Əsas Səhifə > Siyasət, Manşet > ERMƏNİLƏRİN ƏKRƏM ƏYLİSLİ SEVGİSİ TÜKƏNMƏZDİR

ERMƏNİLƏRİN ƏKRƏM ƏYLİSLİ SEVGİSİ TÜKƏNMƏZDİR


15-02-2013, 10:30
ERMƏNİLƏRİN ƏKRƏM ƏYLİSLİ SEVGİSİ TÜKƏNMƏZDİR
ERMƏNİ EKSPERT ƏKRƏM ƏYLİSLİ OLAYININ «KÖKLƏRİNİ» ARAŞDIRIR

DİA.AZ: - Əkrəm Əylislinin Azərbaycan türkünə və onun tarixi keçmişinə həqarətlə yanaşmasının bədəli olaraq ölkə rəhbərliyi və ictimaiyyət nümayəndələri tərəfindən böyük təpginin verilməsi düşmən Ermənistanda da diqqətlə izlənilməkdədir. Artıq düşmən cinahdan Əkrəm Əylisliyə yetərincə dəstək verilib. Həm ona mükafatlar vəd olunub, həm İrəvanda yaşaya bilməsi üçün hər cür şəraitin yaradılacağı söylənilib, yazdıqlarının filmə alınacağı bildirilib və s. və i. Bir sözlə, Azərbaycan türkünü aşağılaması fonunda «zorlanan erməni qızının naləsi»ndən yazması Əkrəm Əylislini Ermənistanın gözündə bir qəhrəmana, terminatora çevirib.

Bunun nəticəsidir ki, artıq erməni ekspertlər - hansılar ki, davamlı olaraq Azərbaycan əleyhinə bəyanatlar səsləndirir, rəylər açıqlayırlar - həmin ekspertlər hətta daha da irəli gedərək Əkrəm Əylislini müdafiə etməklə yanaşı, ona qarşı baş verən xalq kampaniyasının «arxasında dayanan gizli məqamları» da araşdırmaqdadırlar.

DİA.AZ- bildirir ki, analitika.at.ua portalına verdiyi müsahibəsində məşhur erməni təxribatçısı, Cənubi Qafqaz üzərə geopolitika eksperti olduğu iddia olunan və hər zaman özünün erməni millətçisi mövqeyi ilə diqqətə gələn Anjela Əlibəyova Əkrəm Əylisli məsələsinə bir fərqli yanaşıb.

Onun məntiqinə görə, guya Azərbaycanda «erməni mövzusu» ilə hər zaman cəmiyyət basqı altında saxlanılıb və Əkrəm Əylisliyə qarşı ajiotaj da guya ki, bununla bağlıdır. Yəni cəmiyyət basqı altında tutulsun. Anjela Əlibəyova bildirir ki, bu yolla rəsmi Bakı İsmayıllıda baş verən, Gülər Əhmədova ilə bağlı olayları unutdurmağa çalışır…

Təbii ki,burada da Əkrəm Əylislinin erməni dostlarının başdan-başa absurdu ortaya qoymaları faktdır. Birincisi ona görə ki, nə «Gülərgeyt» hadisəsi, nə də İsmayıllıda baş verənlər Əkrəm Əylislinin yazdığı biabırçılıqların ört-basdır edilməsinə nədən ola bilməz və yaxud da bu nədənlə Əkrəm Əylisli məsələsi şişirdilə bilməz. Ola bilsin ki, hansısa maraqlı qüvvələr məsələnin həddən-ziyadə qabardılmasına səy göstərirlər. Amma bunun özü belə Əkrəm Əylislinin yazdıqlarının Azərbaycan xalqı tərəfindən alqışlana biləcəyinə zəmin yaratmır. Yəni Anjela Əlibəyova öz adamını müdafiə edərkən özünün dayaz geopolitik bilgilərindən daha çox erməni kimliyinə söykəndiyini heç də gizlədə bilməyib. Bu isə o deməkdir ki, hətta ermənilər belə Əkrəm Əylislini müdafiədə acizdirlər…

Geri qayıt