına səbəb ərzaq mallarına olan qiymətlərin gözə çarpacaq dərəcədə artması olub. «Son aylar ərzində ət, süd, yağ, meyvə-tərəvəz və digər ərzaq məhsulları kəskin surətdə bahalaşıb və bu, bizi də bərbərxana xidmətlərinin qiymətlərini artırmağa vadar edir», deyə o, əlavə edib.

Belə ki, əgər əvvəllər xanım salonunda saç fasonu düzəltdirmək haqqı 5 manat idisə, indi 6 manat olub. Həmçinin saç düzümü, manikür və pedikür də 1 manat bahalaşıb.

Hüseynovanın sözlərinə görə, bərbərxana xidmətlərinin bahalaşmasında sanitar-epidemioloji stansiya əməkdaşlarının aldıqları rüşvətin artmasının da rolu az deyil. «Korrupsiyaya qarşı mübarizə adlanan kampaniya başlanandan sonra sanitar-epidemioloji stansiya əməkdaşları rüşvətin məbləğini 2 dəfə artırıblar. Əgər əvvəllər hər bir bərbərxana sahəsindən asılı olaraq hər ay 20-50 manat rüşvət verirdisə, indi bu məbləğ 50-100 manat olub. Suyun da dəyəri artıb. Son bahalaşmadan sonra salonumuz hər ay 80-120 manat su pulu verir»,deyə o, əlavə edib.

Xanım sahibkarın sözlərinə görə, onun bərbərxanasında kassa aparatı olmasına baxmayaraq o, hər ay vergi xidməti əməkdaşlarına 50-60 manat verir. Əgər buraya yanğından mühafizə xidmətinə edilən xərcləri də əlavə etsək, bərbərxananın qanunsuz «sol» xərcləri artıq 300-400 manat təşkil edir. Bu hələ hamısı deyil, axı bərbərxana sahibləri hələ icarə haqqı da ödəyirlər və yerindən asılı olaraq bu məbləğ bəzən 1200 manata çatır.

Onu da qeyd etmək lazımdır ki, hal-hazırda bərbərxana biznesi məişət xidmətləri sahəsində ən gəlirli olanlardan biridir. Belə ki, hətta ən bərbad bərbərxanaya belə gündə orta hesabla 10 xanım gəlir və faydalandıqları xidmətlər üçün orta hesabla hərəsi 20 manat ödəyir, bu isə gündə 200 manat, ayda isə 6 min manat deməkdir.

Aşağıda Bakının gözəllik salonlarında bərbərxana xidmətlərinin qiyməti göstərilib (manatla):

Saç düzümü 6
Saç vurdurma 6
Saç fasonu düzəltdirmək 15-25
Manikür 6
Pedikür 10-12
Saçların reflesi 20
Saçların boyadılması (boya haqqı daxil deyil) 6
Saçların burulması 10
Dırnaqqoyma 4
Kiprikqoyma 5-6

Fəqət hətta bütün bunlara baxmayaraq salonların qazandıqları azlıq edir. Hüseynovanın qeyd etdiyi kimi, yeni ildən bərbərxana xidmətləri, ola bilsin, daha 10% bahalaşacaq.


Geri qayıt