Əsas Səhifə > Ölkə, Manşet > MÜXALİFƏT SEÇKİLƏRƏ NƏYNƏN VƏ KİMNƏN GEDİR?

MÜXALİFƏT SEÇKİLƏRƏ NƏYNƏN VƏ KİMNƏN GEDİR?


18-02-2013, 12:42
MÜXALİFƏT SEÇKİLƏRƏ NƏYNƏN VƏ KİMNƏN GEDİR?
BU DƏFƏ DƏ «HAZIRLIQSIZ YAXALANDIQ» DEYİLƏCƏK

DİA.AZ: - Müsavat başqanı İsa Qəmbər son açıqlamasında vahid namizəd ideyasının müxalifət üçün lazımlı olmadığını bildirdi. Əslində bu açıqlama 2013-cü il prezident seçkiləri ərəfəsində müxalifətin vahid namizədi ideyasının bilmərrə olaraq gömülməsi anlamını ehtiva etmiş oldu.

Təbii ki, müxalifətin vahid namizədi dedikdə əksəriyyət AXCP sədri Əli Kərimli ilə Müsavat başqanı İsa Qəmbərin arasından edilən seçimi nəzərdə tutur. Yəni bu iki qüvvənin anlaşacağı təqdirdə müxalifətin aparıcı və böyük kəsimini razı salan bir nəticə ortaya çıxa bilərdi. Amma anlaşma olmadı… Və yenə də müxalifət seçkilərə parçalanmış şəkildə getmək qərarını verdi.

Yaxın tarixi keçmişə nəzər saldıqda da görə bilərik ki, ümumiyyətlə, Azərbaycan müstəqil olandan bəri heç bir zaman müxalifət seçkilərdə birləşərək iştirak etməyib və hər zaman parçalanma məhz AXCP ilə Müsavat arasında razılığın olmaması səbəbindən baş tutub.

1998-ci ildə mərhum prezident Əbülfəz Elçibəyə məhz Müsavat başqanı İsa Qəmbərin edilməyən güzəşti ortaya SİDSUH adlı amorf biri qurumu çıxarmış oldu ki, sonradan SİDSUH-un şinelindən çıxan, müxalifliyi rəsmiləşən Rəsul Quliyev, Lalə Şövkət kimi simalar da az qala Əbülfəz Elçibəy və İsa Qəmbər statusunda əhəmiyyət qazanmış oldular və günü bu gün də heç bir siyasi söykənəcəyi və sambalı olmayan həmin şəxslər yalnız köhnənin avtoritet tribunasındakı qərarlılıqları sayəsində öz müxaliflik simalarını və həm də «birincilik» mövqelərini qorumaqdadırlar. Təsadüfi deyil ki, həmin dönəmdə ekspertlər SİDSUH-u (Seçki İslahatı və Demokratik Seçkilər Uğrunda Hərəkat -red.) Rəsul Quliyevi müxalifətə «propiska» edən təşkilat kimi xarakterizə edirdilər. Çünki təsadüfi deyildi ki, həmin dönəmdə müxalifət cameəsi Rəsul Quliyevə hələ tam inanmırdı və hətta Əbülfəz Elçibəyin «Rəsul, məni sənin pulların yıxdı» xitabı da qulaqlarda cingildəyirdi. Beləcə, İsa Qəmbərin Əbülfəz Elçibəyə son şans haqqı tanımaması müxalifət düşərgəsini növbəti məğlubiyyətə sürükləməklə yanaşı, həm də müxalifət cinahını əbədi qarışıqlığa da mübtəla etmiş oldu.

Sonradan, 2003-cü ildə İsa Qəmbərə eyni qaydada bu dəfə AXCP sədri postunu tutan Əli Kərimli tərəfindən cavab verildi və məhz tanıyıb-tanımama dönəmində AMİP lideri Etibar Məmmədovdan sədaqət görməsi səbəbindən Əli Kərimli İsa Qəmbərə yox, Etibar Məmmədova dəstək verdi.

2008-ci il seçkilərini zəif düşmələri səbəbindən boykot etməkdən başqa bir yol görməyən müxaliflər 2013-cü ilin prezident seçkilərinə heç də eloktoratlarının gözlədiyi atmosferdə qədəm basa bilmədilər. Təbliğatçıları AXCP ilə Müsavatın hətta vahid bir təşkilatda birliyini anons etdiyi bir ərəfədə onların vahid namizədi belə ortaya çıxara bilməmələri əslində ümummüxalifət maraqlarına vurulan ən böyük zərbələrdən biri kimi qəbul edilməlidir.

Bəli, artıq müxalifət olmayan, ovlamadığı ovunu bölə bilmədiyindən seçkilərə parçalanmış şəkildə getmə qərarını verib. Bu isə növbəti məğlubiyyətin anonsu deməkdir.

DİA.AZ - Analitik Qrupu

Geri qayıt