Əsas Səhifə > Gündəm, Manşet > ANTİKORRUPSİYA PROSESİNDƏN KƏNAR QALAN GÖMRÜK

ANTİKORRUPSİYA PROSESİNDƏN KƏNAR QALAN GÖMRÜK


18-03-2013, 10:34
ANTİKORRUPSİYA PROSESİNDƏN KƏNAR QALAN GÖMRÜK
DGK SİSTEMİNİN NÜFUZLU OLİQARXLARINDAN OLAN SƏFƏR MEHDİYEV KİMDİR

DİA.AZ: - Gömrük Komitəsinin ölkədə ən korrupsiyalaşmış, ən çox qanun pozuntularına yol verilən, əhalinin hüquqlarının ən çox pozulduğu qurumların başında gəldiyi artıq uzun illərdir heç kimdə şübhə doğurmur. Qurumda baş verən qanunsuzluqların və korrupsiyanın miqyası o qədər böyükdür ki, əminliklə komitənin hər il dövlət büdcəsinə köçürdüyü pulun iki qatı qədəri gömrük orqanlarında rəhbər postlarda əyləşən bu və ya digər məmurların ciblərinə axır.

Gömrük Komitəsi ilə bağlı son aylarda və illərdə yayılan korrupsiya məlumatlarında adı çox hallanan şəxslərdən biri isə komitə sədrinin birinci müavini Səfər Mehdiyevdir. Bu günə qədər S.Mehdiyevin gömrükdə yol verdiyi maxinasiyalarla bağlı dəfələrlə müxtəlif məlumatlar, faktlar iddia və ittihamlar dərc olunub.

Hələ iki il əvvəl ölkə rəhbərliyi prezident İlham Əliyevin tapşırığı ilə korrupsiya ilə mübarizəyə başlayanda mətbuatda yazılanlardan biri o idi ki, bu mübarizə ilk olaraq DGK-dan başlayacaq. Həmin ərəfələrdə korrupsiyaya yol verdiyi üçün vəzifədən çıxarılaraq həbs ediləcək ilk şəxslərdən birinin Aydın Əliyevin birinci müavini S.Mehdiyev olacağı iddia edilirdi. Ancaq sonradan məlum oldu ki, S.Mehdiyev hakimiyyətdəki adamlarının da yardımı ilə bu “vurulma” prosesini sovuşdurmağı bacarıb.

Məlumatlarda bildirilirdi ki, S.Mehdiyevin vəzifədən kənarlaşdırılması hakimiyyətin yuxarı dairələrində razılaşdırılsa da, sonradan hansısa “görünməz qüvvə” onun taleyini müdaxilə etməyi bacarıb. Bu iddiaların əsas səbəblərindən biri isə o idi ki, S.Mehdiyev ölkədə onlarla adda məhsulu inhisarına alır, onların bazar qiymətlərini şəxsən müəyyən edir. O isə taxılı ancaq özünün yaxın adamlarına satır və bütün bazarda qiyməti özü təyin edirdi.

Yeri gəlmişkən qeyd edək ki, S.Mehdiyev generaldır və ölkədə monopoliyalarla bağlı əsas sorumlulardan biri hesab olunur. DGK-dakı bütün bölgüləri və alış-verişi də o, özü aparır.

S.Mehdiyev haqqında səslənən iddialardan biri isə odur ki, Hindistandan ölkəmizə gətirilən bütün ət məhsulları onun monopoliyasındadır.

DİA.AZ-a daxil olan məlumatlara görə, hazırda bazarda Hindistandan mal ətinin idxalı və satışı ilə S.Mediyevin yaxın adamı olan Gündüz adlı şəxs məşğul olur. Adı çəkilən Gündüz həm də S.Mehdiyevin doğma bacanağıdır.

“Babək” və “Orxan” şirkətlərinin sahibi olan Gündüz adlı bacanaq Hindistandan ölkəmizə idxal olunan ətlərinin monopolistidir. Bu gün Gündüzdən başqa heç kim Azərbaycana dondurulmuş ət və ət məhsulları gətirə bilməz. Bu ət inhisarını isə ona bacanağı Səfər Mehdiyev hədiyyə edib. Gündüz bacanağının hədiyyəsi ilə bundan sonra 100 il işləməsə də, pula ehtiyacı olmaz.

Onu da bildirək ki, hər ay ölkəyə Hindistandan 1000 tona yaxın ət idxal edilir. Bu, ildə 12 min ton ət deməkdir. Hər kiloqramdan 2,1 manat gəlir götürülürsə, bu, ildə milyonlarla manat gəlir deməkdir. Bu pulların isə çox az bir hissəsi dövlət büdcəsinə daxil olur, qalan pullar isə S.Mehdiyev və onun monopolist bacanağına qalır.

Qeyd edək ki, ət idxalının monopolisti həm də kolbasa bazarını inhisara götürməyə hazırlaşır. Şübhəsiz ki, bazar inhisara alındıqdan sonra burada da qiymətlər qalxacaq, keyfiyyət düşəcək.

S.Mehdiyevin digər bacanağı Azər isə Azərbaycana gətirilən avtomobil mühərriki yağlarını monopoliyasına alıb. O, həmçinin, böyük transport şirkətinin sahibidir. Bu şirkət isə Azərbaycana elə adamların yüklərini gətirir ki, həmin adamlar gömrükdə kimə nə qədər rüşvət verəcəklərini əvvəlcədən bilirlər. Bu şirkət gömrükdə haqqını tələb edən heç kimin malını ölkəyə gətirmir. Bir neçə dəfə tanımadığı müştərilərin yüklərini daşıyan şirkət rəhbərliyi gömrükdə onların haqq tələb etməsinin və rüşvət verməkdən imtinasının ardından bu cür müştərilərlə işləməkdən vaz keçiblər.

Görünən odur ki, dövlətin aidiyyatı qurumları S.Mehdiyevin gömrük sistemindəki bu maxinasiyalarına son qoymasa, onun bu cür qanunsuzluq və korrupsiya fəaliyyətləri hələ uzun illər də davam edəcək.

Növbəti yazılarımızda S.Mehdiyevin monopoliyasında olan başqa biznes sahələrindən yazacağıq.

Onun ölkəyə gətirilən viskilərin idxalına nəzarəti Mircavad adlı şəxsə həvalə etməsini barədə geniş araşdırmamız olacaq. Həmçinin, Mircavad adlı həmin şəxsin sahibi olduğu marketə işçi götürərkən, baş verən bir sıra ilginc məqamlar barədə məlumat verəcəyik. Qeyd edək ki, həmin işəgötürmə prosesi baş tutmasa da, Mircavad o hadisədən sonra 4 polisin müşaiyəti altında gəzir.

Bizi izləməyə davam edin.

Geri qayıt