Əsas Səhifə > Hadisə, Manşet > HAKİMYYƏT “AĞ YUYULDU, QARA SƏRİLDİ”

HAKİMYYƏT “AĞ YUYULDU, QARA SƏRİLDİ”


30-11-2011, 14:51
HAKİMYYƏT “AĞ YUYULDU, QARA SƏRİLDİ”

ERMƏNİ MÜXALİFƏTİNİN DƏ BİZƏ ÜRƏYİ AĞRIYIR

Vaşinqtonda “Cənubi Qafqaz: müstəqilliyin 20 İli” başlığı altında keçirilən ikigünlük konfrans Azərbaycan, Gürcüstan və Ermənistanda gələcəyə fərqli baxışları ortaya çıxarıb. “Təəssüf ki, 20 ildən sonra bu regionun hansı istiqamətə getdiyinə dair xalqların ortaq mövqeyi yoxdur”, - Karnegi Fondunun analitiki Tomas de Vaal bildirib və əlavə edib ki, daha "keçid dövrü"ndən söhbət gedə bilməz.

Avropaya istiqamətlənmiş Gürcüstan iqtisadi və siyasi baxımdan regionda oturuşa bilməyib. Hələ də Rusiyadan tam qopmayan Ermənistan Qərbə doğru kəskin dönüş edə bilmir. Neftlə zəngin Azərbaycan isə insan haqları də digər bu kimi bəşəri dəyərlərin regionda "qənimi" kimi tanınır.

Bununla yanaşı, Bakı, Yerevan və Tbilisidən gəlmiş vətəndaş cəmiyyətinin nümayəndələrini dinləyən Vaşinqton rəsmiləri və analitiklər ABŞ-ın regionda demokratiyaya xüsusi önən verdilyini və baş verənlərdən xəbərsiz olmadıqlarıni inandırmağa çalışırdılar. Öz növbəsində, qonaqlar ölkələrində insan hüquqlarının demək olar hər addımda pozulduğunu və sistemik dəyişikliyə ehtiyac olduğunu vurğulayıblar. Xüsusilə də Azərbaycan və Ermənistanda baş verənlər zalda böyük maraq oyadıb.

Problemlər demək olar eynidir: Korrupsiya, məmur özbaşınalıqları, hakim zümrənin ildən ilə varlanaraq özünütəcridi, sosial ədalətsizlik, müxalifətin susdurulması, medianın təqibi və sair. Hər iki ölkədə hakimiyyətlər "Qarabağ kartı"ndan demokratik islahatlardan yayınmaqda məharətlə istifadə edir. Azərbaycanı diskussiyada hüquqşünas Erkin Qədirli və FAR Mərkəzinin sədri Hikmət Hacızadə təmsil edib. Ekspertlər Azərbaycanda insan hüquqlarının mütəmadi pozulduğunu və sistematik dəyişikliyə ehtiyac olduğunu vurğulayıblar.

E.Qədirli Azərbaycanda korrupsiyanın siyasi sistemin tərkib hissəsi olduğunu deyib. Onun sözlərinə görə, Azərbaycanda sistem elə formalaşıb ki, insanlar haqqı olan imtiyazlara görə də rüşvət ödəməli olurlar. Nəticədə bütün cəmiyyət kriminallaşır. Bu, isə o deməkdir ki, hökumətin daim istənilən vətəndaşı cəzalandırmaq üçün əlində bir əsas olur.

Ən acınacaqlı vəziyyət Azərbaycanda hesab olunur. Bakıda 60 minədək insanın şəxsi mülklərinin zorla əlindən alınması barədə xəbər zalda demək olar şok effekti yaradıb. Hüquqşünaş Erkin Qədirlinin dediklərinə görə, "sistem yararsızdır, insanlar hüquqi yolla haqlarını müdafiə edə bilmir".

FAR Mərkəzinin sədri Hikmət Hacızadə Azərbaycanda insan haqları anlayışını mütəşəkkil qüvvə olaraq ilk dəfə Azərbaycan Xalq Cəbhəsinin gətirdiyini bildirib: “1980-ci illərin sonunda cəmiyyətdə demokratik dəyərlər barədə ictimai müzakirələr başlandı. 1992-ci ildə hakimiyyətə gələn Xalq Cəbhəsi demokratik normaların idarəçilikdə əks olunmasına prioritet kimi baxırdı”.

H.Hacızadənin sözlərinə görə, Rusiyanın köməyi ilə baş verən dövlət çevrilişi nəticəsində Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanın demokratiyaya istiqamətini dəyişdi: “Qısa bir müddətdə Azərbaycanda siyasi məhbusların sayı xeyli artdı. Mətbuata sərt senzura tətbiq olundu. Cəmiyyətdə siyasi azadlıqlar boğuldu”.

“Heydər Əliyev İosif Stalin və ya Səddam Hüseyn deyildi. İnsanlar öz mətbəxlərində hökuməti tənqid edə bilərdilər. Amma bu tənqidlərin ictimai müstəviyə çıxarılması qadağan idi. Yaxud, 2-3 minlik tirajlı qəzetlərə icazə verilirdi. Bunlar Əliyevə ona görə lazım idi ki, xaricdən müşahidəçilər gələndə onlar üçün Azərbaycanda demokratiya görüntüsü yaratsın; məhdud sayda qəzetləri və ya müxalifət partiyalarını xaricə göstərib Azərbaycanda demokratiya olduğunu iddia etsin. Onun oğlu İlham Əliyevdə isə belə bir məharət olmadığından o, plüralizmin istənilən elementinə təhlükə kimi baxır, hətta 2-3 minlik tirajı olan qəzetləri və yerdə qalan müxalifət partiyalarını da təqib edir. Bu baxımdan İlham Əliyev Heydər Əliyevdən fərqli olaraq, tənqidi fikrə daha dözümsüzdür”. Buna nümunə olaraq Hikmət Hacızadə 2010-cu il parlament seçkilərində həqiqi müxalifətin büsbütün parlamentə buraxılmadığını göstərib.

Mediaya qarşı təqiblərdən bəhs edən politolog Hikmət Hacızadə ən son Rafiq Tağının başına gələnləri nəql edərək deyib ki, "indi bizim öz Salman Rüşdimiz var".

Azərbaycanda rejimin neftə arxalanaraq xalqını əzməsnin “ərəb baharı” regionu ilə müqayisə edən erməni və gürcü analitiklər bu vəziyyətin "regionda analoqu olmadığını" nəzərə çatdırıblar.

Müzakirələrdə yaxından iştirak etmiş bir ABŞ diplomatı isə bildirib ki, sözsüz, qaldırılan narahatlıqlar ABŞ-Azərbayjan dialoqlarında və insan haqları hesabatlarında əksini tapacaq. Bununla yanaşı, Vaşinqton insan haqları pozuntularının qarşısını almaq işində rəsmi kanalların tam tükənmədiyinə inanır və tezlikllə Bakıda böyük dəyişikliklərin baş verəcəyinə ümid edir. Öz növbəsində vətəndaş cəmiyyəti də nüfuzunu qorumalı, hakimiyyətin "cızıqdan çıxmasına" imkan verməməlidir.


Geri qayıt