Əsas Səhifə > Ölkə, Manşet > DYP ƏMƏKDAŞI ARDNŞ ŞEFİNƏ NECƏ “XOD” TAPA BİLİB?

DYP ƏMƏKDAŞI ARDNŞ ŞEFİNƏ NECƏ “XOD” TAPA BİLİB?


15-03-2013, 11:59
DYP ƏMƏKDAŞI ARDNŞ ŞEFİNƏ NECƏ “XOD” TAPA BİLİB?
CƏMŞİD HƏNİFƏYEVLƏ BAĞLI İLGİNC FAKTLAR

DİA.AZ: - Dünən Baş Dövlət Yol Polisi İdarəsinin motosiklet-eskort rotasının komandiri Cəmşid Hənifəyevlə bağlı ilginc faktları diqətinizə təqdim etmişdik və bildirmişdik ki, bu istiqamətdən DİA.AZ-a xeyli sayda məlumatlar daxil olduğundan araşdırmamızın davamı da olacaq.

Beləliklə, Cəmşid Hənifəyevlə bağlı səslənən iddialar arasında ən maraqlı məlumat ondan ibarətdir ki, o, ARDNŞ prezidenti Rövnəq Abdullayevin şəxsi kortejinin rəhbəri kimi davranır. Belə ki, qaynağımızın DİA.AZ-a verdiyi məlumata görə, C.Hənifəyev Rövnəq Abdullayevin maşınının önündə gedərək, onu müşaiyət edir.

Mənbəmiz bildirir ki, C.Hənifəyevin R.Abdullayevlə tanışlığı da maraqlıdır. O, hər gün səhərlər Bakı Əyləncə Mərkəzinə və ya “Astoriy”a SPA Mərkəzinə üzgüçülüyə gedən R,Abdullayevlə tanışlığına təsadüfi don geydirmək üçün guya onunla adı çəkilən obyektlərin qarşısında təsadüfən rastlaşır. Daha sonra isə ARDNŞ prezidenti ilə münasibətlər quraraq, öz qardaşı Cəlil Hənifəyevi ARDNŞ-in Marketinq Departamentinin satış şöbəsinin rəis müavini vəzifəsinə düzəltməyə nail olur.

Bundan sonra da R. Abdullayevin şəxsi müşaiyətçisinə çevrilən C.Hənifəyev ARDNŞ prezidentindən daha bir iş qopartmağa nail olur. Belə ki, mənbəmizin bildirirdiyinə görə, o, bu dəfə də ARDNŞ prezidentindən qurumun “Buta Palace”in arxasında inşa etdirdiyi atçılıq kompleksinin tikintisinin və texnikasının işlədilməsinin ona verilməsinə nail olub.

Hətta mənbə iddia edir ki, bu işi gördüyünə görə, C.Hənifəyev R.Abdullayev tərəfindən mükafatlandırılır. Belə ki, ARDNŞ prezidenti ona “Cam Shida-Vito”, Mersedes “S-Class” və dəyəri 100 min manatdan baha olan “Gallenvagen” avtobillərini hədiyyə edir.

C.Hənifəyev bütün bunlardan sonra R.Abdullayevdən “Xalqlar Dostluğu” metrosu ətrafında Heydər Əliyev Parkındakı yerləşən “MADO” kafesi və oradakı bir neçə çayxananı istəyir və təbii ki, alır. Bu obyektləri isə öz növbəsində xalası uşaqlarına verir.

Mənbəmiz bildirir ki, hazırda Cəmşid Hənifəyevin əsas işi qardaşı Cəmil Hənifeyevi ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar Departamentinin rəhbəri Adnan Əhmədzadənin gözündə qaldırmaq istəyidir. Belə ki, mənbə bildirir ki, C.Hənifəyev bunun üçün A.Əhmədzadənin getdiyi “Mamunya” klubun qarşısında post qurub, R.Abdullayev üçün göstərdiyi şəxsi müşayiətçi işini eynilə A.Əhmədzadə üçün də görür ki, onunla da münasibətlərini yaxşılaşdırsın.

O, bununla bir daşla iki quş vurmaq istəyir. Həm adı çəkilən iki şəxsin köməkliyi ilə öz biznesini genişləndirmək, həm də qardaşı Cəmil Hənifəyevin ARDNŞ-dəki yerini möhkəmləndirmək istəyir.

Yeri gəlmişkən, oxucularımızın nəzərinə bir maraqlı məlumatı da çatdıraq. Belə ki, C.Hənifəyev özünü ARDNŞ prezidenti R.Abdullayevə sadiq göstərmək üçün əslən naxçıvanlı olan tanınmış bir idmançının adından istifadə edirmiş. O, guya həmin idmançının ARDNŞ prezidentinin qohumlarını oğurlamaq üçün güddüyünü bildirir, bununla da R.Abdullayevin yanında müsbət imic qazanmağa çalışırmış. Araşdırmalarımız nəticəsində öyrəndik ki, həmin tanınmış idmançının adı Güloğlandır. Maraqlısı isə budur ki, Güloğlan adlı bu idmançının R.Abdullayevin qohumlarını oğurlamaq və ya başqa bu kimi fikri heç vaxt olmayıb. Sadəcə, C.Hənifəyev özünü ARDNŞ rəhbərinin gözünə soxmaq üçün belə söz-söhbət yayıb və Güloğlanın adını da öz oyunu üçün hallandırıb. Güloğlanın bu söhbətlərdən xəbərsiz olduğu da öyrəndiyimiz məlumatlar arasındadır.

Qarşı tərəfi də dinləməyə hazırıq. Bizi izləməkdə davam edin. Yazının ardı mütləq olacaq...

Geri qayıt