Əsas Səhifə > Siyasət, Manşet > GƏNCƏDƏ İKİ OĞLU HƏBS OLUNAN ANANIN FƏRYADI

GƏNCƏDƏ İKİ OĞLU HƏBS OLUNAN ANANIN FƏRYADI


9-03-2013, 15:15
GƏNCƏDƏ İKİ OĞLU HƏBS OLUNAN ANANIN FƏRYADI
ÖVLADLARI TUTULAN ANA GƏNCƏDƏ VƏ BAKIDA AKSİYA KEÇİRMƏK İSTƏYİR

DİA.AZ: - Gəncə sakini Bayramova Məmləkət İsrafil qızı tərəfindən mətbuata müraciət olunub. DİA.AZ-a daxil olan müraciətin mətnində deyilir:

“Mənim iki oğlum Gəncə Şəhər Prokurorluğunun saxta ittihamına görə həbs edilib və 07 mart 2013-cü il tarixdə dövlət ittihamçısı Ceyhun Almasov Asəf Bağırova 14 il altı ay, Azər Bağırova isə 13 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə iş verilməsini məhkəmədən xahiş edib.

Belə ki, 06 oktyabr 2011-ci il tarixdə qonşuluqda yaşayan Əhmədov Şahin və oğlum Asəfin arasında mübahisə yaranmışdır. Həmin mübahisə zamanı Əhmədov Şahin Vilayət oğlu Asəfə yumruq zərbəsi vuraraq təhqir edib. Daha sonra o özü ilə gətirdiyi lüləsi kəsilmiş tüfənglə oğluma 1 metr məsafədən atəş açaraq onu ölsürmək istəyib. Xoşbəxtlikdən güllə yan keçib. Şahin ikinci dəfə atəş açmağa cəhd edərkən Asəf qardaşı Azər ilə birlikdə ondan tüfəngi almaq istəyərkən Şahin və qardaşları Tapdıq və Yalçın Asəfi yumruq təpiklə vurmağa başlayıblar.

Vəziyyət belə olduqda Asəf özünü müdafiə məqsədilə cib bıçağını çıxarmaqla hücum edənlərə müxtəlif bədən xəsarətləri yetirmiş olub. Azər isə tüfəngi Şahinin əlindən almağı bacarıb. Bu hadisədən sonra oğlum Asəf tüfəngi götürərək evə gətirib mənə verib. Baş verən hadisədən peşimançılıq çəkən Asəf könüllü olaraq polisə təslim olub. Həmin vaxt o qonşusu Şahini ələ verməmək üçün ona atəş açıldığı ilə bağlı heç bir izahat verməyib.

İstintaq həmin gün Şahinin silahdan atəş açdığını müəyyən etdikdən sonra mən tüfəngi polisə təslim etmişəm. İbtidai araşdırma vaxtı məlum olub ki, Əhmədov Şahin xuliqanlıq niyyəti ilə Asəf Bağırovu öldürmək istəyib. Odlu silah olan tüfəng məhz Şahinin əlində olub. Bu barədə Daxili İşlər Nazirliyi belə bir məlumat yayıb: “Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, araşdırmalar zamanı hadisə baş verərkən Şahinin tüfənglə A.Bağırovun istiqamətində atəş açması müəyyən edilib və onun evinə baxış zamanı oradan 1 ədəd müvafiq sənədləri olmayan nömrəsi silinmiş ov tüfəngi aşkar edilərək götürülüb.”

Indi isə belə bir ittiham irəli sürülüb ki, “Tüfəng Asəfə məxsus olub və o da Şahinə atəş açıb.” 6 nəfər şahid də məhkəmədə təsdiq edib ki, Asəfdə tüfəng olmayıb, Şahin onu öldürmək istəyib. Gəncə şəhər prokurorluğu bu cinayəti gizlətməklə yanaşı Asəfi ölümə cəhd etməkdə ittiham edərək silahın ona aid olmasını qərəzli şəkildə bildirirlər. Gəncə Ağır Cinayətlər Məhkəməsində əsassız olaraq digər oğlum Azər Bağırovun təqsirli bilinməsi ilə bağlı qərardad qəbul olunmuş və 03 avqust 2012-ci il tarixdə o günahsız olaraq həbsə alınmışdır. Hal-Hazırda dövlət ittihamçısı və hakim Zabil Qasımov belə qərəzli hərəkətlərlə bizi ölkə prezidenti İlham Əliyevə qarşı çıxarır. Məhkəmədə vəkillərin verdikləri vəsatətlər təmin olunmayaraq əsassız rədd edilir.

Qanunlara hörmət etməyən müstəntiq və prokurorlar tərəfindən iki oğlumun həbsdə qalması ilə heç cür barışa bilmirəm. Prezident aparatına və Baş prokurorluğa dəfələrlə müraciət etsək də indiyə qədər heç bir nəticə əldə edə bilməmişik. Bu haqsızlığa qarşı Gəncə şəhərində və prezident aparatı qarşısında aksiya keçirməyə israrlıyıq. Artıq sözümüzü və dərdimizi deməyə yer tapmırıq. 18 mart 2013-cü il tarixində Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə qanunsuzluğa tuş gəlmiş iki oğlumun həbsə atılmasına biganə qalmayacağam”.

Qeyd edək ki, Bağırov Asəf Bayram oğlu 07 mart 2011-ci il tarixdə 3 qardaşa bıçaqla xəsarət yetirməkdə təqsirli bilinərək barəsində AR CM-nin 126-2.2, 126.2.4 və 221.3 maddələri ilə cinayət başlanmış , daha sonra həmin maddələrin tövsifi dəyişdirilərək AP CM-nin 29 120.2.2, 29 120.2.3, 29 120.2.4, 29 120.2.7, 221.3 və 228.1 maddələri ilə əvəzlənmişdir. Asəf Bağırov ailəlidir onun himayəsində həyat yoldaşı və 3 yetkinlik yaşına çatmayan övladı vardır.

Bağırov Azər Bayram oğlu isə 03 avqust 2012-ci il tarixində AP CM-nin 29 120.2.2, 29 120.2.3, 29 120.2.4, 29 120.2.7 və 221.3 maddələri ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunub. Azər Bağırov ailəlidir, himayəsində həyat yoldaşı və 2 övladı vardır. Baş verən cinayət hadisəsində qardaşına atəş açılarkən odlu silahı tərki-silah etmişdir.

Müraciətlə bağlı bütün tərəfləri dinləməyə hazırıq...

Geri qayıt