Əsas Səhifə > Hadisə, Manşet > MİSİR MƏRDANOVUN SAXTAKARLIĞI
MİSİR MƏRDANOVUN SAXTAKARLIĞI29-11-2011, 16:30 |
NAZİR NƏDƏN SAXTA DİPLOMLU MƏMURLARI GÖRMÜR? DİA.AZ: - "Saxta diplomlarla bağlı proses ciddi şəkildə davam edir". Bunu təhsil naziri Misir Mərdanov jurnalistlərə verdiyi son açıqlamada deyib. Nazir bildirib ki, hələlik bununla bağlı dəqiqləşdirmələr aparılır, bu iş artıq yekunlaşmaq üzrədir. M. Mərdanovun sözlərinə görə, bir həftədən sonra Təhsil Nazirliyində saxta diplomlarla bağlı geniş kollegiya iclası keçiriləcək: "Orada dəqiq rəqəmlər, bununla bağlı vəziyyətin necə olması haqda ictimaiyyətə geniş məlumatlar veriləcək. Saxta diplomlarla bağlı problem kütləvi şəkildə olmasa da, əvvəllər də olub. Bunun qarşısını almaq üçün müəyyən tədbirlər görürdük. Son zamanlar isə bu işə daha ciddi yanaşmışıq. Bu, ölkədə təhsili qorumaq və təhsilin keyfiyyətini artırmaq üçün atılan addımdır. Hazırda təhsil və elm Azərbaycan üçün daha önəmlidir. Bu baxımdan bu işə daha ciddi yanaşılır". İlk baxışdan Misir Mərdanovun bu açıqlaması normal görünür. Amma məsələnin daha geniş təhlili sübut edir ki, təhsil naziri əslində hansısa islahatlar aparmır, sadəcə olaraq "gözə kül üfürməklə" məxfi planını həyata keçirir. Əvvəla, təhsil naziri bəyan edir ki, hazırda təhsil və elm Azərbaycan üçün önəmlidir və bu üzdən də saxta diplomlu şəxslərə qarşı ciddi mübarizəyə başlanılıb. Olduqca paradoksal bir durum yaranıb. Hörmətli Misir müəllim bu açıqlamayla nə demək istəyir, bəyəm əvvəllər təhsil və elm ölkəmiz üçün o qədər də önəmli deyildi? Açıqlamadakı digər bir ziddiyyət dolu boşluq isə Mərdanovun "saxta diplomlarla bağlı problem kütləvi şəkildə olmasa da, əvvəllər də olub. Bunun qarşısını almaq üçün müəyyən tədbirlər görürdük, son zamanlar isə bu işə daha ciddi yanaşmışıq" cümləsidir. Amma Misir müəllim nədənsə əvvəllər »görülən tədbirlər» haqda inadla susur və hər hansı konkret fakt göstərməkdən yayınır. Təbii ki, belə bir fakt yoxdur və əgər olsaydı nazir bunu məmnuniyyətlə açıqlayardı. Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, nədənsə söhbət saxta diplomlarla bağlı məsələdən düşəndə adamların bu diplomları necə, hansı yollarla və kimlərin əliylə əldə etməsi mövzusundan yayınırlar. Axı hansısa ali məktəbin diplomu bazarda satılmır və vətəndaş da onu dükandan əldə edə bilməz. Belə olan halda Misir müəllim buyurub açıqlama versin görək, saxta diplom verən hansısa vəzifəli şəxs haqqında araşdırma aparılıbmı? Biz heç kiminsə barəsində cinayət işinin qaldırılmasını da yox, sadəcə araşdıırmanın aparılmasını nəzərdə tuturuq. Halbuki bu cinayət tərkibli əməldir və belə bir cinayətə yol vermiş şəxslər dərhal məhkəmə qarşısında dayanmalıdırlar. Amma bunun əvəzində nə baş verir? O baş verir ki, sıravi həkimlər və ya müəllimlər "diplomun saxtadır" (daha həmin diplomu ona kimin satdığı araşdırılmadan) ittihamı ilə işdən azad olunur. Bu da azmış kimi yüksək vəzifə tutan onlarla vəzifəli şəxsin diplomu kifayət qədər şübhəli olmasına rəğmən onlara »gözün üstə qaşın var» deyən olmur. Fakt istəyirlərsə onlarla bu kimi faktlardan yalnız birini təqdim edirik. Müstəqil qəzetlərin dəfələrlə yazmasına baxmayaraq, Dövlət Gömrük Komitəsinin sədr müavini Nazim Xeyrulla oğlu Məmmədovun diplomunun saxta olub-olmaması ilə maraqlanan yoxdur. Məlumat üçün bildirək ki, Nazim Məmmədov 1951-ci il oktyabrın 8-də Naxçıvan MR Ordubad şəhərində anadan olub. Onun tərcümeyi halında 1999-cu ildə "Təfəkkür" Universitetinin hüquq fakultəsini bitirdiyi qeyd olunub, diqqət yetirin həmin vaxt artıq Nazim Məmmədovun nə az, nə çox 48 yaşı olub. Əmək fəaliyyətinə 1973-cü ildə Ordubad şəhərində baytarlıq stansiyasında başlayan N.Məmmədovun hansı keyfiyyətlərinə görə Gömrük Komitəsi kimi strateji bir struktura gətirilməsi isə ayrıca bir yazının mövzusudur. Xatırladaq ki, N.Məmmədov 1995-ci ildən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində çalışır. 2007-cı ilin 28 dekabrından isə Azərbaycan Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsində xidmət edir. P.S Misir Mərdanov saxta diplomlara qarşı mübarizəsində səmimidirsə bu məsələyə reaksiya versin və mövzunu şəxsi nəzarətinə götürsün. Geri qayıt |