Əsas Səhifə > Siyasət, Manşet > İSMƏT ABBASOV BU SEÇKİ İLİNDƏ DƏ ƏSAS HƏDƏFDİR

İSMƏT ABBASOV BU SEÇKİ İLİNDƏ DƏ ƏSAS HƏDƏFDİR


4-03-2013, 09:17
İSMƏT ABBASOV BU SEÇKİ İLİNDƏ DƏ ƏSAS HƏDƏFDİR
ARTIQ KTN ŞEFİNƏ QARŞI MEHDİYEVÇİ MƏTBUATDA KAMPANİYA BAŞLAYIB

DİA.AZ: - Əslində kənd təsərrüfatı naziri İsmət Abbasova qarşı kampaniya illərdir ki, davam etməkdədir. Bu prosesin arxasında isə Prezident Administrasiyasının və bir sıra hakimiyyətiçi qruplaşmaların dayanması sirr deyil. Elə mətbuatda bu vaxta qədər yazılanlardan da aydın olur ki, İsmət Abbasovu qəzet səhifələrində «ifşa etməkdə» maraqlı olan tərəflərdən biri də əmlak məsələləri üzrə dövlət komitəsinin sədri Kərəm Həsənovdur. Və təsadüfi deyil ki, elə KTN-də də Kərəm Həsənovun komitəsinin bu işdə maraqlı tərəf olması qənaətindədirlər.

İndi isə mehdiyevçi mətbuat yenidən İsmət Abbasova qarşı bir kampaniyaya başlayıb. Belə ki, əkin-biçin sezonunun başlaması nədənindən hətta havaların dəyişkənliyinin günahı belə KTN-nin üzərinə yıxılacaq həddə İsmət Abbasovun ünvanına tənqidlər səsləndirilir.

Bununla bağlı DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, son zamanlar yaranmış vəziyyətdən çıxa bilməsi üçün Prezident Administrasiyasının rəhbərliyi müxtəlif istiqamətlərdə süni gərginliklər, fərqli gündəmlər formalaşdırılması üçün dəridən-qabıqdan çıxır ki, bu əsnada İsmət Abbasovun yenidən hədəf kimi aktuallaşdırılması da qabarıq şəkildə nəzərləri cəlb edir.

Mənbəmixzin iddialarına görə, hətta Ramiz Mehdiyev bir sıra siyasi fiqurları, həmçinin nəzarəti altında olan millət vəkillərini də İsmət Abbasova qarşı çıxışlara təşviq etməkdədir və Nazirlər Kabinetinin hesabatı zamanı bu məsələ xüsusi olaraq həyata keçiriləcək.

Onu da qeyd edək ki, Mehdiyevə yaxın mətbuatda İsmət Abbasov artıq açıq şəkildə «vurulur». Məsələn, dünən ATV kanalının efirində KTN-nin əkinçiliklə məşğul olan fermer təsərrüfatları ilə bağlı siyasəti sərt formada tənqid olundu. Ölkə ərazisində sistemsiz şəkildə əkinçilik işlərinin həyata keçirilməsindən tutmuş, hətta melorasiya işlərinin də qaydasında aparılmaması səbəbindən İsmət Abbasovun üzərinə gedilən telematerialların əslində hansı maraqlara qulluq etməsini təxmin etmək o qədər də çətin deyil. Ən azından Azərbaycan tamaşaçısının bu günə qədər alışqın olmadığı ifadələri və məmur tənqidlərini eşitməsi ortadakı mətləblərin fərqli məramlara xidmət etməsi qənaətini formalaşdırır.

Hökumət içindəki bilgili qaynağımız iddia edir ki, PA şefinə yaxın dairələr İsmət Abbasovun «zərərsizləşdirilməsi» üçün seçkilərə qədər böyük kampaniyaya da qərar veriblər.

Geri qayıt