Əsas Səhifə > Partiya > MÜXALİFƏT KÜTLƏVİ AKSİYALARA NİYƏ QƏRAR VERMİR?
MÜXALİFƏT KÜTLƏVİ AKSİYALARA NİYƏ QƏRAR VERMİR?1-12-2011, 12:21 |
“İP AKSIYALARI GÜNDƏMDƏN ÇIXARIB” İlin əvvəlində razılaşdırılmamış kütləvi aksiyalar keçirməklə yadda qalan İctimai Palata (İP) ilin sonunda daha çox yığıncıqlara, hansısa mövzuların müzakirəsinə üstünlük verir. Kütləvi aksiyaların keçirilməməsini "yay fəslinin gəlməsi ilə" izah edən İP təmsilçiləri, görəsən, indi "qış fəsli" ilə bağlı nə düşünürlər? AXCP sədrinin müavini Nurəddin Məmmədli verdiyi müsahibəsində bildirdi ki, əslində kütləvi aksiyalar üçün fəsil məsələsi nisbi xarakter daşıyır. - Bizdə belə düşünülür ki, yalnız seçki kampaniyası dövründə aksiyalar keçirilməlidir. Ancaq dünyaya baxanda görürük ki, bütün zamanlarda, hətta qızmar istiyə və sərt qışa baxmayaraq insanlar hansısa məsələyə etiraz etmək üçün küçələrə, meydanlara çıxırlar. Bu baxımdan inanıram ki, Azərbaycanda aksiyalar növbəti ilin ilk yarısında aktuallaşacaq. - Demək, hazırda İP-in dinləmələr keçirməyə üstünlük verməsi də bu gözlənti ilə bağlıdır... - Bu cür müzakirələrə ciddi yanaşmaq lazımdır. İP ölkənin taleyüklü məsələlərini müzakirəyə çıxarır. İP-in hazırkı fəaliyyətinin digər qolunu isə təşkilatlanma təşkil edir. Elə bu günlərdə daha iki rayonda İP-in yerli təşkilatları quruldu, 150-yə yaxın vətəndaş quruma üzv oldu. Bu da cəmiyyətlə təmasda olmağın, cəmiyyətin fəal təbəqəsinin ictimai-siyasi proseslərə cəlb edilməsinin bir yoludur. İP bu istiqamətdə çalışmalarını davam etdirəcək. Amma bu təşkilatlanma işləri və dəyirmi masalar o demək deyil ki, İP aksiyaları gündəmdən çıxarıb. Uyğun vaxtda bu qərarlar veriləcək. - Bir müddət əvvəl İP-in irəli sürdüyü "Yol xəritəsi"ndən nə xəbər var? - Birincisi, biz bu sənədin hər hansı qurumun adı ilə bağlanmasının əleyhinəyik. Artıq beynəlxalq dairələrdən bu layihəyə diqqət var. Elə müzakirələrdə də onların təmsilçiləri iştirak edirdilər. Təbii ki, bu sənəd İP-in sessiyasında qəbul olunduqdan sonra həm digər müxalifət partiyaları ilə, həm də vətəndaş cəmiyyəti qurumları ilə müzakirə olunur. - Bir qrup müxalifət partiyası birlik yaratmaq istəyir. İP-də təmsil olunan partiyalar bunu necə qarşılayır? - Deyir, hər şərdə bir xeyir var. Mənim nəzərimdə hər bir birlik axtarışı və konkret nəticəyə gəlinməsi alqışlanası haldır. Bu baxımdan, dediyiniz partiyaların cəhdlərini də məqbul sayıram. Və uğurlar arzulayıram. Cəmiyyətdə siyasi proseslərə təsir edə biləcək qüvvələrin sayı nə qədər çox olsa, bu inkişafa xidmət edir. - Ancaq həmin partiyalar İP-dən şikayətçidirlər. Xatırlayırsınıza, ilin əvvəlindən ALP və VİP müxalifətin geniş koalisiyasının yaradılması üçün AXCP və Müsavata müraciət göndərmişdi. Bu müraciətə cavab verilməməsi, sizin tərəfinizdən birliyin istənilməməsi kimi qiymətləndirilir. - Biz birlik istiqamətində atılan bütün addımları dəstəkləyirik. Ancaq indiki dövr üçün mövqeyimiz belədir ki, yeni yaradılacaq hər hansı blok İP kimi effektli ola bilməz. Baxın, "altılıq" dediyiniz təşkilatlar yalnız siyasi partiyaların birliyinin yaradılmasını istəyirlər. Ancaq İP-də siyasi partiya təmsilçilərindən başqa, QHT-lər, müstəqil hüquqşünaslar, jurnalistlər, nüfuzlu ictimai xadimlər var. Bugünkü zamanda siyasi partiyaların proseslərə təsir etmək, situasiya yaratmaq imkanları daha azdır, nəinki ictimai təşkilatların. Ona görə də bu iki qüvvənin bir yerdə olması zəruridir. Bununla belə, onları hər zaman dinləməyə, məsələləri müzakirə etməyə hazırıq. Bizi birliyə qarşı çıxmaqda günahlandırmaq isə ədalətsizlikdir. Mənim bu sözləri deyən insanlara nə qədər hörmətim olsa da, o iddiaları ilə razı deyiləm. Bəzən deyirlər ki, İP özünü digər partiyalardan kənarda tutmaqla güc nümayiş etdirir. Amma mən əksini deyərdim ki, bəzi siyasi qüvvələr "əzələ" nümayiş etdirməyə çalışırlar. Bu da effektini verməyəndən bəzən narahatlıqlar yaranır. Geri qayıt |