Əsas Səhifə > Sosial, Manşet > «ALFA» MMC SƏHİYYƏ İNŞAATININ MONOPOLİSTİDİR

«ALFA» MMC SƏHİYYƏ İNŞAATININ MONOPOLİSTİDİR


28-03-2013, 12:09
«ALFA» MMC SƏHİYYƏ İNŞAATININ MONOPOLİSTİDİR
İLK DƏFƏ DEYİL Kİ, BU ŞİRKƏT NAZİRLİYİN TENDERLƏRİNDƏ «QALİB GƏLİR»

DİA.AZ: - Keçən günlərdə səhiyyə nazirliyinin tikinti tenderlərinin şübhəli qalibləri ilə bağlı araşdırma materialını diqqətinizə təqdim etdik. DİA.AZ-ın apardığı həmin araşdırmadan da aydın olurdu ki, adı bir çox cinayətlərdə, hətta külli miqdarda vergidən yayınmada hallandırılan «Turqay» MMC bu gün səhiyyə nazirliyinin əsas inşaat ortaqlarından biridir və nazirlik bu şirkətə hətta yeni 11 milyon manatlıq tenderi qazandırıb.

Araşdırmalarımızın davam etdiyini də söyləmişdik və bildirmişdik ki, nazirliyin ikinci ortağı olan «Alfa» MMC ilə bağlı da araşdırma materialımız olacaq və redaksiyamız artıq bu yöndə ilkin məlumatları toplamağa başlayıb.

Xatırladaq ki, 2013-cü ildə Səhiyyə Nazirliyi dövlət büdcəsindən səhiyyə obyektlərinin tikintisi və yenidən qurulması üçün 200 milyon manat (Milli Onkoloji Mərkəzə ayrılan 17 milyon manatdan başqa) alacaq. Bu, ötən ildəkindən 170 milyon manat çoxdur. Əslində DİA.AZ olaraq diqqətimizi ayrılan pullardan daha çox, bu pulları kimlərin ixtiyarına buraxılması faktıdır.

Qeyd edək ki, novruz bayramı öncəsi Bakıda 4 səhiyyə obyekti əsaslı təmirdən sonra istismara verilib: Mərdəkandakı № 26 xəstəxana, №5 Doğum evi yanında qadın məsləhətxanası, №13 uşaq poliklinikası və №1 şəhər poliklinikası. Onların hamısı müasir cihazlar və tibb avadanlığı ilə təchiz edilib. Son illər ölkədə dövlət tərəfindən 500 xəstəxana, poliklinika, diaqnostika mərkəzi və s tikilib və yenidən qurulub.

Verilən xəbərlərdə o da qeyd olunur ki, ilin ilk iki ayında Səhiyyə Nazirliyi Cəlilabad və Xırdalanda iki mərkəzi xəstəxana tikintisi üzrə tenderə yekun vurub. Satınalmalar üzrə Dövlət Agentliyinin məlumatına görə, Cəlilabad rayon xəstəxanasının tikintisi və təchizatı üzrə 10 milyon 960 min manat həcmində müqavilə “Turqay” şirkəti ilə bağlanılıb. “Alfa” şirkəti Xırdalanda analoji işlər görəcək. Bu şirkətlə müqavilənin qiyməti 14 milyon manatdır.

DİA.AZ-a araşdırmalar nəticəsində məlum olur ki, 14 milyon manatlıq «tenderin qalibi» olan «Alfa» MMC kifayət qədər şübhəli maliyyə qaynaqlarına malik olsa da, bu şirkət illərdir, daha dəqiqi, Oqtay Şirəliyev nazir postuna keçəndən sonra SN ilə ortaqlıq edir. Hətta nazirlikdə «Alfa» MMC ilə bağlı belə bir ifadə də işlənir ki, bu şirkət nazirin «cəza maşınıdır» yəni hansı xəstəxananın rəhbərliyi onu qane etmirsə, hətta nazir yenicə olaraq təmirdən çıxmasını belə nəzərə almadan «Alfa» MMC-yə həmin xəstəxananı yerlə-yeksan etmək tapşırığını verir.

Belə bir hadisə bir müddət əvvəl A.T.Abbasov adına Bakı Onkoloji Dispanseri söküntüsü zamanı yaşanmışdı və hətta vəziyyət o həddə idi ki, dispanser rəhbərliyi ilə anlaşmaya belə varmayan nazir orada çalışanların hansı xəstəxanada işlə təmin olunacağını gözləmədən «Alfa-LTD» cəza maşınını işə salmışdı.

Onu da bildirək ki, redaksiyamıza bu şirkətlə bağlı ilginc informasiyalar da verilib ki, həmin məlumatlar üzərə geniş yazımızı yaxın günlərdə diqqətənizə çatdıracağıq. Həmin yazıdan aydın olacaq ki, «Alfa» şirkəti səhiyyə sisteminin inşaat sahəsində hansı səviyyədə monapoliyaya malikdir. Bizi izləməkdə davam edin…

Geri qayıt