Əsas Səhifə > Partiya, Manşet > VASİF TALIBOV CƏBHƏÇİ “OVUNA” ÇIXIB

VASİF TALIBOV CƏBHƏÇİ “OVUNA” ÇIXIB


29-11-2011, 16:03
VASİF TALIBOV CƏBHƏÇİ “OVUNA” ÇIXIB

NAXÇIVAN XANI AXCP FƏALININ QARDAŞINI İLİŞDİRMƏK ÜÇÜN ARXİVƏ BAŞ VURUB

DİA.AZ: - AXCP Naxçıvan Muxtar Respublika təşkilatının sədr əvəzi Yaşar Bağırsoyun qardaşı Zeynalabdin Bağırzadə yenidən Naxçıvan prokurorluğuna çağırılıb. Prokurorluq onu Çernobıl qəzasında iştirak etmədən saxta sənədlərlə Çernobıl əlili kimi təqaüd almaqda və bir neçə şəxsə saxta Çernobılçı sənədi düzəltməkdə ittiham edib. Bu barədə Naxçıvan İnsan Hüquqları və KİV-in Monitorinqi təşkilatı məlumat yayıb.

Z.Bağırzadənin səlahiyyətli nümayəndəsi RATİ-nin Naxçıvandakı müxbiri Elman Abbasov bildirib ki, prokurorluqda Z.Bağırzadəni 90-cı illərdə Babək rayon Hərbi Komissarlığında işləmiş Xəqani adlı şəxsin izahatına əsasən saxta Çernobılçı sənədi düzəltdiyinə görə çağırıblar. Həmin şəxsin ifadəsinə görə, Bağırzadənin sənədlərinin 400 manat qarşılığında Hərbi Komissarlıqda Çernobıl iştirakçısı kimi qeydə alınmasına köməklik edib.

Z. Bağırzadə isə izahatında bildirib ki, Xəqani adlı şəxsi tanımır, onunla heç vaxt görüşməyib, ona pul verməyib. “Bunlar mənə qarşı böhtandır. Bu, qardaşımın siyasi əqidəsinə görə təzyiqlərin davamıdır. Mən Çernobıl qəzasının aradan qaldırılmasında iştirak etmişəm. Şahidlər var. Onlar mənim orada olduğumu təsdiq edərlər. Sənədlərim düzdür. Dəfələrlə həkim ekspertizasından keçmişəm. Mən xəstəyəm. Bu səbəbdən övladımın biri əlildir”.

Z.Bağırzadə həmçinin deyib ki, ona qarşı bu iş bir neçə müddətdir Naxçıvan MR Milli Təhlükəsizlik Nazirliyinin Babək rayon şöbəsinin rəisi tərəfindən təşkil olunur. “Babək polis rəisi isə adamları mənim əleyhimə izahat verməyə məcbur edir. Adamlara təzyiq edərək izahat alırlar. Bu, siyasi sifarişdir. Sənədlər saxtalaşdırılır, lazımı sənədlər yox edilir, bəziləri dəyişdirilir”, - o qeyd edib.

Xatırladaq ki, bu ilin yayında AXCP Naxçıvan Muxtar Respublika təşkilatının sədr əvəzi Yaşar Bağırsoy Babək rayonunun Nehrəm kəndində əhaliyə suvarma suyunun baha qiymətə satılması ilə bağlı məsələ qaldırmışdı. O zaman Y.Bağırsoy və qardaşı Z.Bağırzadə zorakılığa məruz qalmışdı və bununla bağlı şikayət vermişdilər. Qardaşlara fiziki zorakılıq edənlər indiyədək tapılmayıblar.

Geri qayıt