Əsas Səhifə > Cəmiyyət > ELNUR SEYİDOVUN ŞİKAYƏTİ TƏMİN OLUNMADI

ELNUR SEYİDOVUN ŞİKAYƏTİ TƏMİN OLUNMADI


22-02-2013, 12:59
ELNUR SEYİDOVUN ŞİKAYƏTİ TƏMİN OLUNMADI
Fevralın 22-də Bakı Apellyasiya Məhkəməsində “Texnikabank”ın Yasamal filialının sabiq müdir müavini, AXCP sədri Əli Kərimlinin qayını Elnur Seyidovun şikayətinə baxılıb.

Apellyasiya prosesi hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilib.

Fevralın 15-də Səbail Rayon Məhkəməsi Elnur Seyidov barəsində həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi üçün verilən vəsatəti təmin etməmişdi. Fevralın 22-də Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə Elnur Seyidovun vəkillərinin Səbail məhkəməsinin həmin qərarından verdikləri şikayətə baxılıb.

Vəkil Əsabəli Mustafayevun “Media forum” saytına verdiyi məlumata görə, prosesdə Elnur Seyidovun özü də iştirak edib.

Proses Səbail Rayon Məhkəməsinin qərarının qüvvədə saxlanması ilə yekunlaşıb. Əsabəli Mustafayev Bakı Apellyasiya Məhkəməsinin bu qərarını qanunsuz və əsassız saydıqlarını vurğulayıb.

Elnur Seyidovu ötən il martın 27-də Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları saxlayıb. O, Cinayət Məcəlləsinin 178.3.1 və 178.3.2-ci maddələri ilə dələduzluqda ittiham olunub. Sonradan ona Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2, 308.2, 313 və 320.2-ci maddələri ilə yeni ittihamlar verilib.

Geri qayıt