Əsas Səhifə > Siyasət, Manşet > BAYIL SAKİNLƏRİ BƏYLƏR ƏYYUBOVDAN ŞİKAYƏT EDİR
BAYIL SAKİNLƏRİ BƏYLƏR ƏYYUBOVDAN ŞİKAYƏT EDİR19-03-2013, 11:27 |
GENERALIN ƏLALTILARI VƏTƏNDAŞLARI ONUN ADINDAN HƏDƏLƏYİRLƏR DİA.AZ: - Bakının mərkəzi rayonu olan Səbayelin Bayıl qəsəbəsinin sakinləri redaksiyamıza şikayətçi düşüblər. Onları narazı salan Xüsusi Dövlət Mühafizə Xidməti idarəsinin rəis müavini, prezidentin şəxsi mühafizəsinin rəisi general Bəylər Əyyubovun adamlarıdır. Bu barədə DİA.AZ-a narazılıqlarını bildirən qəsəbə sakinlərinin sözlərinə görə, bu gün Bayıl qəsəbəsində onlarla obyekt, otellər, binalar Bəylər Əyyubovun adamlarına məxsusdur: «Bizim buna etirazımız yoxdur. Adamın imkanı var, tikir… Amma bizi narazı salan Bəylər Əyyubovun adamlarının özbaşınalıqlarıdır». Sakinlər bildirir ki, qəsəbə ərazisindən keçən Qurban Abbasov küçəsində Bəylər Əyyubovun artıq iki oteli fəaliyyət göstərir və indi də general üçüncü otelini inşa etdirir: «Həmin otel əslində heç də yer baxımından münasib deyil. Yəni birmərtəbəli yaşayış evlərinin qarşısında otelin fəaliyyət göstərməsi münasib olmasa da, Bəylər Əyyubovun pulunun və mövqeyinin hesabına bu fəaliyyətini sürdürür. Buna da sözümüz yox. Amma indi üçüncü bir oteli inşa etdirir ki, bu inşaat işləri də bizi cana doyurub». Sakinlərin sözlərinə görə, gecə-gündüz demədən həyata keçirilən inşaat işləri zamanı onların yol kənarında saxladıqları şəxsi maşınları da xeyli zərər görüb: «Xüsusi maşınlar vasitəsilə inşaat yerinə semen şırnağı vururlar. Bu zaman həm yolun yarısını kəsirlər, hərəkəti keçilməz edirlər, həm də bizim maşınları təhlükə altına atırlar. Dəfələrlə şikayət etmişik. Bizi eşidən yoxdur. Hətta tikintinin fəhlələri belə bizi hədələyirlər və deyirlər ki, bura Bəylər Əyyubovundur, gücünüz çatırsa, sözünüzü ona deyin». Sakinlər bildirir ki, həmin yeni otelin inşaasına Bəylər Əyyubovun yaxın qohumu kimi qələmə verilən Rauf adlı şəxs rəhbərlik edir: «Bu adama nə polis bir söz deyə bilir, nə də bir kimsə. İndi biz də çarəsiz şəkildə bu otelin tikintisinin bitməsini gözləyirik. Amma Bəylər Əyyubovdan bir xahişimiz var ki, heç olmasa, tikintini aparan fəhlələrə bir qədər tərbiyəli davranmağı məsləhət görsün. Onsuz da biz bu tikintini durdura bilmərik. Hətta tikintinin sonradan sürüşmələrə səbəb olacağını söyləsək belə, durmayacaq. Vaxtilə həmin ərazidə «Lukoyl» «zapravka»sı var idi və o da Bəylər Əyyubovun otellərindən birinin inşası zamanı çökmüşdü. Amma nə oldu? Kimsə inşaatı durdurmadı. Elə buna görə də, tək xahişimiz fəhlələrə mədəni rəftarın öyrədilməsidir». Geri qayıt |