Əsas Səhifə > Gündəm, Manşet > HƏQİQƏTPUR YAP-ÇI DEPUTATI DİVARA DİRƏYİB
HƏQİQƏTPUR YAP-ÇI DEPUTATI DİVARA DİRƏYİB14-03-2013, 09:48 |
SİYAVUŞ NOVRUZOV ARTIQ NƏ QƏDƏR SƏHV ETDİYİNİN TAM FƏRQİNDƏDİR DİA.AZ: - Neçə müddətdir ki, iranlı parlamentari ilə Siyavuş Novruzov arasında mətbu polemika yaşanmaqdadır. Əslində burada suçun YAP-çı deputatda olduğu gün kimi aydındır. Ən azından o səbəbə görə ki, bu gün hər kəs fars nökərlərinin həyasızlığından, həyasızcasına tarixi faktları təhrif etməsindən xəbərdardır və bu gün hansısa tarixi məsələdə, məsələn, Azərbaycanın İran olmadığını sübuta yetirilməsində hansısa İran nökərinə ayaq uydurmaq imkansızdır. Çünki başdan-başa cəfəngiyyata qarşı heç bir dəlil səmərə verməz. Hər halda, cəfəngiyyatın fakt vasitəsilə inkarı qeyri-mümkün olub. Ona görə ki, başdan-ayağa cəfəngiyyatı söyləyən elə ilk başdan hansı dərəcədə həyasızlıq nümayiş etdirəcəyini bəlli edir və onun hansısa formada inkarının qəbuledilməz olacağı şübhəsizdir. DİA.AZ bildirir ki, buna görə də iranlı deputat Həqiqətpura baş qoşan Siyavuş Novruzov kimisi - zaman-zaman müxalifətə qarşı ittizhamları bir-birinin ardından düzmə qabiliyyətini nümayiş etdirmiş bir şəxs belə bu gün Həqiqətpurun qarşısında aciz görünür. Və buna görədir ki, Həqiqətpur hələ də danışır… DİA.AZ olaraq bu fars nökərinin növbəti sayıqlamasını olduğu kimi diqqətinizə təqdim edirik: «Aran İnformasiya Agentliyinin verdiyi məlumata əsasən, İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədr müavini Doktor Mənsur Həqiqətpur Azərbaycan Respublikası Parlamentinin hakim Yeni Azərbaycan Partiyasından olan deputatı Siyavuş Novruzova məktubunda onun son fikirlərinə cavab vermiş və Azərbaycan Respublikasının dövlət televiziyası vasitəsilə Qarabağ xainlərinin adlarını açıqlamağa hazır olduğunu bildirmişdir. Doktor Həqiqətpurun məktubunu olduğu kimi diqqətinizə çatdırırıq: Allahın adı ilə Cənab Siyavuş Novruzxan Salam Ümidvaram mənimlə debata girdiyinizə peşman olmamısınız. Hər halda, məntiqli bir debat qaydalarına görə, ya iddialarınızı sübuta yetirməli, ya da razılaşdığınızı bildirməlisiniz. Tövsiyə edirəm ki, aşkar xüsusiyyətiniz kimi görünən əsəbilikdən çəkinəsiniz. Çünki əsəbiləşərək Badkubənin möhtərəm parlament üzvünə yaraşmayan sözlər yazmanız mümkündür. Novruzxan! Yadınızdan çıxmasın ki, novruz gününə Araz çayının kənarında görüş təyin etmişik; razılaşmışıq ki, qardaşyana elmi söhbətlər edək. Həmin gün təzə paltar geyinməyi unutma. Yəqin ki, novruzun adət-ənənələrini bilirsən. Yeri gəlmişkən, novruz gününü təyin edə bildinmi? Bu, sizin miladi təqviminizdə çətin ola bilər. Hər halda, Novruzxan, əgər bunu tapa bilməsən, de kömək edim. Novruzxan, axırıncı məktubunda yazmısan ki, mən sənin sözlərinə cavab verməmişəm. Əziz qardaşım, sən kobudluqdan və ədəbsizlikdən başqa nə yazmışdın ki. Mən sənə onlarla elmi mövzu ünvanlayıb dedim ki, öz ana dilinizdə və əlifbanızda debata və yazışmaya hazıram. Əgər öz ana diliniz və əlifbanız da sizə çətin gəlirsə, buna da kömək edə bilərəm. Allah sizin əlifbanızı əlinizdən alanların günahından keçməsin! Onlar sizin mədəniyyətinizə böyük zərbə vurdular. Təəccüb edirəm ki, siz bu zərbəni aydınlıq və Qərbə inteqrasiya kimi qəbul edirsiniz. Özlərinin çürümüş mədəni irslərini gözümüzə soxan kommunistlər və sonra qərblilər sizin mədəniyyət və sivilizasiyanızı qarət etmiş, əlifbanızı almış, təqviminizi dəyişmişlər, siz isə Qərbə inteqrasiya edən aydınlar