Əsas Səhifə > Gündəm, Manşet > ŞƏKİNİN İCRA BAŞÇISI KÖHNƏ PARTNYORLAINI ƏZİR

ŞƏKİNİN İCRA BAŞÇISI KÖHNƏ PARTNYORLAINI ƏZİR


20-02-2013, 10:02
ŞƏKİNİN İCRA BAŞÇISI KÖHNƏ PARTNYORLAINI ƏZİR
ELXAN USUBOV ŞƏKİLİ SAHİBKARLARA OLMAZIN ZÜLMÜNÜ YAŞATMAQDADIR

DİA.AZ: - "Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edərək, insanları təhqir edirlər. Özlərini apara bilmirlər. Kim onlara bu statusu verib cəmiyyətdə? Onların necə deyərlər, güvəndiyi adamları mən təyin eləmişəm vəzifəyə. Mən də çıxardacağam, lazım bildikdə. Bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq eləyir, nadanlıq eləyir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq". Bu sözləri prezident İlham Əliyev fevralın 12-də Bakı Biznes Mərkəzində keçirilən "2009-2013-cü illərdə sosial-iqtisadi inkişafa dair Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışında deyib.

Ölkə rəhbəri bəzi icra hakimiyyəti başçılarının öz məsuliyyətlərini dərk etmədiklərini bildirib: "Bizim dövlət siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Hər şeyi biz Azərbaycan vətəndaşı üçün edirik. Budur bizim məqsədimiz. Hər bir icra başçısını mən vəzifəyə təyin edərkən, onu qəbul edərkən ona bir neçə əsas istiqaməti göstərirəm. İnkişaf, quruculuq, səmərəli iş, təvazökarlıq və insanlara xidmət. Hər birinə demişəm ki, gedin insanlara arxa durun, gedin köməklik göstərin, gedin insanlara hörmət edin. Amma bəzi hallarda mən bunu görmürəm. Görməyəndə də tədbirlər görürəm. Bəzi hallarda məmurlar vətəndaşlara yuxarıdan aşağı baxırlar. Onları saymırlar, onları təhqir edirlər, qudurğanlıq edirlər. Bütün bunlar var. Onlar aradan götürülməlidir". Prezidentin harınlamış məmurları hədəfə almasından sonra bəzi məmurların cəzalanacağı gözlənilir. Artıq İsmayıllının icra başçısı Nizami Ələkbərov prezidentin sərəncamı ilə işdən çıxarılıb. Növbədə isə dövlət başçısının söylədiyi kimi, xalqa yuxarıdan aşağı baxan və işinin öhdəsindən layiqincə gələ bilməyən digər icra başçılarıdır.

Qeyd edək ki, prezidentin səsləndirdiyi ittihamlar rayonlardan qaynaqlanır. Əksər icra başçıları vətəndaşları o qədər incidirlər ki, onlar da məcbur qalıb etiraz aksiyaları keçirirlər. Bu da gec-tez rəsmi dairələrə gedib çıxır. Son hadisələr bir daha göstərdi ki, xalqa qarşı kobudluq etmək, insanların şəxsiyyətini alçaltmaq olmaz. Deyəsən, Şəkinin icra başçısı Elxan Usubov hələ də bunu başa düşmür. Yaxud başa düşsə də, həyata keçirmək istəmir. Respublikanın şimal-qərbində, Kiş çayının sol sahilində, dəniz səviyyəsindən 700 metr yüksəklikdə, paytaxt Bakı şəhərindən 370 km aralıda, Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində yerləşən rayon füsunkar təbiətə malikdir. Azərbaycanın turizm bölgələrindən sayılan Şəkidə bu gün məmur özbaşınalığı ağlasığmaz həddə çatıb. 70 min nəfərdən çox əhalisi olan rayonda ayrı-ayrı məmurların yarıtmaz idarəçiliyi etirazlarla qarşılanır. Bu barədə media qurumlarına dəfələrlə şikayət olunub. Hələliksə bir nəticə yoxdur. İcra başçısı E.Usubov vətəndaşlarla tez-tez görüşlər keçirib, onların problemləri ilə maraqlanmaqdansa, Şəki camaatına qarşı böyük haqsızlıqlar edir. 1960-cı il may ayının 26-da Mingəçevir şəhərində anadan olan icra hakimi ixtisasca mühəndis-elektrik və iqtisadçıdır.

Əmək fəaliyyətinə Şəkidə başlayıb. Sonralar biznes fəaliyyəti ilə məşğul olub. Yəni o, icra başçısı vəzifəsinə biznesdən gəlib. Dövlət qurumuna rəhbərlik etdiyinin məsuliyyətini sanki dərk etməyən məmur Şəkidə o qədər obyektə sahibdir ki, bəlkə də özü bunların sayını dəqiq bilmir. Ağstafa rayonunda icra başçısı işlədiyi dövrdə rayon camaatının narazılığını qazanan məmur şəkililər tərəfindən də rəğbətlə qarşılanmır. 2011-ci il may ayının 23-dən rayona başçılıq edən elektrik vətəndaşların sosial qayğıları ilə qətiyyən maraqlanmır. Əldə etdiyimiz məlumatlara görə, Şəki-Oğuz yolunun üstündə yerləşən bütün istirahət mərkəzləri icra başçısına məxsusdur. Rayondakı süd zavoduna da şərik olduğu deyilən biznesmen icra hakiminin Şəkinin mərkəzində onlarla ticarət obyekti fəaliyyət göstərir: "Rayonda sahibkarlığın inkişafını əngəlləyən icra başçısı çalışır ki, özünün nəzarətində olan biznes sahələri daha çox irəliyə getsin. Mirzə Fətəli Axundov prospektində yerləşən "Şəki" oteli, Kiş kəndindəki "Narınqala", "Şam bağı", "Cənnət bağı", Dağüstü park deyilən yerdəki "Panaroma" oteli də icra başçısının tabeliyindədir. Sezonda bu obyektlərin hər birində aya milyonlar qazanılır". Araşdırmalar göstərir ki, "Şəki Bazar" ASC ilə də rayon rəhbərinin əlaqələri var. Deyilənə görə, bura da icra başçısınındır. Sahibkarların təzyiqlərlə üzləşdiyi bazarın direktoru Vahid Abdullayevdir. Onu vəzifəyə icra başçısı qoyub və dönə-dönə tapşırıb ki, sahibkarlara qarşı barışmaz olsun.

DİA.AZ bildirir ki, bazarda baş alıb gedən özbaşınalıqlara dözə bilməyən dükan sahiblərindən biri, konkret Mütəllimov Əlövsət Firudin oğlu üstünə benzin tökərək özünü yandırıb. Rayonda səs-küyün qalxdığını görən icra başçısı guya bazar rəhbərini cəzalandırmaq məqsədilə onu işdən azad edib. Lakin üstündən az müddət keçəndən sonra direktor işinə bərpa olunub. Şəkidə icra başçısı ilə digər məmurlar arasında mübarizə gedir. Belə ki, rayon rəhbəri əhəmiyyətli sahələri və gəlir gətirən obyektləri öz əlində cəmləşdirdiyi üçün icra hakimiyyətində təmsil olunan başqa vəzifəli şəxslər onunla hesablaşmırlar. İcra başçısı ilə RİH-in sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Firon Əliyev arasında ciddi problem və qarşıdurma var. Bu və digər maraqlı faktlar barədə növbəti saylarımızda oxuya bilərsiniz.

Qarşı tərəfin münasibətini dərc etməyə hazırıq.

Geri qayıt