Əsas Səhifə > Siyasət, Manşet > ÖLKƏNİN BAŞ GÖMRÜKÇÜSÜ HƏDƏFƏ ALINIR

ÖLKƏNİN BAŞ GÖMRÜKÇÜSÜ HƏDƏFƏ ALINIR


25-02-2013, 08:50
ÖLKƏNİN BAŞ GÖMRÜKÇÜSÜ HƏDƏFƏ ALINIR
İLGİNC: AYDIN ƏLİYEVİN FƏALİYYƏTİ TOTAL QAYDADA QOXLANILACAQ

DİA.AZ: - Hakimiyyət dairələrinin rəsmi təbliğatına rəğmən dövlət qurumlarından əvvəlki dövrlərdə olduğu kimi, antikorrupsiya tədbirləri çərçivəsində də vətəndaşlar tərəfindən edilən şikayətlərin sayı-hesabı yoxdur. Bəzi rəsmi dairələr isə ölkə başçısının tapşırıqlarından sonra şikayətlərin əsasən hansı qurumlardan olduğunu araşdıraraq, bu məsələləri qruplaşdırmaqla hansı qurumlarda durumun necə olması barədə nəticə çıxararaq, vəziyyəti yumuşaltmaq üçün qabaqlayıcı tədbirlər görürlər. Dövlət qurumlarından edilən şikayətləri qruplaşdıran zaman isə aydın olub ki, vətəndaşlar və mətbuat əsasən Dövlət Gömrük Komitəsindən narazıdır.

DİA.AZ-a daxil olan məlumatda bildirilir ki, araşdırmaların nəticələrindən bəlli olub ki, siyahıda Aydın Əliyevin rəhbəri olduğu Dövlət Gömrük Komitəsi digər qurumları qabaqlayaraq ön sırada dayanır. Bu səbəbdən də Gömrük Komitəsində yoxlamaların aparılmasına qərar verilib. Bir sıra nazirliklərin də bu siyahıya uyğun olaraq yoxlanılması iddia olunur. Etibarlı mənbə bildirir ki, yaxın günlərdə nazirlərin və iri oliqarx məmurların biri uzun illər ərzində tutduğu postla vidalaşmalı olacaq.

Mənbə bildirir ki, ölkəyə idxal olunan və ölkədən ixrac edilən mallara nəzarət edərək onlardan dəfələrlə dövlət rüsumundan əlavə "rüsum" alan Dövlət Gömrük Komitəsi ilə bağlı şikayətlərin sayı o qədərdir ki, hətta bu işi araşdıran rəsmi qurumlar da baş verənlərdən şoka düşüblər. İdxal və ixrac olunan mallara qoyulan rüsumun başqa bir tərəfi də aşkarlanıb ki, bu da büdcəyə daxil olan vəsaitlə ziddiyyət təşkil edir. Belə ki, dövlət büdcəsinə komitədən daxil olan vəsaitin həcmi ilə edilən şikayətlərdə göstərilən məbləğlər arasında ciddi fərqlərin də yarandığını görən dövlət qurumları Gömrük Komitəsinin təcili yoxlanılmasına qərar veriblər. Məlumatlı mənbə hesab edir ki, bu yoxlamalar Aydın Əliyevin fəaliyyətinə təsirsiz ötüşməyəcək. Çünki aparılacaq yoxlamalar ortada itən böyük pulların müəyyən edilməsi üçün nəzərdə tutulub. İkinci bir məsələ isə odur ki, komitə ilə bağlı olunan şikayətlərin də nə qədər haqlı olub-olmadığı dəqiqləşdiriləcək.

Bildirilir ki, əgər bu qurumda yoxlama aparılarsa, o zaman komitənin rəhbəri Aydın Əliyevin durumu ürəkaçan olmayacaq. Çünki ortada həqiqətən də, böyük fərqlər var və bununla bərabər komitədə bir sıra əməliyyatların da üstü açıla bilər. Avtonəqliyyat Gömrük İdarəsində də korrupsiya və rüşvətxorluq hallarının yaşandığını deyən mənbə hesab edir ki, qurumda ciddi narahatçılıq məhz aparılacaq yoxlamalarla bağlıdır. Ölkəyə gətirilən avtomobillərə görə, vətəndaşlardan alınan rüşvətin üstünün açıldığını deyən mənbə bildirir ki, baş verənlər Aydın Əliyevi və Avtonəqliyyat Gömrük İdarəsinin rəisini ciddi narahat edir.

Yayılan xəbərlərdə bildirilir ki, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev hələ ki, gözləmə mövqeyində dayanmağa üstünlük verir. Lakin yoxlama başlayan kimi, onun bir sıra tədbirlər görəcəyi də istisna edilmir. O da bildirilir ki, Aydın Əliyev bu yoxlama məsələsindən ciddi narahatdır və baş verənlər fonunda aqibətinin pis nəticələrlə üzləşəcəyindən çox ehtiyat edir.

Geri qayıt