Əsas Səhifə > Ölkə, Manşet > SUMQAYIT DÖVLƏT UNİVERSİTETİNDƏ NƏ BAŞ VERİR?

SUMQAYIT DÖVLƏT UNİVERSİTETİNDƏ NƏ BAŞ VERİR?


24-03-2013, 13:32
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİNDƏ NƏ BAŞ VERİR?
REKTORUN QOHUMBAZLIQ SİYASƏTİ “GÜL AÇIB”

DİA.AZ: - Sumqayıt Dövlət Universitetində (SDU) yer almış çox saylı problemlər tələbələri əsl gizli təşkilat yaratmağa sövq edib. Bu tələbələrin tək dərdi isə təhsil aldıqları ali məktəbi nə vaxtsa rüşvət və korrupsiya buxovlarından azad olmuş görməkdir. Elə təşkilatın adı da onun məramlarına tam aydınlıq gətirə bilər: “Rüşvətsiz Təhsil Hərakatı”..

Hərəkatın üzvləri başa düşülən səbəblərdən öz kimliklərini gizli saxlasalar da, artıq uzun müddətdir ki, DİA.AZ-a davamlı olaraq məlumatlar yollamaqdadırlar. Elə SDU-da cərəyan edən son hadisələr barədə məlumatlar da bir çox hallarda redaksiyamıza məhz onların təqdim etdikləri şərhlərlə daxil olur.

DİA.AZ-a yazılanlardan aydın olur ki, Sumqayıt Dövlət Universitetində yaşanan problemlərdən biri də rektor Nadir Qəhrəmanov tərəfindən israrla həyata keçirilən “qohumbazlıq siyasəti” ilə bağlıdır. Məhz bu siyasətin nəticəsi olaraq universitetin ştat siyahısı “ölü canlarla” xeyli zəngindir. Məlumatlarda bildirilir ki, Nadir Qəhrəmanov universitetə rektor təyin edildikdən sonra ilk olaraq qardaşı Rəşid Qəhrəmanovu “Ümumi Kimya” kafedrasına müdir təyin etmişdi. Növbəti təyinat isə universitetdə ümumiyyətlə böyük təəccüb və anlaşılmazlıqla qarşılanmışdı.

Belə ki, rektor orta məktəbdə riyaziyyat müəllimi işləyən Polad adlı daha bir qohumunu universitetin “Riyaziyyat” kafedrasına müdir təyin etmişdi. N.Qəhrəmanovun kadr siyasətinə dair daha bir maraqlı məlumatda isə qeyd olunur ki, rektorun gəlini A.İsmayılzadənin adı SDU-da dosent kimi getsə də, əslində o, Bakıda yerləşən modalar evinə rəhbərlik edir.

Mövzu ilə bağlı digər informasiya vasitələrində yayımlanan məlumatlarda isə göstərilir ki, N.Qəhrəmanovun oğlu, qızı və kürəkəni də SDU-da çalışırlar və həm də onlar universitetə testdən kənar üsullarla qəbul ediliblər. Sumqayıt Dövlət Universitetində artıq adi hala çevrilmiş özbaşınalıqların sonu görünmür. Nəzərə almaq lazımdır ki, bu ali təhsil müəssisəsində gedən proseslər ölkənin bir çox informasiya vasitələri tərəfindən diqqətlə izlənilir. Bir tərəfdən SDU-da yer almış “adi” korrupsiya halları, digər tərəfdən isə universitet daxilində aparılan intriqalar baş verənlərin müzakirələrə çıxarılması ilə yanaşı, müəyyən məqamların araşdırılmasını da maraqlı edir.

Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq. Bizi izləməkdə davam edin...

Geri qayıt