Əsas Səhifə > Siyasət, Manşet > SAAKAŞVİLİDƏN BAKIDA HESAB SORULACAQ

SAAKAŞVİLİDƏN BAKIDA HESAB SORULACAQ


26-02-2013, 11:14
SAAKAŞVİLİDƏN BAKIDA HESAB SORULACAQ
YATIRIMIN QOYULMASINA BAKINI SAAKAŞVİLİ İNANDIRA BİLMİŞDİ

DİA.AZ: - Məlum olduğu kimi, Gürcüstan prezidenti Mixail Saakaşvili fevralın 27-28-də Azərbaycanda rəsmi səfərdə olacaq. Gürcüstanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, səfər zamanı Mixail Saakaşvilinin Azərbaycan prezidenti İlham Əliyevlə görüşü planlaşdırılır. Gürcüstan prezidenti Bakıda digər rəsmi görüşlər də keçirəcək.

Onu da bildirək ki, son zamanlar, daha dəqiqi Bidzina İvaanaşvilinin Gürcüstanda hökuməti ələ keçirməsinin ardından iki qonşu ölkə arasında münasibətlərdə ciddi sərinlik müşahidə olunmaqdadır. Məsələn, son faktlardan aydın olur ki, Gürcüstanın yeni hökuməti Azərbaycandan olan enerji asılılığını minimum həddə çatdırıb və bu il ümumiyyətlə, gürcülər Azərbaycandan eletrik enerjisi idxal etməyiblər.

Ən böyük problemlərdən biri isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Gürcüstanda yaşadıqlarıdır. Daha dəqiqi, ARDNŞ-in Gürcüstan uzantısı olan «Socar Georgia»ya qarşı yeni gürcü hökumətinin tutduğu aqressiv mövqe, həmçinin sözügedən şirkətə qarşı səslənən vergidən yayınma ittihamları fonunda bu şirkətin Gürcüstan ərazisində fəaliyyətinin durdurulması niyyətiylə bağlıdır.

Xatırladaq ki, hətta ARDNŞ prezidenti Rövnəq Abdullayevin Gürcüstandakı bir nömrəli adamı kimi tanınan «Socar Georgia»nın vitse-prezidenti Mahir Məmmədov hətta «gürcü arzusu» hökumətinin təzyiqləri nəticəsində Tiflisi tərk edərək Azərbaycana qaçmaq zorunda qalmışdı. Yalnız Rövnəq Abdullayevin keçən ilin noyabr ayında Tiflisə etdiyi səfərdən sonra Mahir Məmmədov yenidən Gürcüstana dönə bildi.

Lakin Bidzina İvanaşvilinin keçən ilin dekabr ayının 27-də Bakıya etdiyi səfər də bu münasibətlərin qaydasına salınması üçün yetərli olmadı. Və bu günlərdə Gürcüstana gedən nəqliyyat naziri Ziya Məmmədov digər «münaqişə ocağı» kimi diqqətə gələn Bakı-Tiflis-Qars dəmiryolu layihəsinə Azərbaycan tərəfinin əlavə olaraq 175 milyon ABŞ dolları həcmində pul ayırmasını elan etməsilə də mövcud gərginliklərin hansı səviyyədə və müstəvidə olduğunu ortaya qoydu.

İndi isə Mixail Saakaşvili - Azərbaycanla bütün bu ilişgiləri quran və İvanaşvili hökuməti ilə yollaşmayan gürcü prezidenti Bakıya səfər ərəfəsindədir. Bununla bağlı DİA.AZ-a diplomatik qaynaqlardan ötürülən informasiyalarda deyilir ki, Saakaşvilinin Bakı səfəri bir növ üzrxahlıq xarakteri daşıyacaq.

Bu barədə mənbənin söylədikləri: «Mixail Saakaşvili onun dövründə qurulan sistemin günü-gündən çöküşünə seyrçi qalmaqdadır. Rəsmi Bakı isə belə bir səlahiyyətsizliyi fonunda gürcü prezidentinə qarşı çox qəzəblidir. Çünki həqiqətən də Azərbaycan Gürcüstana çox böyük pullar xərcləyib və rəsmi Bakı heç bir halda həmin vəsaitin batmasına razı olmayacaq. Bu yatırımın qoyulmasına nədən isə Saakaşvili və rəsmi Bakının ona olan etimadı olub. Odur ki, gürcü prezidentin Bakı səfərinin başlıca məqsədi üzrxahlıq mahiyyəti daşısa da, ondan Bakıda hesabatın da tələb ediləcəyi şübhəsizdir».

Geri qayıt