Əsas Səhifə > Siyasət, Manşet > GORANBOY PADŞAHI ÖZÜNÜTƏBLİĞƏ BAŞLAYIB

GORANBOY PADŞAHI ÖZÜNÜTƏBLİĞƏ BAŞLAYIB


1-03-2013, 09:26
GORANBOY PADŞAHI ÖZÜNÜTƏBLİĞƏ BAŞLAYIB
NİZAMƏDDİN QULİYEV ÖZÜ HAQDA “YAXŞI OĞLAN” İMİCİ YARATMAQ İSTƏYİR

DİA.AZ: - Dövlət başçısı İlham Əliyevin 12 fevral müşavirəsində icra başçılarına və digər icraedici orqanlara qarşı səsləndirdiyi tənqidi və sərt fikirlərdən sonra icra başçıları özlərinin fəaliyyətinə dair reklam kampaniyasına start veriblər. Güya icra başçılarının uzun illər rayonları çapıb-talamasından və onların qanunsuz əməllərindən vətəndaşlar "razıdırlar".

Bunlardan biri isə Göranboyun icra başçısı Nizaməddin Quliyevdir. Elə dünən bunun bir daha şahidi olduq. Nizaməddin Quliyev uzun müddətdən sonra göranboyluların qarşısına çıxaraq onların problemi ilə maraqlanıb. İcra başçısının keçirdiyi tədbir isə yerli telekanalların birində yayımlanıb. Maraqlıdır ki, Nizaməddin Quliyev niyə məhz indi ortalıqda görünməyə başlayıb.

Bu barədə daxil olan məlumatlarda bildirilir ki, prezidentin məlum müşavirədə səsləndirdiyi tənqidi və sərt fikirlərdən sonra Göranboy "padşahı" Nizaməddin Quliyev də vəzifəsini itirəcəyindən qorxuya düşüb. Çünki Prezident Administrasiyasına Nizaməddin Quliyevin son dövrlər törətdiyi özbaşınalıqlar barədə kifayət qədər məlumatlar daxil olub. Elə bu qəbildən də icra başçısı gözdən pərdə asmaq xatirinə hərəkətə keçib.

Qeyd edək ki, Nizaməddin Quliyev digər icra başçılarından fərqli olaraq total özbaınalıqları ilə seçilir. İcra başçısının özbaşınalıqları barədə ölkə mediasında dəfələrlə yazılıb. Sadəcə bunu yenidən xatırlatmaq istəmirik. Nəqliyyat naziri Ziya Məmmədovun qeyri-rəsmi qubernatorluğuna daxil olan Goranboyda bir sözlə Nizaməddin Quliyev "kabusu" dolaşır. Rayon sakinləri isə bu "kabusun" əlindən qurtula bilmirlər.

DİA.AZ-a daxil olan informasiyalardan o da aydın olur ki, icra başçısı hətta özünün təbliği, “yaxşı oğlan” imicinin təşviqi məqsədilə əlini cibinə salmağı da unutmayıb. Goranboy rayon icra hakimiyyətindəki qaynağın redaksiyamıza ötürdüyü xəbərdən aydın olur ki, artıq bir neçə telekanalla özəl olaraq anlaşan icra başçısı “geniş reportaj”ın müqabilində 5 min manat, “qısa süjet”ə görə isə 2000 manat pul ödəməyə razılaşıb. Yəni bu yolla başçı goranboyluların ondan razı olması barədə qənaət formalaşdırmağa çalışır.

Bütün tərəfləri dinləməyə hazırıq...

Geri qayıt