Əsas Səhifə > Cəmiyyət > ASTARANIN İCRA BAŞÇISINA DƏLƏDUZLUQ İTTİHAMI

ASTARANIN İCRA BAŞÇISINA DƏLƏDUZLUQ İTTİHAMI


14-03-2013, 11:36
ASTARANIN İCRA BAŞÇISINA DƏLƏDUZLUQ İTTİHAMI
MASALLI SAKİNİ ŞİKAYƏTÇİDİR

Masallı şəhəri, D.Əbilova küçəsi, ev-21 sakini Elnur Həsənov “Azadlıq”a məktub göndərib. Masallı sakininin problemi həll olunmadığından o, mətbuata üz tutub:
“Masallı RIH-in vəzifəli şəxsləri olan Laçın Sadıqzadə, Məmmədhüseyn Hüseynov, Sirac Isayev Masallı RIH-in sabiq icra başçısı Qəzənfər Ağayevlə əlbir olaraq vəzifəli şəxs kimi onlara olan etibarımdan sui-istifadə edib. Onların aldatma yoluyla 45.000 manat dəyərində külli miqdarda əmlakımı alması faktıyla Korrupsiyaya Qarşı Mübarizə Idarəsinə müraciət etmişəm. Idarənin prokuroru Pərvin Quliyev qanuna müvafiq tədbirlər görməyib və işi barələrində şikayət verilən şəxslərə göndərib. Təkrar şikayət ərizələrimin araşdırılması Korrupsiyaya Qarşı Mübarizə Idarəsinin prokuroru Nazir Quliyevə həvalə olunub, lakin korrupsiya faktını ört-basdır etdiyi üçün P.Quliyev Neftçala rayon prokuroru vəzifəsinə təyin edilib.
Çoxsaylı müraciətlərim əsasında prokuror N.Quliyev idarəyə dəvət edərkən mənə hər şeyin qanun çərçivəsində, ədalətlə həll olunacağını bildirsə də, fəqət bəzi məsələlərin onun səlahiyyətində olmadığını dedi. N.Quliyevin məsləhətiylə hazırda Astara RIH başçısı vəzifəsində çalışan Q.Ağayevin qəbulunda üç dəfə olarkən, vəziyyəti ona izah edib pulumu tələb etmişəm. Cavabında isə o: “Demişəm, tapşırmışam, sənin pulunu qaytaracaqlar, ora-bura şikayət etmə, şikayət etməklə öz məsələni çətinləşdirirsən” deyib. Danışıqların məzmununu hər dəfə Korrupsiyaya Qarşı Mübarizə Idarəsinə bildirsəm də, onların bu məsələnin həllində aciz olduqlarını görmüşəm.
Bugünə qədər şikayət ərizələrimin həll olunmaması, ərizələrimin araşdırılması üçün qanuna zidd olaraq onların özünə göndərilməsi, əmlakımın qaytarılması üçün təsirli tədbirlərin görülməməsi adını çəkdiyim vəzifəlilərin yüksək dairədən himayə olunduğunu deməyə əsas verir. Müxtəlif dövlət orqanlarına verdiyim şikayətlərim həll olunmamaqla cavabsız saxlanılır, korrupsiya faktı gizlədilir. Hətta rəsmi şəkildə verdiyim ərizəmin əsasında qəbul olunmuş qərarın surəti indiyədək mənə göndərilməyib.
Araşdırma zamanı əldə olunmuş izahatlar, maddi sübutlar əsas verir ki, cinayət təqibinə başlanılsın. Prokuror P.Quliyev bu istiqamətdə əhəmiyyət kəsb edən sənədlər, sübutlar toplasa da tərəddüd edərək dələduzluq yoluyla əmlakımı ələ keçirən şəxslər barədə şikayəti onların özünə göndərib. Bu, qanunda nəzərdə tutulmayan və gülüş doğuran vəziyyətdir. Bu barədə dövlət başçısına, Prezident Administrasiyasına, Baş Prokurorluğa, Korrupsiyaya Qarşı Mübarizə Idarəsinə, Ombudsmana, həmçinin, müxtəlif orqanlara müraciətlərim nəticəsiz qalıb. Vəzifəli şəxslərin cinayət əməlləri, korrupsiya faktı KQMI-də açıq-aşkar ört-basdır edilir, onlara qarşı cəzasızlıq hökm sürür, vətəndaş kimi qanunla qorunan əmlak hüquqlarım pozulur.
Mənə qarşı vəzifəli şəxslərin özbaşınalığının, korrupsiya faktının gizlədilməsinin ictimailəşdirilməsini və bu məsələnin araşdırılmasını xahiş edirəm".

Geri qayıt