Əsas Səhifə > Cəmiyyət > AYDIN CANIYEV HƏLƏ DƏ VƏKİLSİZDİR

AYDIN CANIYEV HƏLƏ DƏ VƏKİLSİZDİR


28-11-2011, 13:57
AYDIN CANIYEV HƏLƏ DƏ VƏKİLSİZDİR

SƏBƏB AİLƏNİN İMKANSIZLIĞIDIR

“Xural” qəzetinin cənub bölgəsində müxbiri Aydın Canıyevə hələ də vəkil tutulmayıb. Səbəb ailənin imkansızlığıdır. Bunu noyabrın 28-də “Media forum” saytına açıqlamasında Aydın Canıyevin qardaşı Şahəddin Canıyev deyib.

Şahəddin Canıyev əlavə edib ki, indiki vəziyyətdə mütləq vəkil tutulmalıdır: “Çünki işə apellyasiya instansiyasında baxılmalıdır. Qardaşım şikayət ərizəsini özü təqdim edəcəyini bildirir. Razılışsa, Lənkəran Rayon Məhkəməsinin çıxardığı qərardan vəkil vasitəsi ilə apelliyasiya şikayəti verməyi planlaşdırırıq”.

Aydın Canıyev noyabrın 21-də Lənkəran Rayon Məhkəməsinin çıxardığı qərarla 3 il müddətinə azadlıqdan məhrum edilib. Jurnalist Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) ilə təqsirli bilinib.

Aydın Canıyev sentyabr ayında tutulub. Həmin vaxt o, vətəndaş Zemfira Xəlilovanı təhqir etmək, Lənkəranın Sərpəkəran kəndinin məscidində xuliqanlıq törətməkdə ittiham olunub və inzibati həbs cəzası alıb. Daha sonra Aydın Canıyevə Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə cinayət işi qaldırılıb və Lənkəran Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair qərar çıxarıb.

Jurnalist Lənkəran Rayon Polis Şöbəsinin təcridxanasında saxlanır.


Geri qayıt