Əsas Səhifə > Cəmiyyət > 12 SAYLI KOLONDA XƏBƏRÇİ OVU

12 SAYLI KOLONDA XƏBƏRÇİ OVU


20-02-2013, 13:54
12 SAYLI KOLONDA XƏBƏRÇİ OVU
MƏHBUS JURNALİST ÖLÜMLƏ HƏDƏLƏNİR

DİA.AZ: - Bir neçə gün öncə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 12 saylı Cəza Çəkmə Müəssisəsinin bir qrup dustağı dövlət başçısı İlham Əliyevə, Ədliyyə naziri Fikrət Məmmədova, Penitensiar Xidmətə, “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansına müraciət göndərərək adı çəkilən Müəssisədə baş alıb gedən qanunsuzluqlardan, özbaşınalıqlardan, korrupsiyadan, dustaqlara verilən işgəncədən və onlara göstərilən qeyri- insanı münasibətdən bəhs etmişdilər. Həmin müraciət “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı tərəfindən mətbuatda yayıldıqdan sonra Penitensiar Xidmətin rəhbərliyi 12 saylı CÇM- də “xəbərçi” ovuna çıxıblar. Müəssisə rəhbərliyinin qəzəbinə tuş gələn məhbuslardan biri, hazırda orda cəza çəkən, şərlənərək həbs olunmuş “Qurdlar Vadisi- Ucar” mafioz dəstənin qurbanlarından olan jurnalsit Fuad Huseynovdur.

“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansa daxil olan məlumata görə bir neçə gün bundan əvvəl Kütləvi İnformasiya Vasitələrində yayımlanmış “12 saylı cəzaçəkmə müəssisəsində saxlanan bir qrup məhbuslar etiraz edirlər” adlı məqalə CÇM-nin rəisi Aftandil Ağayevin qəzəbinə səbəb olub. Həmin məqalənin yazarının Fuad olduğunu düşünərək ona qarşı kobud rəftara, hədə qorxulara başlayıblar. Aldığımız məlumata görə Fuad Hüseynova qarşı təxribat hazırlanır. Məqsəd onu incitmək və başqa bir bəhanə ilə onun haqqında cinayət işi qaldırmaqdır. Hətta ona bildiriblər ki, özünü yığışdırmasan sən burdan sağ- salamat çıxmayacaqsan.

Aldığımız məlumatı Fuad Hüseynovun ailəsi də təsdiqləyib. Belə ki, o bu gün çox çətinliklə olsa da evlərinə zəng edərək anası Susanə Hüseynova ilə telefon əlaqəsi saxlayıb. Fuad Hüseynov bildirib ki, bu yazının mən yazmamışam, amma yazılar çoxlu sayda məhkumların hər gün qarşılaşdığı problemlərlə bağlıdır. Son günlərdə çox çətin durumda olduğunu deyən Fuad Hüseynov artıq həmin müəssisədə qalmasını həyati təhlükə kimi qiymətləndirib.

“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansın koordinatoru, hüquq müdafiəçisi Oqtay Gülalıyev bildirib ki, əvvalə onlara edilən müraciətdə Fuad Hüseynovun adı və imzası olmayıb. “Digər tərəfdən məhbus həyatı keçmiş şəxs olaraq deyə bilərəm ki, müraciətdə sadalanan problemlərin əksəriyyəti reallığı əks etdirir. Yaxşı olar ki, Penitensiar Xidmətin rəhbərliyi həqiqəti deyən və haqqını tələb edən dustaqları cəzalandırmaq əvəzinə problemlərin həlli ilə məşğul olsunlar. Biz bu məsələ ilə bağlı aidiyyatı qurumlar qarşısında məsələ qaldıracayıq və Ombudsmana müraciət edəcəyik ki, Fuad Hüseynov və orda incidilən digər dustaqlarla gedib görüşsünlər. Təəssüf doğuran haldır ki, dəfələrlə etdiymiz müraciətə baxmayaraq Penitensiar Xidmətin rəhbərliyi qanuna zidd olaraq təşkilatımızın Monitorinq Qrupunun üzvlərini həbs yerlərinə buraxmırlar. Amma bu istiqamətdə biz işlərimizi davam etdirir və hüquqları tapdanan məhbusların hüquqlarını müdafiə edəcəyik.”

Keçmiş vicdan məhbusu, hüquq müdafiəçisi Taleh Xasməmmədovun sözlərinə görə məqalədə göstərilən rüşvət halları azadlıqdan məhrumetmə yerlərində adi bir şeydir. Burada hər hansı böhtandan söhbət gedə bilməz; “Hamıya yaxşı bəlli olan neqativ hallara Penitensiar Xidmət təkzib verməkdənsə bu problemləri həll etmək yolunu axtarsın. Fuad Hüseynov etmədiyi bir cinayətə görə Ucar RPŞ-nin qurduğu saxta ittihamla girov götürülüb. Onun məsuliyyətə cəlb olunması, həbsi və ona qarşı aparılan qərəzli işlər hamısı sifarişlə baş verir. Əgər günahsız birini zərərçəkmiş və şahidlər gecə-gündüz müdafiə etmək üçün məhkəmələrdə dəridən-qabıqdan çıxırlarsa, mətbuat vasitəsi ilə də Fuadın cinayət etmədiklərini etiraf edirlərsə, hakimiyyət nəyə görə buna məhəl qoymur? Burada sifarişli həbsin olduğu aşkar biruzə olunur. Mən saxlanıldığım 17 saylı Cəza Çəkmə Müəssisəsi də eyni vəziyyətdə idi. Həmin müəssisənin rəhbərliyini işdən azad etməklə bəzi məsələləri həll etsələr də orda bəzilərinin rüşvət alma faktları və kinli olduqları üçün təxribatçılıq fəaliyyətləri hələ də davam edir. Buna misal olaraq Nemət Pənahlıya qarşı olan qərəzli münasibətləri göstərmək olar. Son vaxtlarda əsassız olaraq onun ardıcıl cərimə təcridxanasına salınması, haqsızlığa etiraz edərək uzun müddətli aclıq aksiyasını keçirməyə məcbur olması və hal- hazırda da onun Qobustan qapalı müəssisəsinə köçürülməsi ilə bağlı aparılan işlərə diqqət yetirdikdə vəziyyətin qənaətbəxş olmadığını görərik.”

Geri qayıt