Əsas Səhifə > Gündəm, Manşet > İCRA BAŞÇILARI AYLIQ HAQQLARINI YIĞA BİLMƏYƏCƏK
İCRA BAŞÇILARI AYLIQ HAQQLARINI YIĞA BİLMƏYƏCƏK1-03-2013, 09:16 |
ƏN AZINDAN PREZİDENT SEÇKİLƏRİNƏ QƏDƏR ONLAR BELƏ BİR TƏLİMAT ALIB DİA.AZ: - Son zamanlar bir sıra raon icra hakimiyyətlərinin rəhbərlərinin adından sahibkarlara Novruz şənliyi ilə əlaqədar keçiriləcək tədbirlər üçün pulyığma kampaniyası barədə məlumatlar daha da intensiv şəkildə yayılmaqdadır. Ən bərbad durumun isə Səbayel rayonu ərazisində olduğu müşahidə olunub. Belə ki, icra başçısı Asif Əsgərovun adından hətta Bakının mərkəzi rayonu olan Səbayel ərazisindəki kitab dükanlarının sahiblərinə belə «Novruz xəbərdarlığı» edilib. Xatırladaq ki, 12 fevral müşavirəsində prezident İlham Əliyev bir çox məqamlarla bağlı olduğu kimi, məhz sahibkarlardan rayonlardakı quruculuq, abadlıq, xeyriyyə və digər bu kimi adlar altında pul yığılması məsələsinə də xüsusi diqqət ayırmışdı və icra başçılarına xitabən bildirmişdi ki, əgər sahibkarlar könüllü deyillərsə, onları buna məcbur etmək olmaz. Onu da qeyd edək ki, artıq bu məsələnin yaratdığı ajiotaj iqtidarın üst düzəyinin təkrar müdaxiləsinə nədən olub. Bu barədə DİA.AZ-a məlumat verən hökumət içindəki mənbənin sözlərindən belə aydın olur ki, bütün icra başçılarına sahibkarlarla bağlı fəaliyyətlərində xüsusi həssaslıq nümayiş etdirmələri yönündə təlimatlar verilib və onlara sahibkarlardan pul yığılmasının dayandırılması üçün qəti tapşırıq verilib. Artıq belə bir təlimatın bir neçə rayonun icra başçısına göndərildiyini bildirən mənbəmizin sözlərinə görə, proses bütün rayonları əhatə edəcək: «Burada icra başçılarının aylıq «dolya»larının yığılmaması da xüsusi olaraq göstərilib. Hələlik bir neçə rayonun icra başçısı bu şəkildə təlimatlandırılıb, amma bütün rayonlara eyni təlimatın veriləcəyi şübhəsizdir. Amma prosesin uzun müddətli olacağı da məlum deyil. Ola bilsin ki, prezident seçkilərinə qədər davam etsin. Bu isə xalqın narazılıq ovqatının azaldılmasına hesablanmış addım kimi dəyərləndirilir». Mənbəmiz onu da bildirdi ki, eyni zamanda bir neçə icra başçısı, həmçinin Səbayel rayon İH-nin başçısı Asif Əsgərov sahibkarların etirazı səbəbindən prezident administrasiyası tərəfindən tənbeh olunublar. Geri qayıt |