Əsas Səhifə > Siyasət, Manşet > QUBANIN İCRA BAŞÇISI CƏDDİNƏ GÜVƏNİRMİŞ

QUBANIN İCRA BAŞÇISI CƏDDİNƏ GÜVƏNİRMİŞ


9-03-2013, 09:14
QUBANIN İCRA BAŞÇISI CƏDDİNƏ GÜVƏNİRMİŞ
“MƏNİ ÇIXARMAZLAR, YENİYƏM, ÇIXARSALAR, QUBA YENİDƏN QARIŞAR”

DİA.AZ: - Keçən ilin 1 Mart olaylarının ardından devrilən icra başçısı Rauf Həbibovun yerinə Mingəçevir şəhərindən transfer olunan Qubanın hal hazırkı icra başçısı Mübariz Ağayevlə bağlı redaksiyamıza ilginc məlumatlar daxil olub. Rayondakı qaynaqların DİA.AZ-a verdiyi xəbərə görə, icra başçısı Mübariz Ağayevin göstərişi ilə Qubada idarə və müəsissə rəhbərlərindən total pul toplanılır. Artıq vəziyyət o həddə çatıb ki, hətta büdcə təşkilatında çalışanlar köhnə başçı Rauf Həbibovun atasına rəhmət oxumağa başlayıblar. Yəni Rauf Həbibovun dönəminin erkən nostaljisinə qapılıblar.

Məlumatlarda bildirilir ki, Qubada yeni icra hakimiyyətinin binası inşa edilir. Binanın inşası üçün isə Mübariz Ağayev rayonun büdcə təşkilatlarında çalışanlarla yanaşı yerli sahibkarlardan da pul toplanılır. Bu barədə rayondakı mənbəmiz iddia edir ki, əslində yeni icra hakimiyyətinin binasının inşası üçün dövlət tərəfindən ayrılan vasait Mübariz Ağayev tərəfindən mənimsənilib. Hal hazırda isə yeni bina Qubanın bayraq meydaını yaxınlığında inşa edilir: "Bütün işlər yerli sahibkarların və bir də büdcə təşkilatında salışanların hesabına görülür. Hər bir idarə müdirindən, məktəb direktorundan 30 min manat pul istənilib. Onlar da öz növbələrində əllərinin altında çalışan işçilərdən 50-100 manatdan pul yığırlar».

Xatırladaq ki, prezident İlham Əliyev 12 fevral müşavirəsində məhz bu məqama xüsusi diqqət ayıraraq bildirmişdi ki, icra başçıları sahibkarları hansısa təmir-tikinti işlərinə, abadlıq fəaliyyətinə zorla cəlb etməməlidir, bu iş könüllü olmalıdır. Amma fakt odur ki, Mübariz Ağayev tutulan iradların tam əksi yönündə cövlan etməkdədir. Mənbəmiz iddia edir ki, hətta Mübariz Ağayev özünə yaxın çevrəyə “mən yeniyəm, mənə toxunmazlar, məni də çıxarsalar, Quba yenidən qarışar” şəklində ifadələri işlədərək arxayınçılıq pozları da verib.

Məlumatlarda həmçinin bildirilir ki, ən çətin durumda olanı isə sahibkarlardır: «Hər bir sahibkar əlindəki imkanlarının miqyasına uyğun olaraq 20-25 min manat arası pul verməlidir. Çünki başçının tək işi yeni binanın inşası deyil. Eyni zamanda rayonda abadlıq işlərinə də start verilib ki, bütün bunların da xərci yerli qaynaqlar hesab olunan iş adamlarından, idarə və müsəssisə rəhbərlərinin boynuna qoyulub».

Yeni binanın inşası mart ayının sonlarında yekunlaşması planlaşdırlır. Məlumatı verən mənbə iddia edir ki, məhz həmin tarixdə Qubaya ölkə başçısı İlham Əliyevin səfəri planlaşdırılır. Yəni Mübariz Ağayev bir növ hakimiyyət qarşısında imtahan verir. Amma bu imtahan yerli camaata baha başa oturur. Rayondakı qaynaqların bildirdiyinə görə, Mübariz Ağayev topladığı pullar hesabına nəinki nəzərdə tutulan işləri asanlıqla görə bilər hətta burada yeyinti imkanları da yetərincədir. Çünki elə sahibkarlar var ki, onlardan ən azından 2 milyon manata yaxın vəsaitin alınıb. Mənbəmiz əlavə olaraq onu da bildirir ki, bütün bu baş verənləri görən qubalılar köhnə başçının devrilməsinə peşman olduqlarını da gizlətmirlər.

Geri qayıt