Əsas Səhifə > Gündəm, Manşet > RAMİZ MEHDİYEV HAKİMİYYƏTDƏN ÇOX UZAQ DÜŞÜB

RAMİZ MEHDİYEV HAKİMİYYƏTDƏN ÇOX UZAQ DÜŞÜB


15-03-2013, 09:01
RAMİZ MEHDİYEV HAKİMİYYƏTDƏN ÇOX UZAQ DÜŞÜB
PA ŞEFİNİN MÜSAHİBƏSİ ONUN HANSI MÖVQEDƏ DURDUĞUNU AŞKARLADI

DİA.AZ: - Bəli, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev uzun fasilədən sonra bütün suallara cavab verən müsahibəsini «AzərTAC» dövlət agentliyi vasitəsilə yaydırdı. Hər halda, bu müsahibənin birbaşa olaraq jurnalistin təsadüfi sualları nəticəsində diktafondan qələmə alınmadığı hiss olunandır. Amma önəmli olanı bu deyil. Önəmli olanı odur ki, PA şefi əslində bu müsahibəni ortaya çıxartmaqla həm son zamanlar baş verən bütün proseslərin arxasında dayandığını hiss etdirməyə çalışdı, həm də ən önəmlisi - HƏLƏ DƏ AYAQDA OLDUĞUNU nümayiş etdirdi.

Təbii ki, bütün bunlar bir siyasi gedişdir və müsahibənin jarqonundan da aşkar surətdə duyulur ki, hər şeydən danışaraq heç nə deməyən Ramiz Mehdiyev özünün hədələyici təbiri ilə təkcə açıq şəkildə üzərinə yeridiyi müxalifəti nişan götürmədi, eyni zamanda bu gün onun gedişinə çalışan iqtidar içindəki qüvvələri də yerində oturtmağa hazır olduğunu bəyan etmiş oldu. Bu isə hələ böyük və acımasız savaşın irəlidə olması anlamına gəlməkdədir.

DİA.AZ bildirir ki, əslində Ramiz Mehdiyevin belə bir açıqlamaları mətbuat vasitəsilə yayımlaması gözlənilən idi. Əks halda PA şefi çox itkilərə uğraya bilərdi və ictimai rəydə formalaşan qənaətlər onun bitiş nöqtəsini daha da yaxınlaşdırmaqda idi. Çünki bu gün hər kəs İsmayıllıda və digər «qaynar nöqtələrdə» baş verən olayların, həmçinin əsgər ölümləri faktına reaksiyaların süni şəkildə şişirdilməsinin arxasında məhz Mehdiyevin dayandağını gözəl bilir. Odur ki, Mehdiyev bu yolla nəyəsə nail olmadığını yaxşı gördüyündən hakimiyyətə lazım olduğunu göstərməyə çalışan bir müsahibəni verməli idi. Bu gün Ramiz Mehdiyevin Roma Papasından da böyük katoiklikliyi də kifayət qədər saxta görünür. Çünki artıq onun ümumiqtidar maraqlarından qoparaq nə qədər kənarda qaldığını sezməmək mümkün deyil. Dünənə qədər daha çox samballı, fundamental, daha çox ideya aşılayıcı ifadələri ilə mətbuatda görünməyə çalışan Ramiz Mehdiyev bu dəfə hakimiyyətin despotik tərəfinin ən fəal mübarizi olduğunu çılpaqlığı ilə ortaya qoydu ki, bu da onun ən böyük yanlışı hesab olunmalıdır.

Ramiz Mehdiyev hakimiyyətin üzərində dayandığı süngülərin sahibi olduğunu nümayiş etdirməyə çalışdı. Amma bu çabalar əslində prezident İlham Əliyevin son zamanlar start düyməsini basdığı yeni siyasi dönəmlə, yeni siyasi kursla heç də ayaqlaşan bir tərz deyildi. 12 fevral müşavirəsində İlham Əliyev sahibkarların, vətəndaşların haqqlarından danışırdısa, dünənki müsahibəsilə Ramiz Mehdiyev üzünü müxalifətə tutaraq bütün narazı vətəndaşları hədələyirdi. İlham Əliyev məmurların, məmur yaxınlarının harınladığını bildirərək onları hədələyirdisə, Ramiz Mehdiyev həmini harın məmurlara qol-qadan verərək prezidentin bu sərt çıxışını sıradan özünütənqid jesti kimi təqdim etməyə çalışdı. Bütün bunlar isə daban-dabana zidd mahiyyətdə olduğundan Ramiz Mehdiyevin yeni hakimiyyət idarəçiliyində yerinin olmadığını bir daha nümayiş etdirmiş olur.

Bəli, əslində Ramiz Mehdiyevin 5 qəzet səhifəsi həcmində olan müsahibəsini geniş şəkildə təhlil etmək də olardı. Amma nə hacət… Daha çox özünütəsdiqə hesablanmış bu müsahibənin hansı əhəmiyyətdə effektiv olduğunu Ramiz Mehdiyevin ünvanına birbaşa olaraq səslənən ittihamların qarşısında heç nə deməməsi ilə müəyyən etmək olar. Bəli, Ramiz Mehdiyev mandat bazarlığından və bu bazarın indi də qalıb-qalmamasından danışmadı… Danışa da bilməzdi. Və əgər bu gün Rapmiz Mehdiyevin aşkara cavab verə bilmədiyi suallar varsa, deməli, artıq iş çoxdan bitib. Hətta 5 səhifəlik müsahibə belə heç nəyi dəyişməyəcək. Çünki Mehdiyevin müsahibədəki ruhu İlham Əliyevin müşavirədəki ovqatı ilə heç uyuşmur…

Geri qayıt