Əsas Səhifə > Siyasət, Manşet > AZƏRBAYCAN SOSİAL PARTLAYIŞ ASTANASINDA

AZƏRBAYCAN SOSİAL PARTLAYIŞ ASTANASINDA


28-03-2013, 09:15
AZƏRBAYCAN SOSİAL PARTLAYIŞ ASTANASINDA
GÜNÜ GÜNDƏN YOXSULLAŞAN İNSANLARIMIZ VULKAN KİMİ PARTLAYA BİLƏR

DİA.AZ: - Son zamanlar bir sıra bölgələrimizdə fəhlə etirazları baş qaldırmaqdadır. Əslində bütün bu etiraz dalğalarının süni şəkildə oyadıldığını düşünənlər də yox deyil. Amma əsas bir məqam da var ki, həqiqətən də insanların sosial yaşayış həddi dözülməz həddədir. İllər ərzində yaşanılanlar sıradan vətəndaşlar üçün ödənilməsi mümkün olmayan bank kreditləri və satmaq zorunda qaldıqları evlərinin əvəzində kirayələdikləri ünvanları bəxş edib. Ən acınacaqlı durumda olanlar da var ki, bu da bir qarın çörək uğrunda rəsmən savaşa çıxanlarımızdır.

Təbii ki, bütün bu problemlərdən «yuxarılar» da xəbərdardır. Amma problemlərin həllinə çalışmaq əvəzinə aldıqları maşınlarının, ütülərinin, evlərinin pulunu ödəyə bilməyən vətəndaşlardan həmin pulun çıxarılması üçün daha ağır cəzalar düşünülüb, rəsmiləşdirilir. Son aylarda məhkəmə qərarlarının icrası ilə bağlı düşünülən sərt addımlar da belə deməyə əsas yaradır ki, bu da əslində vətəndaş-dövlət münasibətlərinə bir düşmənçilik ovqatı bəxş edən başlıca faktor kimi dəyərləndirilir.

Halbuki illər əvvəl qardaş Türkiyədə də anoloji problem ortaya çıxmışdı və o zaman Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan özəl banklara vətəndaşların olan kredit borclarının faizlərini dövlət tərəfindən qarşılama qərarını verməklə kredit amnistiyası elan etdi. Bununla da Türkiyə əhalisi rahatlamış oldu. Və fakt idi ki, həmin dönəmdə qardaş Türkiyədə kredit borcu borclanmış vətəndaş üçün kuliminasiya həddi hesab olunan 34 milyon adam var. Yəni bu sayda vətəndaşın kredit faizlərindən yaranmış borcu dövlət tərəfindən qarşılandı.

Azərbaycanda isə vətəndaşların Türkiyədəki həddə təhlükəli borclanması olmasa da, dövlətin bu prosesə YAXŞI MƏNADA müdaxiləsinin əvəzinə, ağlasığmaz böyük bank faizləri ilə vətəndşları talayan bankirlərin marağından çıxış edərək vətəndaşın əlində qalanını da siyahıya alaraq satışa çıxarması bir hüquqi ənənəyə çevrilib ki, bu da növbəti təhlükələri anons edən başlıca faktordur.

Bəli, bu gün ölkə sosial partlayış astanasındadır və bu gün ayrı-ayrı bölgələrdən sirayət edən üsyan sədalarının bütün ölkə miqyasını əhatəyə alması da gözləniləndir. Səbəbi isə aydındır. İnsanlar artıq bu şəkildə yaşaya bilmirlər. Çox kəskin sosial zümrələşmənin getməsi və zümrələrin yaşam tərzi arasında çox ciddi uçurumun olması nəhayətdə insanların vulkan kimi püskürməsini labüd edir. Bütün bunları qınamaq da imkansızdır, çünki bu, bir insan xarakteridir. Buradə nə milli kimlik, nə də dini inanc rol oynamır. Sadəcə olaraq uca Yaradan insan oğlunu bu yapıda yaradıb: ÜSYANKAR…

Və bu bir faktdır ki, əgər hakimiyyət təcili surətdə sosial islahatlara getməzsə və vətəndaşlar üçün müflisləşmə maşınına çevrilmiş BANK QARƏTİNİ durdurmazsa, o zaman vətəndaş-hakimiyyət toqquşması daha geniş miqyas ala bilər. Bunu görüntüdə olanlar anons edir, bir kimsə yox…

DİA.AZ - Analitik Qrup

Geri qayıt