zümrəsinə qoşulduğunuzdan dolayı sevinirsiniz. Bu gün Qərb sivilizasiya adı altında sizin əlinizlə müsəlman qadınların namusunu ələ salır, bizim Azərbaycan Respublikasındakı müsəlman ana-bacılarımızın başından hicabı götürür, siz isə bu faciənin adını mədəni inkişaf qoyursunuz. Novruzxan! Bu gün əlinizdə olan imkanlara görə sabah Böyük Allahın qarşısında cavab verəcəksiniz; təbii ki, məada və qiyamət gününə inanırsınızsa. Yeri gəlmişkən, təklif edirəm bunu da müzakirə mövzularına əlavə edək, çünki məada etiqad zəifləsə, günah və xətalar baş alıb gedər. Novruzxan! Əgər yadınızdadırsa, debatlar üçün mənim kimi siz də münasib bildiyiniz elmi, mədəni, tarixi və siyasi mövzular göndərməli idiniz, ancaq indiyədək göndərməmisiniz. Ümumiyyətlə mövzu seçimində azadsanmı? Yoxsa digərlərindən icazə almalısan? Bilirsənmi bunu niyə soruşuram? Çünki siz qabaqkı yazışmalarda davamlı formada sözünüzü dəyişmiş, bu budaqdan o budağa hoppanmış, sonda böhtan və iftira yağdırmısız. Novruzxan, yadından çıxmasın, mənim ağam Əli ibn Əbu Talib buyurur ki, qurtuluş doğruluqdadır. Mən də sənin şər və yalandan uzaq durmanı istəyirəm. Cənab Novruzxan! Qarabağ və ermənilərə yardım haqda danışmısan. Əgər sənə bir ünvan versəm, Badkubənin parlament deputatı kimi onu araşdırarsanmı? Məmmədrəfi Məmmədovu tanıyırsanmı? İndiyədək Azərbaycan Nazirlər kabinetinin üzvü olan cənab dayı sənə Qarabağ haqda danışmayıb? Cənab Novruzxan! Sizin dövlət televiziyanız bizdə olan bəzi filmlərin yayımınz icazə verərmi? Siz bir deputat kimi dövlət qurumlarından və ölkənizin ordusundan Qarabağ həqiqətlərinə dair bəzi filmləri ala bilərsinizmi? Cənab Novruzxan! Qalada, Üçtəpədə və digər bölgələrdə yerləşən təlim qarnizonlarının döyüşçülərindən bizim ünvanımız və xidmətlərimiz haqda soruşa bilərsən. Ağdərə və digər döyüş zonalarının yerli əhalisindən də bizim barəmizdə məlumat ala bilərsən. Əgər dövlət rəsmiləri sizə həqiqətləri deməsələr, əmin olun ki, vəfalı və düşüncəli azərilər bir çox həqiqətləri söyləyərlər; təbii ki, siz və sizin təhlükəsizlik orqanlarınız bundan ötrü xalqı incitməsə. Əgər Azərbaycan dövlət televiziyasından mənim üçün vaxt ala bilsən, İslam torpaqları olan Qarabağa xəyanət edənlərin adlarını açıqlaya bilərəm. Novruzxan! Bilirsənmi sizin hansı məmurlarınız Xankəndidən, Xocalıdan, Gəncədən və digər yerlərdən qaçıb bir dəqiqə müqavimət göstərmədilər? Əgər Heydər Əliyev sağ olsaydı, sizə həqiqəti söyləyərdi. Mən sizin halınıza acıyıram; ya həqiqəti bilmirsiniz, ya da deyirlər ki, bilməyin. Siz möhtərəm deputat Qarabağ uğrunda gedən hansı döyüşdə iştirak etmisiniz? Bu barədə bizə bir qədər danışa bilərsən? Neçə nazir, deputat, yaxud hər hansı məmur – özləri, ya övladları Qarabağda vuruşub, şəhid olub və ya yaralanıb? Tarixin mühakiməsindən ötrü rəqəm deyə bilərsənmi? Doğrusu, Novruzxan, Badkubə parlamentinin siz möhtərəm deputatları indiyədək Qarabağın azadlığı istiqamətində hansı qanunları qəbul etmisiniz? Cənab Novruzxan! Əgər Qarabağ döyüşlərində iştirak etməmisənsə, parlamentdə Qarabağın azadlığı üçün bir iş görməmisənsə, səndə cihad və mübarizə yolu ilə Qarabağı azad etmək iradəsi yoxdursa, tövsiyə edirəm bu haqda söhbəti uyğun iradəyə malik olan və bəziləri dini etiqadlarını müdafiə etdiklərinə görə hazırda həbsxanalarda olan kişilərin öhdəsinə buraxasan. Novruzxan! Bir milyon qaçqın nə haldadır? Bu qaçqınlar üçün proqramınız olmuşmu? Novruzxan! Əgər cürətin və sədaqətin varsa, Qarabağ haqda geniş diskussiyaya və fikir mübadiləsinə hazırıq. Amma indiyədək Qarabağın azadlığı üçün bir iş görməmisənsə, lütfən sakit ol. Cənab Novruzxan! Son cavabında İranın Ermənistanla siyasi əlaqələrindən danışmısan. Yəqin bilirsən ki, bu əlaqələr qonşuluq həddində və Tehran-Bakı əlaqələrindən çox azdır. Türkiyə-Ermənistan əlaqələrinin kəsilməsindən danışmısan, halbuki Türkiyə özünün Ermənistanla ixtilaflarına görə bu əlaqəni kəsib, Azərbaycana görə yox. Və bu da çox çəkməyəcək. Türkiyə hökumətinin Qərbin xeyrinə dəyişməkdə olan son siyasətlərindən dolayı, Ermənistan və Türkiyə əlaqələrinin genişlənməsini mütləq görəcəksiniz. Həm də yəqin ki, Türkiyənin Ermənistanla geniş iqtisadi əlaqələrindən xəbərdarsınız. Yeri gəlmişkən, siz nə üçün müsəlmanların düşməni olan İsraillə strateji əlaqələr yaratmış, İslam dünyasının düşmənlərinin sizin evinizdə sakin olmasına və İslam dünyası əleyhinə sizin evinizdən təxribatlar aparmasına icazə vermisiniz? Gələcəkdə bu xəyanətkar əməllərinizin altını mütləq cəkəcəksiniz və Fələstinin müsəlman övladları işğal olunmuş torpaqları azad edəndə üzüqaralıq kömürə qalacaq. İran-İraq müharibəsindən də danışmısınız. Əgər hətta kiçik bir məqalə göndərib bu mövzuda öz elmi səlahiyyətini sübut etsən, müstəqil mövzu kimi bu barədə sizinlə debata hazıram. Biz müharibə başlamadıq, 8 il müdafiə olunduq. Bildiyin kimi, İslamda müharibə ilə müdafiənin hökmləri fərqlidir. Yeri gəlmişkən, tövsiyə edirəm ki, tarixi yaddaşını gücləndirəsən. Bizim müqəddəs müdafiəmiz 8 il sürmüşdür, 10 il yox. Öz əməkdaşlarına de sənə düzgün informasiya versinlər. Novruzxan! Qəribə iddia etmisən; guya İraqın İrana qarşı müharibəsində bir milyon azəri İran tərəfdən, bir milyon azəri də İraq tərəfdən öldürülmüşdür. Azərilərin İraqda nə işi var?! İranın müqəddəs cihadında isə bütün milliyyətlər – azəri, kürd, ərəb, bəluc, lor və digərləri iştirak etmiş, mərdliklə vuruşmuşlar. Əlbəttə, qeyrətli insanlar olan azərilər başlarında fədakar və ləyaqətli komandirlərin durduğuna görə müqəddəs müdafiədə daha böyük rol oynamışlar. Amma əfsuslar olsun ki, Azərbaycan Respublikasındakı azərilərin torpaqlarının 20 faizi illərdir işğal altındadır. Sizcə bu fərqin səbəbi nədir? İranla Azərbaycan azəriləri fərqlidirlər? Bəlkə problem başqa yerdədir? Əminəm ki, fərq onların siyasi və mədəni hakimlərinin iradəsindədir. Novruzxan! Demisən ki, novruz bayramının İslama dəxli yoxdur. Sən "İslamda novruz" mövzusunda araşdırma apara bilərsən? Bilirsiniz ki, İslam təlimlərində bu gözəl ənənə üzərində təkid olunmuş və novruz mübarək bir gün kimi tanınmışdır? Doğrudan, Novruzxan, sən nə hicri qəməri təqvimini bilirsən, nə hicri şəmsi təqvimini, nə də İslam ədəbiyyatından istifadə edə bilirsən, necə İslamdan danışırsan? Novruzxan! Deyirsən ki, novruz türklərin bayramıdır. Əgər buna elmi-tarixi dəlillər göstərə bilsən, çox məmnun olaram. Doğrudan, əgər istəsən, bunu da müzakirə mövzularına sala bilərik. Yeri gəlmişkən, türklərə məxsus bayramları sadalaya bilərsənmi? Dediyin son məsələ barədə xatırlatmalıyam ki, əlifba haqda məlumatını artırman lazımdır. Çünki dünyada üç qədim əlifbanın mövcudluğunu deyəndə alim, müəllim və tələbələrin çoxu sənə güləcəklər. Və bu, bir Badkubə parlamentarisi üçün ayıbdır. Novruzxan! Novruz günü Arazın kənarında görüşmək ümidi ilə! Novruzxan! Doğru danış, çünki qurtuluş doğruluqdadır. İran İslam Şurası Məclisinin deputatı Mənsur Həqiqətpur» Geri qayıt |