Əsas Səhifə > Hadisə, Manşet > RAFİQ TAĞININ QATİLİ TAPILIB

RAFİQ TAĞININ QATİLİ TAPILIB


29-11-2011, 12:52
RAFİQ TAĞININ QATİLİ TAPILIB

LAKİN RƏSMİ BAKI BU MƏSƏLƏDƏN İRANA QARŞI İSTİFADƏ ETMƏYİ PLANLAŞDIRIR

DİA.AZ: - Aldığı bıçaq zərbəsindən xəstəxanada dünyasını dəyişən yazıçı Rafiq Tağının işi ilə bağlı «Dünya» İnformasiya Agentliyinə ilginc məlumatlar daxil olub. Qeyd edək ki, ictimai-rəydə bu qətllə bağlı konkret qənaətlər olsa da, istintaqçılar cəmiyyətdən fərqli olaraq qəti qərara gələ bilməyiblər.

Barəsində iranlı ayətullah Fazil Lənkərani tərəfindən ölüm fətvası verilmiş Rafiq Tağının özü də xəstəxanada olduğu müddətdə mətbuata verdiyi açıqlamasında bildirmişdi ki, o, özünə qəsd edən tərəfin İrana aid olacağını düşünür. Hətta mərhum yazıçı onu da bildirmişdi ki, İranın Bakıda güclü agenturası var və ona qarşı sui-qəsd də bu agentura tərəfindən təşkil edilib.

Xatırladaq ki, Rafiq Tağı iranlı ayətullahların qəzəbinə yazılarının birində Məhəmməd peyğəmbərlə bağlı ifadələrindəki diqqətsizliyi səbəbindən tuş gəlmişdi.

Bu barədə redaksiyamızı bilgiləndirən mötəbər qaynağın iddialarına görə, isə artıq istinaqı aparan yerli hüquq-mühafizə orqanlarımızda da Rafiq Tağını qətlə yetirən şəxsin İranın xüsusi xidmə orqanları ilə əlaqələri barədə konkret bilgilər var: «Doğrudur, açıqlanan informasiyalarda belə təsəvvür yaradılır ki, hələ canilərin izinə düşülməyib. Amma bu yalandır. Qatilin kimliyi də məlumdur və bu qətl sırf İranın sifarişi ilə həyata keçirilib».

Mənbə bildirir ki, hətta qatilin hazırda İranda olması barədə də məlumatlar var: «Onun İrandan geri alınmasının qeyri-mümkün olmasını bəri başdan söyləmək olar».

Lakin burada rəsmi Bakının o qədər də qətiyyətli olmayacağını ehtimal edən mənbəmiz bildirdi ki, Azərbaycan tərəfi Rafiq Tağı məsələsilə İrana təzyiqlər etməyə hazırlaşsa da bu məsələdən yalnız Tehrana bir təzyiq vasitəsi kimi yararlanmağı düşünür: «Yəni bu da o deməkdir ki, rəsmi Bakı Rafiq Tağının qatilinin peşini buraxa da bilər. Bu, o halda baş verəcək ki, rəsmi Bakı İran tərəfindən onu qane edən təkliflər alsın. Bu da o deməkdir ki, artıq Rafiq Tağı məsələsi iki ölkə arasında həm alver predmetinə çevrilib və həm də Azərbaycan iqtidarının əlində bir təzyiq rıçağıdır».


Geri qayıt